əvvəli
Şahmar həyətdə Dilqəmi axtarırdı. Binanın başına çatanda qonşu oğlanla səslərini eşidib ayaq saxladı.
- Axşam televizora baxırdın?.. - Qonşu oğlan Dilqəmdən soruşdu.
- Baxmırdım. - Dilqəm dedi. - Multfilm göstərirdilər?..
- Yox, ə. Amerika İraqın prezidentini asırdı. Səddamı...
- Nətəər?.. - Dilqəm başa düşmədi.
- Əvvəl başına torba keçirdilər, boğazına kəndir saldılar, - oğlan danışa-danışa əliynən göstərdi, - sonra ayağının altındakın çəkdilər, hopp, kəndirdən sallaşa qaldı, boğulub öldü.
- Öldü?.. - Dilqəm gözünü döydü.
- Bilmirsən adam nətəər ölür?..
- Yox... - Dilqəm utandı.
- Ə, burda nə var?.. - Oğlan güldü. - O günü də televizorda bir qız bir ovuc dərmanı içib ölmüşdü. Bir oğlan da özünü ağacdan asmışdı...
- Bəs qorxmurlar?..
- Nədən qorxacaqlar? - Oğlan lovğalandı. - Axşam Səddamı yenə göstərəcəklər, bax.
- Sən özünü asarsan?.. - Dilqəm birdən soruşdu.
- Hə, - oğlan düşünmədən dedi.
- Doğrudan? Ölərsən axı...
- Noolsun? Dilini belə çıxardır, gözlərini yumub yıxılırsan, ya da kəndirdən asıla qalırsan...
- Sonra dirilirsən?..
- İstəsən, dirilirsən... - Oğlan inamsız dedi. - Göstərim necə asırlar?..
- Göstər... - Dilqəm oğlana şübhə ilə baxdı.
- Evinizdə yoğun kəndir var?
- Yox...
- Onda get atayın toqqasını gətir. - Oğlan bir az fikirləşib dedi.
Şahmar eşitdiklərindən dəhşətə gəldi. Dilqəmi saxladı. Qonşu oğlanı da çağırdı. Bu işin nə qədər təhlükəli olduğunu onlara başa salmağa çalışdı. Oğlan getdi. Şahmar məsələni açıb anasına danışdı. Qonşu oğlanı Dilqəmə yaxın buraxmamağı tapşırdı. Axşam gördü ki, Dilqəm altdan-altdan oğrunca televizora baxır. Xəbərlər başlayanda hər ehtimala qarşı kanalı dəyişdi. Neçə gündü Səddamın asılması səhnəsini xəbərlərdə təkrar-təkrar göstərirdilər...
Bir həftə keçmişdi. Qonşu oğlanın həyətlərindəki əncir ağacından özünü asdığını eşitdi...
* * *
Son vaxtlar Dilqəm mehrini Könülə salmışdı. Qız da onu çox istəyirdi. Uşağı bəzən gecə yatanda da qızdan zorla ayırırdılar. Dilarənin yoxluğu qızın əl-qolunu lap açmışdı.
- Dilqəm, gedim sənə Dilarəni gətirim? - Könül Şahmara eşitdirdi.
- İstəmirəm, mən Dilarəni istəmirəm!.. - Dilqəm dad döydü.
- Niyə istəmirsən? Gəlib sənnən oynayar, kitab oxuyar, səni yatızdırar...
- İstəmirəm də, bala, istəmirəm!..
- Sən istəmirsən, amma bax, atan istəyir. - Könül altdan-altdan gah Şahmara, gah da Zəhra xalaya baxdı. Gözünü kitaba diksə də Şahmarın qulağı ondaydı.
- Atam da istəmir. - Qolundan tutub silkələdi. - Eləmi, ata?..
- Zəhləmi tökmə... - Şahmar acıqlandı.
- Bilirik də, Dilarədən ötrü ölürsən, - Könül gülməli şəkildə ağzını burdu. - Uşağa acıqlanmaqdansa bir dəfə yalandan denən ki, Dilarəni sən də istəmirsən. Noolacaq, xançalıyın ... Ay xala, o nətəərdi?.. - Zəhra xaladan soruşdu, tez-tez işlədirdi.
- Xançalıyın qaşı düşəcək?.. - Zəhra xala xımır-xımır güldü.
- Hə də... - Qız təkrarladı.
- İstəmirəm, soora?.. - Şahmarın dodağı qaçdı.
Dimdiyinin dibini kəsdirən Dilqəm atılıb-düşərək Könülün boynuna sarıldı.
- Gördün, atam da istəmir!..
- Yaxşı, bəs sən kimi istəyirsən, Dilqəm?.. - Qız məsələni çox ustalıqla fırlatdı.
- Səni, səni!.. - Dilqəm Könülü daha bərk qucaqladı.
- İstəyirsən anan mən olum?..
- Hə, hə!..
- Amma atan istəmir, məni bəyənmir axı...
Şahmar qızın cəsarətinə heyran qaldı.
- İstəyir, istəyir, bala. - Dilqəm dedi.
- Hanı? Özünün dili yoxdu? İstəyirsə, qoy desin də.
Dilqəm Şahmarın böyrünü kəsdirib zığıldadı.
- İstəməyinə istəyir ey, bala, - Zəhra xala araya girdi. - Amma deməyə utanır...
Daldada oğluna yalvarırdı ki, Könülün ürəyini qırmasın.
- Vallah, bu da bir möcüzədi!.. - Zəhra xala deyirdi. - Dünyanı əliçıraqlı axtarasan, belə qız tapmazsan, Şahmar. Dərdindən dəli-divanədi. Arvadlığımla mən bu işə mat qalmışam. Gəl daşı ətəyindən tök, tərsliyi burax. Bir dəfə səhv etdin, bəsdi.
- Ana, bəlkə o, hələ xeyrini-şərini qanmır?..
- Halal süd əmmişdi, gözümün qabağında böyüyüb. Sən onu incitmə, ürəyini qırma, fırfıra kimi başına dolanmasa, atamın qızı deyiləm!..
Könülə ürəyi qızan, onu görəndə qəribə hisslər keçirən Şahmar axır anasını qandırdı ki, o, deyənə razıdı...
Bu arada sürücülük kursunu bitirib xarici şirkətdə işə düzəldi. Bazardan aralandı...
* * *
Müəmmalı şəkildə quldurların əlinə keçən Dilarə Saranın hayındaydı. Fikirləşirdi ki, kaş barı o, qaçıb canını qurtaraydı. İnanırdı ki, azadlıqda olsa polisi ayağa qaldıracaq, pul-para ilə Dilarəni xilas edəcək. Çamura batmağa, rəzil olmağa qoymayacaq...
Dilarə cavan, enerjili, gözəgəlimdi. İlhama qovuşandan sonra ətə-qana dolmuş, qəşəngləşmişdi. Sahibəsi onun hesabına yaxşı pullar qazanmaq ümidindəydi. Lakin Dilarə ipə-sapa yatmır, taleyinə boyun əymirdi. Ağlayıb-sıtqayır, yalvarıb-yaxarırdı ki, onu azadlığa buraxsın. Rəfiqəsi pulunu artıqlaması ilə ödəyəcək... Sahibəsi istehza ilə gülüb başını bulayırdı. Dilarə elə bilirdi ki, sahibəsi ona inanmır. Onu inandırmaq üçün bir həftə möhlət istədi. Dedi ki, bir həftəni qulluqçu kimi çalışmağa, paltar yumağa, biş-düş, sil-süpürlə məşğul olmağa, qeyri ağır, çirkli işləri yerinə yetirməyə hazırdı. Bircə ona dəyib-toxunmasın. Bu müddət ərzində Saranın onu axtarıb tapacağını güman edirdi...
Bu cür yalvar-yaxarı, göz yaşlarını sahibəsi çox görmüş, onun kimilərinin nazı ilə oynamağı çoxdan yadırğamışdı. Öz gəliri-çıxarı, haqq-hesabı vardı. Dilarəyə maya buraxmışdı. Xərclədiyini artıqlaması ilə qaytarmalıydı. Bir həftə möhlət vermişdisə, bunu ona rəhmi gəldiyinə, yaxud şirnikləndirici təklifinə görə etməmişdi. Qızı dilindən tutmaq, könüllü şəkildə müştərilərinin yatağına salmaq istəyirdi. Burdakıların əksəriyyəti öz xoşu ilə bu yola qurşananlar, yaxud taleyi ilə tez barışanlardı. Dilarə kimi ipə-sapa yatmayanın günü daha ağır keçirdi...
Həftə başa çatan kimi sahibə öz şərtini irəli sürdü. Dedi ki, əgər ağıllı olsa, tələblərini könüllü yerinə yetirsə, onu burdan tez buraxacaq. Gündəlik neçə müştəri qəbul etməli, onları əyləndirməli, qazanc gətirməliydi. Dilarə yola gəlməyəndə sahibəsi onu döydürməyə, ac-susuz saxlamağa başladı. Tək bu olsaydı, dərd yarıydı. Qulluqçular birləşib onun başına oyun açır, vəhşicəsinə zorlayırdılar. Bu iyrənc işgəncəyə hər qadın dözmürdü. Dilarə də dözmədi...
Fahişəxanadakı qadınlar gec-tez içkiyə qurşanır, narkotik maddələrə meyil salır, iynələdirdilər. Onlara dərd-sərlərini, ağrı-acılarını müvəqqəti unutduran bir vasitə kimi baxırdılar...
Təsadüfən nəzarətdən yayınıb fahişəxanadan qaçanların aqibəti acınacaqlı qurtarırdı. Üstündə sənədi olmayan qadınlar yaxşı halda polis tərəfindən yaxalanır, həbsxana küncündə çürüyürdülər. Ya da başqa qadınbazların əlinə keçirdilər. Keflərini sürdükləri qadınlardan canlarını cəncəlsiz qurtarmağa çalışan bu adamlar onları öldürüb cəsədlərini gecəynən səhraya atırdılar...
Dilarə bir dəfə pəncərədən, dəmir barmaqlıqlar arasından baxarkən küçədə gedən qadını rəfiqəsi Saraya oxşatdı. Həyəcandan az qala nəfəsi tutulacaqdı. Birdən-birə qəlbində ümid qığılcımları parladı. Elə bildi Sara onun izinə düşüb, dalınca gəlib. Vəhşi bir bağırtı ilə:
- Sara! Sara!.. - deyə onu çağırmağa başladı. Göz yaşları yanaqları aşağı sel kimi axırdı.
Saraya oxşatdığı qadın onun tükürpədici bağırtısını eşitdi-nəydisə bir an ayaq saxladı. Karıxmış halda, qorxa-qorxa ətrafa boylandı, Dilarəni görəndə özünü itirdi, üzünü çevirib az qala qaça-qaça ordan uzaqlaşdı. Dilarə səhv etdiyini düşündü...
Dilarə fahişəxanaya təzə düşmüş bakılı gəlinlə söhbət zamanı öyrəndi ki, onu bura Sara adlı qadın gətirib. Deyib, burda yaxşı maaşla dayəlik edəcək, uşaq saxlayacaq. Aldadıldığını görən gəlin hələ də şokdaydı. Gəlinin təsvir etdiyi Sara ilə rəfiqəsi Saranın, barmaqlıqlar arasından küçədə gördüyü qadının bütün əlamətləri eyniydi...
Son zamanlar türkcə danışan Həsən adlı bir ərəb Dilarənin daimi müştərisinə çevrilmişdi. Dediyinə görə, cavanlığında Türkiyədə yaşamış, orda bir türk qızı ilə evlənmişdi. Narkotikaya qurşandığına görə həbsxanaya düşmüşdü. Ordan çıxanda arvadı onu qəbul etməmişdi. Həsən öz vətəninə qayıtmışdı. Sonralar öyrənmişdi ki, türk qızından olan oğlu İstanbulda adlı-sanlı vəkildi. Əlaqə yaratmış, atasına rəhmi gələn oğlu ona aylıq kəsmişdi. Həsənin doğmaları qalmamışdı. Ata evində tək yaşayır, işləmirdi. Əyyaşlıqla məşğuldu. İki-üç gündən bir, bəzən hər gün Dilarənin yanına gəlirdi. Deyirdi, razı olsa, sahibəsindən onu pulla alar, evlənərlər... Dilarə onun qızı yerindəydi. Türkiyədəki oğlundan da kiçikdi. O qədər narkotik qəbul etmişdi ki, düşkün bir vəziyyətdəydi. Çox vaxt istəsə də yataqda öz kişilik borcunu yerinə yetirə bilmir, Dilarə ilə məzələnməklə kifayətlənirdi... Dilarənin Həsəndən zəhləsi gedirdi. Amma onu qəbul etməyə, hər tələbini yerinə yetirməyə məcburdu... Birdən-birə ona ümid yeri kimi baxan Dilarə çox fikirləşəndən sonra Həsənin təklifinə razı oldu. Əsas bu cəhənnəm girdabından qurtarmaqdı...
Dilarə təsadüfən Həsənlə sahibənin sövdələşməsinin şahidi oldu. Sahibə onu baha satmaq, Həsən də ucuz almaq istəyir, hər ikisi qiymət üstündə çənə döyürdü.
- Yox, sahibə, çox yuxarıdan gedirsən, - Həsən deyirdi. - İnsafın olsun. Mən axı onu necə əldə etdiyinizi yaxşı bilirəm...
- Nəyi bilirsən, ə?..
- Küçədə necə oğurlatdığınızı, müftəcə sahibləndiyinizi...
- Bunu sənə kim dedi?.. - Sahibə hirsləndi.
- Özü. Məgər belə deyil?
- Əlbəttə, belə deyil. Onu mənə rəfiqəsi satıb...
Həsən çox çənə-boğazdan sonra haqqını ödəyib Dilarəni aldı. Vətəndaşlıq sənədi düzəltdi. Molladan kəbin kəsdirib onu özünə arvad etdi... Dilarə indi qaçmaq haqqında yollar axtarmağa başladı. Birdən-birə Həsənin aylıq pulu gecikdi. O, narkotikaya pul tapmayanda Dilarəni tanışlarına təklif edərək gündəlik xərclərini çıxartmaq fikrinə düşdü. Dilarənin bu əyyaşlara, narkomanlara gücü çatmırdı... Həsənin iynələnərək uymasını gözlədi. Pasportunu, əlaltından yığdığı pullarını götürüb evdən qaçdı. Artıq ərəb dilində babat danışırdı. Özünü təyyarə vağzalına çatdırıb əvvəl Türkiyəyə, ordan da Bakıya uçdu...
* * *
Dilarə arıqlamış, saralıb-solmuşdu. Danışığı da tamam dəyişmişdi. Qabaq dişlərindən ikisi düşdüyünə görə danışanda fışıldayırdı. Qürbətdə vətəni üçün darıxan, anasına, qardaşına qovuşmaq həsrətiynən çırpınan Dilarə Bakıda təyyarədən düşəndə tərəddüd içindəydi. Əzizlərinin gözünə görünməyə üzü gəlmirdi. Soruşanda ki, hardaydın, hansı işlə məşğuldun, nə cavab verəcəkdi? Qonşu-qonuma nə deyəcəkdilər? Onu barmaqla göstərəcək, haqqında pıçıltı ilə danışacaqdılar. Nə qədər doğma olur-olsun, belə bir adamla bir damın altında yaşamaq rəzalətdi. Anası birtəhər dözsə də qardaşı dözməzdi. Nə yuvanın quşu olduğunu bilən kimi iti qovan kimi qovacaqdı. Baş qaxıncı bacı nəyinə gərəkdi?..
Hələlik doğmaların, tanış-bilişlərin gözünə görünməməyi qərara aldı. Adamların üzünə dik baxmağa utanır, xəcalət çəkirdi. Dilarəyə elə gəlirdi ki, gözünün içinə baxan kimi adamlar onu tanıyacaq, bir-birinə barmaqla göstərib deyəcəkdilər: "Bu, fahişədi! Bizim aramızda yaşamağa haqqı yoxdu!.."
Dilarə kafelərdən birində süpürgəçi-qabyuyan işinə düzəldi. Gecələr də orda yatırdı. Tanış-bilişə oxşatdığı adamlarla qarşılaşanda üzünü gizlədirdi... Bir gecə yuxuda evlərini, anasını, qardaşını gördü. Anası ölüm yatağında onu yanına çağırırdı... Dilarə səhərisi özünü dilənçi kökünə salıb qəsəbələrinə yollandı. Evlərinə yaxınlaşanda ürəyi yarpaq kimi əsirdi. Bir də baxdı ki, düz qapılarının ağzında dayanıb. Son anda əlini uzadıb taxta qapını açmağa cəsarəti çatmadı. Azca qala hönkürüb ağlayacaqdı...
Həyətlərinin üç tərəfi daş hasar idi. Qonşular tərəfindən çəkilmişdi. Yol tərəf qaratikan kolundan çəpərdi. Rayon kəndlərindəki kimi. Baxımsızlıqdan çəpər çürüyüb tökülməkdəydi. Yaxşı ki, vaxtıynan atası çəpərdibi böyürtkən kolları əkmişdi. Çəpəri örtmüş, əvəz etmişdi... Dilarə çəpərdibi addımlaya-addımlaya həyət-bacaya boylandı. Birdən artırmada anasını gördü. Skamyada oturub mürgüləyirdi. Arabir diksinərək ayılır, əliynən üz-gözünü dişləyən sırtıq milçəkləri qovur, təzədən yuxulayırdı.
Birdən arvad başını qaldırıb düz ona tərəf baxdı. Dilarə tez aşağı əyilib daldalandı. Elə bildi anası onu gördü. Xeyli gözlədi. O tərəfdən səs-səmir eşidilməyəndə əyilə-əyilə qapıya yaxınlaşdı. İstədi anasını çağırsın. Çağırdı da. Amma səsi eşidilmədi. İçində boğuldu... Handan-hana özünü cəmləyib taxta qapını itələdi. Zəhlətökən, doğma cırıltısına anası diksinib ayıldı. Laqeyd, heç nə ifadə etməyən baxışlarla Dilarəni süzdü. Bu baxışlar altında ayaqları ayaqlarına dolaşa-dolaşa anasının üstünə yeridi. Çatmağa az qalmış yan tərəfdə hənirti eşitdi. Qarnı burnunda boylu bir gəlin təəccüblə ona baxırdı... Dilarə sanki yuxudaydı, birdən ayıldı. Özünü yığışdırdı. Əgər hənirti olmasaydı, anasının üstünə atılacaq, qucaqlayıb bağrına basacaq, üz-gözündən öpə-öpə hönkürüb ağlayacaqdı.
- Nə lazımdı, ay xala?.. - Gəlin onu başdan-ayağa süzərək soruşdu.
Dilarə yazıq bir görkəm alıb titrək səslə adət etmədiyi sözləri dedi:
- Ay gəlin, Allah yolunda bir nəzir ver.
- Dayan orda, indi gətirirəm. - Gəlin bunu deyib otağa keçdi.
- Kimsən, bala?.. - Bayaqdan sulanıb-bulanmış gözlərini ondan çəkməyən anası soruşdu.
Dilarə təzədən daxili müvazinətini itirdi. Qəhər boğazını yandırdı. Artıq neçənci dəfə irəli şığıyıb anasını bağrına basmaqdan özünü zorla saxladı.
- Allah bəndəsi, dilənçi, - güclə dedi.
Dilarəyə görə, necə dəyişir-dəyişsin, anası onu görəndə tanımalıydı. Bura o ümidlə gəlmişdi. Əgər anası Dilarəni tanısaydı, ayaqlarına döşənib yalvaracaqdı ki, onu it, pişik qismindən sayıb yanlarında saxlasınlar. Deyəcəkdi, sizsiz işıqlı dünya gözümdə qaranlıq, zülmət bir boşluqdu! Anası onu tanımasaydı, dilənçi kimi gəlmişdi, dilənçi kimi də geri qayıdacaqdı. Onların verdiyi nəzir-niyazı da götürməyəcəkdi...
- Otur bir hovur dincini al, ay bala... - Anası skamyada, böyründə ona yer göstərdi. Dilarənin ümidi bir az da çiçəkləndi. - Gözüm yaxşı seçmir, deyəsən, cavan adamsan?..
Arvadın gözlərinə mirvarı suyu gəlmişdi. Həkim demişdi, payızda, havalar sınanda əməliyyat edəcək. Dilarənin bundan xəbəri yoxdu... Gəlin əlində gətirdiyi bir manatı Dilarənin ovcuna basdı. Boylu-buxunlu, yaraşıqlıydı. Anası gəlininə dedi:
- Bir boşqab da yemək, çay gətir, a bala. - Gəlini dinməzcə qayıtdı. - Hara dilənçisisən, qızım? - Arvad üzünü Dilarəyə çevirdi.
- Qarabağ qaçqınlarındanam. - Dilarə bir zaman səhərlər onun piştaxtasının qabağını kəsdirən dilənçi qızı xatırladı.
- Qalmağa yerin-yurdun varmı?..
- Hə... Bərdədə, çadır şəhərciyində qalıram... - Barı çadır şəhərciyi görəydi.
- Oğuldan-qızdan, ata-anadan nəyin var?..
- Heç kimim. Təkəm. - Bunu deyəndə Dilarənin özünə yaman yazığı gəldi. Elə bil tamam yad, özgə bir adam haqqında danışırdı.
- Bəs niyə?..
- Qaçhaqaçda ermənilər hamısını qırdılar...
- Ay yazıq!.. - Arvad bərk heyifsiləndi.
- Sənin nəyin var, ay ana?.. - Dilarə soruşdu.
- Bir oğlum var. Gördüyün də gəlinimdi. - Anası köksünü ötürdü. - Bir qızım da vardı. İtgin düşdü. Bir suyu sənə oxşayırdı...
Dilarənin ürəyi az qaldı sapından qopsun.
- Harda itgin düşüb?..
- Rəfiqəsi qaragəlmiş Dubaydı-nədi, o xarabaya qazanca aparmışdı. Tək qayıtdı ki, qızı küçədə quldurlar oğurladılar. Öldü-qaldısından bir xəbər yoxdu.
- Bəlkə rəfiqəsi yalan deyir? Şətəl özündən keçib?..
- Nə bilim, ay bala... - Anası bircə anda ciyiltiyə bənzər bir səslə ağlayıb qan-yaş tökdü.
- Allah yolunu açsın!.. - Dilarə qalxdı. - Mən gedim...
- Hara gedirsən, gəlin yemək gətirir. - Arvad əl-ayağa düşdü.
- Gələn dəfə yeyərəm, indi ac deyiləm...
Gəlinin ovcuna basdığı manatlığı skamyanın üstünə qoyub dinməzcə həyətdən çıxdı. Səssiz-səmirsiz ağlayır, göz yaşları yanaqları aşağı süzələnirdi...
* * *
İlham yataqda Dilarəni xatırladı.
- Sara, keçən dəfə dedin ki, Dilarənin izinə düşmüsən, nə oldu?..
- Fahişəxananın sahibi Dilarə adlı bir azərbaycanlı qadından danışdı, sevindim. Yalvardım ki, məni onunla görüşdürsün. Söz verdi ki, yaxından maraqlanacaq, mənə bir xəbər çatdıracaq. Bilirsən, onu da qınamıram. Yazılmamış qayda-qanunları var, ondan kənara çıxmağa qorxurlar.
- Gərək pul boyun olaydın.
- Elə bilirsən boyun olmadım? Dedim, səni artıqlamasıynan razı salacağam. Hətta, Dilarənin əvəzinə ona əlavə iki qız da bağışlayacağımı söylədim. - Sara insan alverinə də girişmişdi.
- Sənə inanım, Sara?..
- Niyə inanmırsan? İtən yer deyil ki! Haqqımı səndən üçqat alacağam.
- Ağlın işləyir! - İlham bir balaca rahatlandı. - Xəsislik eləmə. Bütün kanalları işə sal. Nəyin bahasına olur-olsun Dilarəni tapmalıyıq.
- Mən səndən bərk narahatam. - Sara dedi.
- Unutma ki, onu sən oğurlatmısan...
- Yaxşı başlamışdın, burda yenə korladın... - Sara özünü inciyən kimi göstərdi.
Sara səksəkə içindəydi. Axırıncı dəfə Dubayda olanda bir yaşlı ərəbin Dilarəni satın aldığını, sənəd düzəldərək onunla evləndiyini öyrənmişdi. Sonra Dilarənin ordan qaçdığını, yoxa çıxdığını eşitmişdi. Bu, pis, hətta qorxulu xəbərdi. Qız bir gün Bakıda peyda ola biərdi. Necəsə onu qabaqlamaq lazımdı...
* * *
Dilarə talkuçkanı fırlanıb Saranın mağazasını tapdı. İlham da yanındaydı. Axırıncı dəfə gələn malların zəif satıldığından gileylənir, türkiyəli partnyorlarından şübhələnirdilər. Şərtləşmişdilər ki, həmin malı Azərbaycanda yalnız onlar satacaqlar. Lakin birdən-birə o maldan başqa birində də görünmüşdü. İlham Türkiyəyə zəng vurub məsələni aydınlaşdırmağa çalışmışdı. İstanbullu fabrik sahibi yanlışlığa görə üzr istəmiş, növbəti dəfədə dəymiş ziyanın əvəzini ödəyəcəyinə söz vermişdi...
Mağazada İlhamdan başqa Saranın neçə satıcısı vardı. Üstəlik, girib-çıxan müştərilər də çox idi. Dilarənin bura gəlməkdə məqsədi tək tutsa Saranı öldürməkdi. Sumkasında iri bir bıçaq gəzdirirdi. Amma belə bir şəraitdə məqsədini həyata keçirmək mümkün deyildi. Hökmən ona mane olacaqdılar.
- Nədi, ay xala, sən nə istəyirsən? - Satıcılardan biri Dilarənin ora-bura baxaraq vurnuxduğunu görüb yaxınlaşdı.
- Allah yolunda bir nəzir verin!.. - Dilarə əl açıb içəridəkilərdən nəzir dilədi.
Satıcı cibini eşələyib xırda pul çıxartdı. Müştərilərdən də bir neçəsi əlini cibinə saldı. Dilarə Saragilə tərəf yeriyəndə o biri satıcı qarşısını kəsdi.
- Az, özünü hara soxursan?..
- Allah yolunda siz də bir nəzir verin... - Dilarə Saraya üz tutdu.
- Az, yığdıqların bəsdi, bas bayıra!.. - Satıcı onu geri itələdi.
- Mən səndən istəmirəm, o xanımdan istəyirəm... - Dilarə üzünə dirəndi.
- Nə həyasız dilənçisən... - Satıcı Dilarənin qolundan yapışıb qapıya doğru dartdı.
- Ə, ala, bunu ver ona, yazıqdı. - İlham arxadan satıcını çağırdı.
Bu zaman Sara da geri çöndü. Dilarənin baxışları ilə rastlaşanda diksindi. Pul üçün sumkasına uzanan əli havada qaldı. Uzun-uzadı Dilarənin arxasınca boylandı...
Bu andan Saranın narahatlığı birə-beş artdı. Dilarənin qəzəb, nifrət dolu baxışları gözünün qabağından çəkilmirdi. Gecə yatağında da o baxışlar Saraya dinclik vermədi. Bir neçə dəfə səksənərək yuxudan yarımçıq ayıldı, zorla yatdı. Səhərisi işdə bütün günü gözü qapıda qaldı. Yaxşı bilirdi ki, Dilarənin gəlişi təsadüfi gəliş deyil. Yəqin onunla haqq-hesab çəkmək fikrindəydi. Demək, bir də gələcəkdi!.. Sara öz hərəkətindən peşmandı. Adətiydi, bir pisliyi edir, peşman olur, unudur, təzədən növbəti pisliyə keçirdi. Bir növ, əqrəb xislətliydi... Dilarəni günahsız olduğuna necə inandırmaq haqqında fikirləşirdi. Hesabla, işini ehtiyatlı tutmuşdu. Dilarə Saradan sadəcə, onu itirib-axtarmadığına görə inciyib küsə bilərdi. Bunu yoluna qoymaq lazımdı. Qaraçılıq eləsə, ipə-sapa yatmasa, pul-parayla ağzını yumacaqdı. Yəqin indi pula ehtiyacı çoxdu. Yerini-yurdunu bilsəydi, axtarıb tapar, qabaqlayardı...
Birdən Dilarənin anasıgil yadına düşdü. Axı başqa harda olasıydı? Orda qalmasa da yəqin gəlişindən xəbərdardılar. Maşını işdən birbaş qəsəbəyə sürdü. Dilarənin anası uzun-uzadı izahatdan sonra Saranı güclə tanıdı.
- Sən hara, bura hara, ay bala, - dedi, - xeyirdimi?..
- Gecə yuxumda Dilarəni görmüşəm, - Sara dedi. - Fikirləşdim, yəqin gəlib çıxıb. Dedim, bir baş çəkim, maraqlanım, birdən olar də...
- Kaş yuxun çin olaydı, ay bala.
- İnşallah olar, darıxmayın.
- Ona qalsa elə mən də tez-tez balamı vəyəğamda görürəm. - Arvad dedi. - Lap əvvəlki kimicə. Mənnən elə danışıb-gülür, elə bil sağdı. Ayılıram ki, Dilarə nəəzir, hamısı yuxudu...
- Dünən mağazamıza bir dilənçi gəlib çıxmışdı. - Sara hər ehtimala qarşı bunu da açıb söylədi. - Dilarəyə yaman oxşayırdı. Elə bil kopyaydı.
- Soruşmadın kimsən, haralısan?..
- Yox, başım qarışıqdı. Bazar doludu dilənçiynən, hamısıynan maraqlanmağa vaxt hanı?..
- Bura da biri gəlmişdi. - Arvad dedi. - Mən də onu balama oxşatdım. Amma özü dedi, guya qaçqındı...
Sara dilənçinin nam-nişanı, geyim-kecimi ilə maraqlandı. Hər şey düz gəlirdi. Demək, Dilarə evlərində olmuşdu. Görəsən bəs niyə özünü nişan verməmişdi?.. Sara qəsəbəyə gələndə rahatlıq tapacağını düşünürdü, narahatlığı daha da artdı...
* * *
Gözlükdən baxan Sara qapının arxasında Dilarəni görüb yerində dondu. Əlimyandıda axtardığı, yolunu başqa yerdə gözlədiyi keçmiş rəfiqəsi öz ayağıyla evinə təşrif buyurmuşdu. Qapını açdı. Dilarə talkuçkada gördüyü dilənçi paltarındaydı.
- Keç, keç içəri... - Sara qorxa-qorxa onu evə dəvət etdi.
- Demək, tanımısan?.. - Dilarə yerindən tərpənmədən nifrətlə onun gözünün içinə baxırdı.
- Düzü, sonradan tanıdım. Bazarda dalınca çıxanda uzaqlaşmışdın. Gəl, gəl görüm...
Dilarə onu qucaqlamaq üçün qollarını geniş açan Saranı qəzəblə yolundan kənarlaşdırdı.
- Çəkil, alçaq, rəzil adam! Mənə toxunma!..
Sara kənara çəkilsə də dil boğaza qoymadı.
- Bacı canı, günahı məndə görürsənsə, yanılırsan. İstədim səni Dubaya aparım pullandırım, adam eləyim, alınmadı...
- Özün adam ol, qalsın başqalarını adam eləməyin! Elə bilirsən adamlıq pulla ölçülür? Sən fahişədən pissən!..
- Axı sənə nə pisliyim keçib ki, məni təhqir edirsən?..
- Mənə hansı pisliyin keçməyib? Sən yaşamamalısan! Yer üzərində gəzmək sənə haramdı!.
Dilarə sumkasındakı bıçağı çıxardıb Saranın üstünə atıldı. O, çığıraraq yataq otağına qaçdı. Qapını bassa da saxlaya bilmədi. Dilarənin ilk çaldığı bıçaq Saranın sol qolunu yaraladı. Qışqırıb qoluna baxmaq istəyəndə ikinci zərbə sağ çiynini tutdu... Çarpayının başına dolanmağa başladılar. Sara ayağındakı bir tay şəpiti çıxardıb Dilarəyə tərəf atdı. Yastığı irəli verdi. Bıçaq zərbəsindən tükü dağılanda gecə lampasıynan əlindəki bıçağı vurub saldı. Bir-birini saçladılar. Sonra döşəmədə süpürləşməyə başladılar. Təpiklə, yumruqla necə gəldi bir-birinin qarnına, sifətinə vurur, dişləyir, çimdikləyir, cırmaqlayır, saçlarını yolurdular. Paltarları cırıq-cırıq, üz-gözləri qan içindəydi. Çığırtı-bağırtıları otağı doldurmuşdu...
Təsadüfən Saranın dalınca gələn İlham qapını açıq görüb içəri girdi. Çığır-bağırı eşidəndə qorxdu. Elə bildi evə oğru-əyri soxulub. Saranın yerdə kiminləsə süpürləşməyi İlhamı lap çaşdırdı. İrəli cumub onları ayırmağa çalışdı.
- Dayanın, siz neynirsiniz?..
Sara Dilarənin ani olaraq boşaldığını görüb boğazından yapışdı, ikiəlli onu boğmağa başladı. Dilarə əl-qol atır, çapalayır, xırıldayırdı...
- Dayan, Sara, sən neynirsən!..
İlham Dilarəni Saranın əllərindən zorla qopartdı. Gözləri böyümüşdü. Öyüyüb qusurdu. İlham onu qaldırıb vanna otağına aparanda tanıdı.
- Dilarə, bu sənsən?..
Sara dəli kimi vanna otağına soxularaq əlindəki bıçağı arxadan Dilarənin kürəyinə sancdı.
- Sara!.. - deyib qışqıran İlham onun sifətinə güclü bir yumruq ilişdirdi. O, ölü kimi qapının ağzına sərildi.
İlham Dilarəni qucağına götürüb divana uzatdı.
- Ölmə, Dilarə, - dedi, - ölmə. Bu saat həkim çağıracağam.
- Lazım deyil... - Dilarə xırıldadı. - Mən onsuz da ölürəm... Amma bil ki, bizim ikimizi də bədbəxt eləyən, məni Dubayda fahişəxanaya satan Saradı...
- Yox, sən ölməməlisən!.. - İlham telefona qaçdı. Təcili yardıma zəng vurdu.
Yaddan çıxıb vanna otağının ağzında sərili qalan Sara birtəhər özünü düzəldib ayağa qalxdı. Üz-gözü qan içində, əlində bıçaq səntirləyə-səntirləyə İlhamın üstünə atıldı. İlham vaxtında geri çöndü. Bıçağı alıb atdı. İkiəlli Saranın boğazından yapışıb boğmağa başladı. Nəfəsi kəsilib bədəni tamam boşalanda onu kənara itələdi.
- Bu da sənin axırın, qancıq!.. - dedi.
Dilarəyə yaxınlaşdı. Göz qapaqları titrəsə də aralanmadı... Təcili yardım maşını gələndə Dilarə artıq keçinmişdi...
Şahmar Dilarənin faciəli ölümü haqqında televiziyadan xəbər tutub bərk kədərləndi...
* * *
Nəsə düzəltmək istəyən Dilqəm hirslənərək taxta-tuxtanı, çəkici, mişarı təpikləyir, hərəsini bir tərəfə fırıldadırdı. Atasını görəndə ağlamsınaraq üstünə qaçdı.
- Nədi, oğlum, nə olub?.. - Şahmar qıçlarını qucaqlayan Dilqəmin saçlarını qarışdırdı. - Bu nə gündirlikdi? Nə düzəldirsən belə?..
- Tələ... - Dilqəm şikayətləndi. - Amma alınmır...
- Tələ?.. - Şahmar təəccübləndi. - Tələ nəyinə gərəkdi, oğlum? Siçan-zad tutacaqsan?..
- Yoox, siçanı neynirəm?.. - Dilqəm ağız-burnunu əydi. - Mən sərçə tutmaq istəyirəm...
- Tələynən sərçə tutarlar, oğlum? Bu da təzə çıxdı?..
- Odey, Elşad (məhəllə uşağıydı) neçəsini düzəldib, hər gün nə qədər sərçə ovlayır. Şişə taxıb kabab eləyir...
- De birini də sənə versin də?.. - Şahmarın dalınca gələn Könül dilləndi. - Maşınını, topunu əkişdirə bilir...
- Deyir, müftə şey var? Atanın kitablarından cilişdir gətir, dəyişək... - Dilqəm dodağının altında mızıldandı.
- Kitab onun nəyinə lazımdı, ə? Oxuyan zibildi?.. - Şahmar əsəbiləşdi.
- Aydındı, nənəsinin semiçka, noxud bükməyə kağızı qurtarıb. - Könül dedi. - Düz tapmışam?..
- Hə... - Dilqəm başıynan təsdiqlədi. - Dedi, mənə semiçka da verəcək...
Elşadın nənəsi tumsatandı.
- Nəbadə belə bir iş tutasan, Dilqəm! - Şahmar üzünü bozartdı. - O kitabları təzədən bir də tapmaq çətin məsələdi.
- Di onda mənə tələ düzəlt də, ata. - Dilqəm pişik kimi atasının əl-ayağına sarmaşdı.
- Sənə maşın, araba, fırlanğac düzəldərəm, oğlum. Tələni də, tələquranı da görməyə gözüm yoxdu...
* * *
Şahmar səhərə yaxın qəribə bir yuxu gördü. İri, zooparkda heyvanların yaşadığı qəfəsə oxşayan nəhəng bir qəfəsdə, tələdəydi. Əsl möcüzəydi, Şahmar tələnin içində ola-ola tələni də, özünü də kənardan görə bilirdi. (Yuxunun kəramətindəndi, buracan qəfəsdə, tələdə yaşadığından xəbərsizdi.) Daxildən nəhəng görünən qəfəs-tələ uzaqdan çox xırdaydı. Siçan tələsi kimi. Şahmarın özü də bapbalacaydı, amma siçan deyildi... Lap qəribəsi tələnin ev-tələ, ev-tələnin şəhər-tələ, şəhər-tələnin ölkə-tələ, ölkə-tələnin də planet-tələnin... içində (tələ içində tələ) olmasıydı...
Özü tələdə ola-ola anası dedi:
- Ə, Şahmar, get bir siçan tələsi al gətir, ev-eşiyi siçan basıb.
- Mənə də sərçə tutmaq üçün tələ al, ata. - Dilqəm böyürdən əlavə etdi.
Şahmar ev-tələdən küçə-tələyə çıxdı. Hər yan adamla doluydu. Nə oyundusa hamının əlində, cibində, zənbilində, maşınında cürbəcür, rəngbərəng bəzəkli tələlər vardı. Bəzisində bir deyil, bir neçəsi birdəndi. Göz oxşayan, şirnikləndirici tələlərdi. Tələ sahibləri gülərüz, qılıqlı, tələlərinə güvəncliydilər... İlahi! Tələlər dünyanı bürümüşdü. Dükan, küçə və meydanlarda, hər tərəfdə hamı tələ alıb-satırdı. Tələlər vitrinlərdə canlı kuklalar, oyuncaqlar kimi (cinsləri də vardı, erkək, dişi) oynayır, atılıb-düşür, zümzümə edir, göz vurur, müştəri çağırırdı... Bir suyu bu tələlərə oxşayan sütül bir satıcı mağazada irişə-irişə Şahmarın dimdiyinin dibini kəsdirdi.
- Bizim mağaza-tələyə xoş gəlmisiniz, əmi! Nə buyuracaqsınız? Hər cür, nə iş üçün desəniz tələmiz var. Xarici, yerli istehsal...
- Hamısı da od qiymətinə, bahalı, hə?..
- Yox, əmi, Dubay, Kitay malları, bir də yerli istehsal ucuzdu...
- Elə niyə?.. - Şahmar maraqlandı.
- Geydirmədi, ona görə...
- Etibarlı, sınanmış tələlər kimlərindi?..
- Avropalıların, amerkanların, rusların... Bahadı, zato davamlı, etibarlıdı, dizaynı əladı...
- Rusunku üstündü, yoxsa Amerikanınkı?..
- Əmi, o baxır profilə, bir də adamına, işlədənə. Elə məsələ var, orda Amerikanınkı güclüdü, elə məsələ var, rusunku. Götürək Qarabağı. Gündə hərəsi bir tələ quraşdırır, amma hələ heç biri o birinə dov gələ bilmir...
- Bacıoğlu, mənim siyasətlə işim yoxdu, başımı birtəhər dolandırıram, bəsimdi...
- Əmi, çeşidimizə söz ola bilməz. Sizə lazım olanı deyin, tapıb verək.
- Alveriniz necədi? Müştəriniz çoxdu?.. - Soruşdu, tez də peşmanladı. Hənanın yeriydi?..
- Müştəri cəhətdən şikayətimiz yoxdu. Çünki bu məmləkətdə tələsiz ötüşmək qeyri-mümkündü. Babat dolanmaq istəyirsənsə babat da tələn olmalıdı. Həm də biri yox, bir neçəsi...
- Yaxşı, mənə bir siçan tələsi ver. Bayaqdan vitrinə baxıram, gözümə dəymir.
- Nəə?.. - Oğlan Şahmara dəvə nalbəndə baxan kimi baxdı.
- Siçan tələsi, lap sovetski olsun, ucuzundan. O tələlərdəki kəramətə bələdəm.
- Əmi, zarafat edirsiniz? Siz neçənci əsrdən, hansı planetdən gəlmisiz? Hamı bu saat pul, qazanc tələsi axtarır. O cür tələləri, cələləri indi alan kimdi? Nəyinizə lazımdı siçan tələsi?..
- Oğlum üçün. - Şahmar fikirləşdi ki, oğlunun adından istifadə etmək daha münasibdi.
- Oğlunuz da sizin tayınız olacaq. - Satıcı dedi. - İndidən görünür.
- Onun dərdi-odu sənə qalmayıb, bala. - Şahmar üzünü bozartdı. - Başınız qarışıb bir-birinizə tələ-cələ qurmağa, qaz vurub qazan doldurmağa, düz-dünyanı siçan-siçovul, sürünənlər bürüyüb. Qorxmursunuz bu tutuşla gəmiricilər dünyanı gəmirib axırına çıxa?..
- Narahat olma, əmican. Onlar deilikates yeməklər siyahısındadı.
- Görəcəkli günlərimiz irəlidədi ki! - Şahmar tələlərdən neçəsini nə qədər o tərəf-bu tərəfinə çevirdisə qapısını, açar-qıfılını tapa bilmədi. - Bala, bu tələlərin qapısı-filanı hanı?..
- Əmi, siz lap Nuh əyyamından qalmasız! Bunlar elektron tələlərdi. Dollar, funt-sterlinqlə işləyir. Qaz vurub qazan dolduranlar üçündü... Eh, bir də, qəpik-quruşa, gündəlik dolanışığa qane olana nə tələ?..
- Ə, adam balasısan, - Şahmar əsəbiləşdi, - dedim axı, siçan-siçovul ev-eşiyi bürüyüb...
Şahmar acıq eləyib gedəndə oğlan arxadan dedi:
- Əmi, yadıma düşdü, siçan tələsini tindəki sexdə zakaz verə bilərsiniz. Ya da bazarda xırdavatsatandan soruşun...
- Məsləhətinə görə sağ ol.
- Əmi, amma gərək bizdən də gözqaytaran tələdən-zaddan birini alaydız. Tələ alnımıza yazılıb. Adəm babamızla Həvva nənəmizdən qalıb.
- Nəfslərini saxlayaydılar, tələyə düşməyə, cənnətdən qovulmayaydılar. - Şahmar dedi.
- Sadəlövh adamsız, əmi. Tələ qurulmuşdu. Gec-tez o tələyə düşməliydilər. Axı cənnətdə nəfs nəyə lazımdı? Nəfs vardısa, gərək alma olmayaydı. Pis nümunə bizə ordan miras qalıb...
Şahmarın matı-qutu qurudu. Demə, nağıl-filan da hamısı başdan-ayağa tələ-cələymiş...
- Şahmar, ay Şahmar... - Silkələyib onu yuxudan oyadan arvadını key-key süzdü. - Eşitmirsən, bayaqdan çağırıram?..
Dikəlib pəncərədən bayıra boylandı. Gün günorta olmuşdu, amma o hələ yatırdı.
- Nə lazımdı?..
- Qatıqsatan qatıq gətirib. Cibini axtardım, pul tapmadım.
- Xırda olmalıydı axı...
- Budu də, bəs eləmir... - Əlindəki milli kağız əllilikləri, yüzlükləri göstərdi.
"Gör haa, o qədər kağız pulun bir banka qatığa gücü çatmır, amma dollar olsaydı..."
- Denən, verərik də, qaçmırıq ki.
- Deyə bilmirəm, ay Şahmar, utanıram...
Şahmarın yadına qonşuları Gülsüm xalanın sözləri düşdü. O olsaydı, yastılaya-yastılaya deyərdi, utanma, bala, utansın bizi bu günə salanlar...
"Azərbaycan" jurnalı