əvvəli
Saraydı, səfərdən qayıdan kimi eşidib dil-ağıza gəlmişdi. Sara o qədər dəyişmişdi ki, anası onu tanımamışdı. Halbuki bir vaxt bu evin ən məhrəm adamıydı. Yəqin aradakı incikliyə görə tanışlıq verməmişdi. Amma nahaq, Dilarə bu haqda anasına düz-əməlli bir şey deməmişdi...
- Sənsən?.. Salam. Yad kimi qapıda niyə qalmısan?..
- Tələsirəm, bağışla. - Öpüşdülər. - Keç maşına. - Dilarə keçib əyləşdi. - İlham dedi ki, yoldaşın xəstəxanadadı, bu gün operasiya olunub. Həkimdən öyrənib ki, salamatlıqdı. Sevindim. Allaha şükür! Gəldim sənə gözaydınlığı verim. Yastığı yüngül olsun! Əyər-əskiyin, ehtiyacın varsa, məndən gizlətmə. Bacı canı, hər şeyə hazıram...
- Sağ ol! Hələlik elə bir ehtiyacım yoxdu. Nə lazımdısa İlham elədi. Yəqin sənə deyib...
- Hə. Düzünü axtarsan, çatan kimi iki daşın arasında məni sənin dalınca elə İlham göndərib. Dedi, guya əməliyyatdan sonra görüşməliydiniz, amma səs-sorağın çıxmayıb. Narahatdı...
- Gecdi. Həm də it kimi yorulmuşam. Sabah tezdən də durub xəstəxanaya, Şahmarın yanına getməliyəm. Denən, xəstəxanadan qayıdanda zəng vurram, görüşərik...
- Onda hədiyyəsini qəbul et. - Sumkasından çıxartdığı qəşəng cib telefonunu Dilarəyə sarı uzatdı. - Dedi, bununla əlaqə saxlamaq daha asan olar.
- Nə danışırsan, Sara? Şahmara nə cavab verrəm? - Dilarə yaxın durmadı.
- Eh, Dilarə, Dilarə!.. - Sara gülə-gülə başını buladı. - Heç dəyişməmisən. Az, nə fərqi, İlham demə, denən, rəfiqəm Sara bağışlayıb. - Telefonu zorla onun ovcuna basdı.
- Sağ ol... - Dilarə könülsüz razılaşdı.
- Sağ olu İlhamın özünə deyərsən. Allah haqqı, onu heç belə bilməzdim, Dilarə. Dərdindən dəli-divanədi. Aranıza girdiyimə görə özümü gündə yüz dəfə lənətləyirəm...
Sözdü də, xətri xoş olsun deyə deyirdi. İlhamı Dilarəyə güzəştə getməyi ağlına belə sığışdırmırdı. Onsuz keçinməzdi. İlham qeyri-adi bağlılıqdan doğan, heç nəyə bənzəməyən bir ehtiyacıydı!.. Bir dəfə yarızarafat, yarıciddi İlhama demişdi ki, qırxa qədər kefimi sürəcək, qırxdan sonra səndən bir uşaq doğacaq, varis böyüdəcəyəm, həyatda mənə başqa heç nə lazım deyil...
Sara İlhamın Dilarəyə bəslədiyi hisslərin əvvəlki hisslər olduğuna inanmırdı. Buna növbəti hər hansı bir qadına canatma kimi baxırdı. Nə qədər ki ona əli çatmırdı, bu həvəs davam edəcəkdi. Çatandan, yanğısını söndürüb doyandan sonra hər şey adiləşəcək, Dilarə də yatdığı başqa qadınlardan birinə çevriləcəkdi. İlham hələ özü də başa düşmürdü ki, bu Dilarə o Dilarə deyil. Ötən müddət ərzində nə qədər qadınla yatıb-duran İlham özü də heç həmin İlham deyildi. Hərdən hətta düşünürdü ki, xatirəsini əziz tutduğu Ağabala özü belə təzədən həyatına qayıtsaydı, üzü üzlər görən Sara üçün həmin Ağabala ola bilməzdi! İlhamın bütün bunları başa düşməsi, dərk etməsi üçün hissləri bir daha sınağa çəkilməli, gerçəkliklə toqquşmalıydı. Sara hadisələri tezləşdirməyə hazırdı. Qoy təzədən görüşsünlər, yatıb-dursunlar. Amma bundan o yana getməsinlər. Nə qədər tez olsa, o qədər yaxşıdı. Hərə öz yerini birdəfəlik bilər, taleyi ilə barışardı...
* * *
Dilarə İlhama zəng vursa da neçə gündü cürbəcür üzrlü-üzrsüz bəhanələrlə görüşdən boyun qaçırırdı. Nəhayət, görüşdülər. Axı nə qədər, hara qaçacaqdı? Axır vaxtlar onsuz da ikili həyat yaşayırdı. Şahmarın yanında ola-ola, qayğısını çəkə-çəkə İlhamı düşünürdü. Onları bir-biriynən müqayisə edirdi. Ağlıynan Şahmarın, hissləriynən İlhamın tərəfindəydi. İlham onun ürəyində bitmişdi. Lakin Şahmara bağlanmaqla İlhamı unudacağını fikirləşirdi. Demə, hamısı nahaqdı, özünü aldatmaqdı. Şahmara həmişə hörmət və sayğı göstərmişdi. Elə bu da hələlik Dilarəni səhv addım atmağa qoymurdu... Maşınla şəhərdən çıxanda soruşdu ki, hara gedirik. İlham qayıtdı ki, sürprizdi.
- Sürprizləri sevmirəm, İlham. Arxasında həmişə nəsə bir istək yatır, tor qurulmuş olur...
- Səni restorana aparacağam... - Əməliyyatdan qabaq verdiyi sözü xatırlatdı.
- Sözümdən qaçmıram, - Dilarə dedi. - Amma bir yerdə olmaq üçün restorana ehtiyac yoxdu. Gəl mən sənə sürpriz edim. Əsl sürpriz!.. Gedək sizə...
Marketdən çörək, kolbasa, yumurta, qatıq götürdülər. İçməyə evdə hər şey vardı.
Otaq ağzınacan təpili-tıxalıydı. Ancaq hər tərəfdə bir qarmaqarışıqlıq, ümumi səliqəsizlik hökm sürürdü... Kolbasanı qızartdılar, üstünə yumurta çaldılar, qatıqla yedilər. İçdilər. İçkinin təsirindən, ya nədəndisə Dilarə gözlənilmədən İlhamın televizorda gördüyü xeyriyyəçiliyini, Şahmardan eşitdiklərini yada saldı. İlhamdan vağzalda Şahmarı görüb-görmədiyini, tanıyıb-tanımadığını soruşdu. İlham tanımamışdı...
- Dilarə, mənə nifrət etsən də, etməsən də boynuma alıram, o zaman səngərdə özüm-özümü yaralamışdım. Ölmək istəmirdim. Axı nəyin, kimin xatirinə ölməliydim? Kreslo davasına qalxaraq bir-birinin acığına torpaqları satanlarınmı? Onların bahalı saraylarda gen-bol yaşamaları, saunalarda xalqın qızları ilə rahat kefə baxmaları üçünmü?.. Cəzalandırmaq lazımdısa, neynək, razıyam, qoy əvvəl onları cəzalandırsınlar, sonra məni...
- Bizim bədbəxtliyimiz ondadı ki, liderindən sıravisinəcən heç kəs günahını kişi kimi boynuna almır. Hamı təqsiri başqasının üstünə atır...
- Əsgər sırada komandirə görə düzlənir, Dilarə.
- Şahmar niyə özünü vurmadı?..
- Neynək, Şahmar yaxşı oğlandı. Bağışla məni, bəs niyə bu günündə yiyə durmurlar? Niyə Vətənin ağır günündə yada düşürdü, itirib-axtarırdılar, indi yox?..
Onların mübahisələri gecədən keçənə qədər uzandı. Hər şey azca qala qanqaralıqla bitəcəkdi. İlham Dilarəni bu əhval-ruhiyyədə küçəyə buraxmadı. Yarızor, yarıxoş yanında qalmağa razı sala bildi...
* * *
Şahmargili xəstəxanadan Dilarəgilə Sara gətirdi. Sonra avtovağzaldan rayona da elə o, yola saldı. Dilarə Şahmarın xəstəxana xərclərinin hamısını sinif yoldaşı, rəfiqəsi kimi könüllü surətdə Saranın ödədiyini söylədi. Dedi ki, Nazilə ilə malları da ondan nisyə götürürdülər... İşlərin hamısını görən İlham olsa da kənarda qalmışdı. Bu yaxşılığın qarşısında deməyə layiqli söz tapmayan Şahmar minnətdarlığını Saraya bildirirdi...
* * *
Şahmarın bir məşğuliyyəti də səhərlər yuxudan duranda əyin-başını geyinməkdə Dilqəmə yardım etməkdi. O, yatağından hamıdan gec qalxırdı. Corablarını geyinməkdə çox dağaldı. Onları ayaqlarına bacarıqla taxa bilmir, hirslənirdi. Şahmar corabları geyindirmək əvəzinə, ona geyinməyin çəmini öyrətməyə çalışırdı. Bir də görürdün Dilqəmin corablarını məsxərəyə qoyub:
- Ay-ayy!.. Gör bir nə pis, cığal corablardı! Demək, sözə baxmaq, xoşluqla ayağına girmək istəmir, hə? Yox, biz ondan belə asanca əl çəkməyəcəyik...
Lazımi, sehrli sözlərlə uşağı həvəsə gətirir, qızışdırır, məqamında, gərgin anlarda qıraqdan sadəcə bir balaca əl yetirmək, düzəliş etməklə bu işi əsil oyuna, əyləncəyə çevirirdi...
Növbə boğazlı koftasına çatanda təzədən Dilqəmin tırı, tərsliyi tuturdu. Onu başına keçirməmiş Şahmar xeyli havada saxlayır, guya öz-özünə təəccüblənirdi:
- Hanı, balam, sənin başın? Hara qaçdı? Gözümə dəymir axı?..
Dilqəm də gülüb özündən gedir, əlini başına qoyub göstərirdi:
- Budu, ata, bəs bu nədi?..
- Həə?.. Burdaymış? Bu sənin başındı?.. Ay kələkbaz!..
Beləcə zarafatlaşa-zarafatlaşa, əylənə-əylənə əyin-başını geyindikcə uşağın yuxusu tamam dağılırdı. Çətini də elə buracandı. Dilqəm tam ayılandan sonra qalan göstərişlərini həvəslə, can-başla yerinə yetirirdi...
Dilqəm televizorda multfilmə baxmağı xoşlayırdı. Nəyi başa düşməsə tez Şahmardan soruşur, o da sadə bir dillə izah edirdi. Axşamlar işıq yanmayanda Dilqəm televizorda gördüyü quşları, heyvanları yamsılayır, onları əməlli-başlı güldürürdü. Bu zaman nənəsi də ona qoşulur, nağıl danışır, tapmaca deyirdi. Dilqəmin yaddaşı ülgüctək itiydi. Eşitdikləri yaddaşına həkk olunurdu. Hərdən Şahmar tapmacaları qəsdən yanlış cavablandıranda:
- Tapmadın, tapmadın!.. - deyib atılıb-düşür, uğunub özündən gedirdi.
Axşam saat doqquza qalanda isə yaxınlaşıb divar saatını Şahmara göstərərək deyirdi:
- Ata, bax gör yatmaq vaxtıdı?..
Şahmar saata baxır və qeyri-ixtiyari gülürdü.
- Hə, oğlum, yatmaq vaxtıdı!..
- Deyirsən, yəni quşlar, itlər, pişiklər, dovşanlar, hamısı, hamısı yatıb?..
- Yatıb, oğlum, - Şahmar deyirdi, - sənin yaşıdların da yatıb...
- Oyaq qalan elə bircə mənəm?..
- Hə. Hamı yatmış cırtdan oyaq!..
- Onda bu saat cırtdan da gedib yatar, ata, - deyib nənəsinin üstünə qaçırdı. - Nənə, ay nənə, gəl biz də yataq.
Çəkə-çəkə onu yataq otağına aparırdı. Nənəsi nağıl danışır, Dilqəm də mışıl-mışıl yatırdı...
* * *
Anasının xəstələndiyi haqqında qardaşından teleqram alan Dilarə səhəri gözləmədən gecə qatarı ilə Bakıya yola düşdü. Şahmara dedi ki, ciddi bir şey olsa, xəbər verəcəyəm. Lakin iki gün keçsə də xəbər-ətər çıxmadı. Üçüncü günü Dilarənin çamadanında saxladığı alver pullarını axtaranda yaşıl üzlü bir dəftər gözünə sataşdı. Arvadının gündəliyiydi. Son vaxtlar gizlicə yazırdı. İstər-istəməz ordan-burdan oxudu... "...Bu gecə İlhamı yenə yuxuda gördüm. İkilikdə dünyanın ən xoşbəxtiydim. Ayılıb bunların hamısının yuxu olduğunu biləndə kövrəldim. İlahi, nə qədər dözməli, ikili həyat sürməliyəm? Özüm Şahmarla olsam da fikrim, xəyalım İlhamladı. Bu da bir cür xəyanətdi axı. Özümü nə qədər zorlasam, onu unutmağa çalışsam da ürəyim, hisslərimlə bacarmıram. Düz sözdü ki, ilk sevdiyini, bir də ilk yatağına girdiyini unutmaq çətindi! Naziləyə qoşulub Bakıya getdiyim yerdə qıçım sınaydı!..
...Bu gün İlhama nə qədər borclu olduğumuzu hesablamışam, başıma hava gəlib. Hələ nə qədər üz vursam da Şahmarın müalicəsinə xərclədiklərini demədi. Şahmar yazığın heç nədən xəbəri yoxdu. Elə bilir mallar da Saranındı, müalicəsinin də xərc-xəsərrətini o çəkib. Ayrılanda dedi ki, borc söhbətini dilinə gətirmə. Haçansa qaytarmaq fikrinə düşsən də götürməyəcəyəm. Mənə pul-para yox, sən lazımsan, yalnız sən!..
...Başım müştəriynən söhbətə qarışmışdı. Geyimli-kecimli bir nəfər piştaxtaya yaxınlaşdı. Qəfildən üzünə baxanda diksindim. Elə bildim İlhamdı. Adam da bir-birinə bu qədər oxşayarmı, ilahi? Ürəyim titrədi. İlhamın sözü yadıma düşdü. "Daha məndən qaça bilməzsən. Aradabir görünməsən, özüm dalınca düz rayona gələcəyəm!.." Vallah, ondan nə desən çıxar, dəlinin biridi...
...Könülün atmacaları, Şahmarın fağırlığı... hər şey, hər şey get-gedə məni bezdirir. Səbrim tükənir, hirslənirəm. Sonra da fikirləşirəm ki, axı onlar nə günahın sahibidilər? Bəs mən? Günahkar təkcə mənəmmi? Hamını qarğıya-qarğıya, lənətləyə-lənətləyə, həm özümü, həm də onları aldada-aldada, nəyisə gözləyə-gözləyə çürüməliyəmmi?..
...Hərdən özüm-özümdən soruşuram: birdən İlham böyürdən çıxıb desə ki, razılaş, gəlmişəm səni aparmağa, neyniyərəm?.. Eh, Şahmar hələ qocalmayıb. Özünə layiqli ömür-gün yoldaşı tapar. Biri elə Könül. Şahmarın dərdindən dəli-divanədi... Şahmar yaxşı adamdı. O da mənim kimi taleyikəmdi. Neyniyim, hisslərimin əlində əsirəm. Qorxuram bu tutuşla bir gün xəyanətimin üstü açıla... Nəyə desə, razı olardım, təki Şahmar məni bağışlayaydı..."
Dəftəri qəzəblə fırıldadan Şahmar qapqara qaralmışdı. Özündə-sözündə deyildi. Havalı kimi gəzib-dolanırdı. Dilqəmin məzəli danışığı, zarafatları da qaş-qabağını açmaqda acizdi.
- Birdən-birə sənə nə oldu, bala?.. - Zəhra xala təəccübləndi. - Yoxsa xəstələnmisən? Bəlkə Dilarə bəd xəbər-zad göndərib, bizdən gizlədirsən?..
Cavab vermədi. Hazırlaşıb Bakıya yola düşdü...
* * *
Şahmar qayınanasını həyətdə, ayaqüstə sağ-salamat gəzən görəndə çaşdı. Arvad özü də karıxdı. Kürəkənini mat-məəttəl xeyli süzərək elə bil birdən ayılıb əlində süpürgə ona sarı yeridi.
- Xoş gəlmisən, ay oğul. Keç evə, orda durma...
- Yaxşıdı... - Şahmarın səsi quyunun dibindən eşidildi. - Hanı Dilarə?..
- Dilarəmi?.. - Arvadın dili topuq çaldı. - Evdəydi... yox ey... dünən... srağagün...
- Hara getdi?.. - Şahmarın səbri bir tikə oldu.
- Nə bilim, ay bala?.. - Çiyinlərini çəkdi. - Düz-əməlli bir şey demədi axı...
- Bəs oğlun hanı?.. - İstədi ondan nəsə bir şey öyrənə.
- Alış-verişində...
- Sən xəstələnmişdin?..
- Yox... - Arvadın qaşları çatıldı. - Onu sənə kim dedi, ay bala?..
- Dilarə bir teleqrama göstərdi ki, guya qardaşı vurub, sən xəstələnmisən...
- Dilarə bizə də belə dedi, amma qardaşı teleqrama-zad vurmayıb...
- Demək, qurama şeymiş? Dilarəni necə görə bilərəm? Axşam evə gələcək?..
- Dünən gəlmədi. Haçan qayıdacağını da demədi...
Bu cavablardan heç nə başa düşməyən Şahmar həyət qapısından dəli kimi çıxdı. Hara getdiyinin fərqində deyildi...
- Telefonuna zəng vur də, ay oğul. - Qayınanası arxasınca bərkdən dedi.
Şahmar arvadın sözünə əhəmiyyət vermədi. Dilarə telefonu olduğunu ona bildirməmişdi.
Dəmiryol xəttinə çatanda dayandı. Elə bil yuxuluydu, birdən ayıldı. Ünvanını bilməyəndən sonra axı o boyda şəhərdə Dilarəni necə tapacaqdı? Nömrəsini bilsəydi yenə Saraya zəng vurardı, yerini-yurdunu öyrənərdi. Bəlkə talkuçkaya getsin? Hər halda, Saranı orda tanımamış olmazdılar... Eh, bir də, lap tutaq ki, soraqlayıb Saranı tapdı. O da dedi ki, Dilarə İlhamın yanındadı. Nə olsun? Neyniyəcəkdi? Yəni bunu təxmin etmək o qədər çətindi? Özgə hara, kimin yanına gedəsiydi? Gündəlikdə hamısı aydınca yazılmışdı. Yəqin teleqram da onun işiydi...
Relslərin arası, şpalların üstüynən fikirli halda üzüyuxarı addımladı. Xeyli getmişdi, birdən qulaqbatırıcı parovoz fitinə diksindi. Arxaya çönəndə qatarın onu haqladığını gördü. Başını itirdi. Dəhşətdən gözləri böyüdü. Yaxşı ki son anda özünü cəmləyib kənara sıçramağa macal tapdı. Ayağı relsə ilişib yıxıldı. Vaqonların ətəkləri üst-başını yalasa da bədəninə bir sədəmə toxumadı. Uzaqlaşan parovozun pəncərəsindən arxaya boylanan maşinist ona tərəf yumruğunu silkələyirdi. Yəqin hədələməklə bərabər onu söyürdü də... Yıxıldığı yerdə uzanıb qalmışdı. Qatar gözdən itsə də polad relslər təkərlərin ahəngdar taqqıltısını teleqraf xətti kimi hələ də ona çatdırırdı...
Handan-hana toxtayıb ayağa qalxdı. Üst-başının tozunu çırpdı. Geri döndü. Niyə? İndi hara gedirdi? Yenə bilmirdi. Relsə ilişən ayağı, bir də dizləri ağrıyırdı. Sıyrılmış barmaqları, ovcunun içi də göynəyirdi... Yaxınlıqdakı parka çatdı. Burda hər yan yamyaşıldı. Ətrafda tək-tük gözə dəyən skamyalar bomboşdu. Adamsız parkı boz sərçələrin civiltisi başına götürmüşdü. Arabir hansı ağacdansa eşidilən qaratoyuğun gur, şaqraq fiti sürüsünü düzə yaymış çoban tütəyini xatırladırdı. Göyərçinə oxşayan öyöylərin böyür-başda qəfil bərkdən qanad çırpması Şahmarı diksindirirdi...
Parkın ayağındakı ensiz su arxına doğru irəlilədi. Haçansa Dilarə ilə orda olmuşdular. Arxın qırağında dayanıb suların şırıltısına xeyli qulaq asdı. Lakin bu saat heç nə onu özünə çəkmirdi...
Geri qayıdarkən yandakı kolluqdan qəribə bir səs eşitdi. Ehtiyatla, sakitcə yaxınlaşdı. Yaşıl kolların arasında günlüklü uşaq kolyaskasını görəndə dayandı. İçindəki körpə dünyadan xəbərsiz avtomat kukla kimi əl-qol ata-ata, qığıldana-qığıldana oynayırdı. Kolyaskanın böyründə, otların üstündə bir oğlanla bir qız həsrətlilər kimi bir-birinə sarılmışdı. Şahmar nə qədər cəhd etsə də qızın sifətini görə bilmirdi. Oğlan ehtirasla onun boyun-boğazından, dodaqlarından öpür, qadın da eyni qızğınlıqla ona cavab verirdi. Qadın arada başını azca yana qaçırdanda Şahmar onun üzünü gördü. Nədənsə elə bil çiyinlərindən ağır bir yük götürüldü, ürəyi üstünə gəldi...
Qadın əyninə güllü xalat geyinmişdi. Oğlan onu öpüb oxşayaraq xalatının düymələrini açmağa çalışırdı. Həyəcandan titrəyən əlləri sözünə baxmırdı. Qadın da bekar dayanmamışdı, oğlanın şalvarını dartışdırırdı...
Şahmar dönüb cığıra tərəf addımladı. Beş-on addım atmışdı ki, kolların arasında çığırtı, süpürləşmə qopdu. Geri çönəndə o tərəfdə bir nəfərin tumanpaça, kötək yemiş ittək özünü kol-kosa vura-vura qaçdığını gördü. Əvvəl heç nə başa düşmədi. Qəfildən ağlına gəldi ki, yəqin kolluqda ilan-çayan peyda olub, namərd oğlu qorxaraq qadını uşağıyla darda qoyub qaçır... Tez kolluğa tərəf şığıdı. Qarşısındakı mənzərəni görüb heyrətdən yerində qurudu. Yekəpər bir oğlan yarıçılpaq qadının sinəsinə çökmüşdü. İri mətbəx bıçağı əlində par-par yanırdı. Qıcanaraq xırıltılı səslə bağırır, qadını hədələyirdi.
- Bu saat sənin canını alacağam, qancıq!..
Qadın gözlərini belə qırpmırdı.
- Hə, öldür, öldür də, nəyi gözləyirsən?..
- Eyy!.. Neynirsən, dayan!.. - Şahmar gecikəcəyini düşünüb aralıdan qışqırdı.
Geri qanrılan oğlan bıçaq əlində Şahmara tərəf vəhşi bir səslə bağırdı:
- Yaxınlaşma!.. Bax, öldürrəm, ha! Sənlik deyil!..
Şahmar dayandı. Ətrafa boylandı. Necə hərəkət edəcəyini bilmirdi.
- Sən kimsən axı?.. - Şahmar onu söhbətə tutaraq başını qatmaq, yubatmaq istədi...
- Dedim, sənə dəxli yoxdu!.. - Oğlan bağırdı. - O, mənim arvadımdı!..
Aydındı, qadın ərinə xəyanət etmişdi. Hər halda, mane olmaq lazımdı, ancaq necə?..
Oğlan birdən əlindəki bıçağı otluğa atdı. Qadının boğazından yapışıb boğmağa başladı.
- Alçaq qadın, niyə namusumuzu ləkələdin? Niyə?.. - Qadın xırıldayaraq çapalayırdı. - Öl, öl!.. Bax, belə! Sənin yaşamağa haqqın yoxdu!..
Oğlan bıçağı atanda Şahmar rahatlandı. Nədənsə ona elə gəldi ki, oğlanın qadını öldürməyə iradəsi çatmayacaq. Çatsaydı, bıçağı tullamaz, məsələni yubatmazdı... Doğrudan da, Şahmar yanılmamışdı. Oğlanın əlləri boşaldı. Bu dəfə o, qadının üz-gözünü şillələməyə, yumruqlamağa başladı. Sonra o yekəlikdə gövdə dağ uçan kimi birdən hönkürdü. Ağlaya-ağlaya qadını duz kimi yaladı. Öpüşlərə qərq etdi...
Şahmar gözlərinə inanmadı. Bu nədi, ilahi?.. Doğrudanmı, gördükləri həqiqətdi?..
"İlahi!.. Biz kişiləri niyə belə zəif yaratmısan? Günahımız nədi?.."
Sarsılmış halda ordan uzaqlaşdı...
* * *
Gün günortadan əyilmişdi. Könül eyvanda kitab oxuyan Şahmara yaxınlaşdı.
- Poçtalyon sizi çağırır, - dedi.
Teleqram gətirmişdi. Qol çəkib götürdü. Üç kəlmə yazılmışdı: "=məni bağışla=dilarə="
- Nə teleqramdı? Kimdən gəlib?.. - Könül əyilib baxmaq istədi, Şahmar qoymadı.
- Sənlik deyil.
- Noolar oxuyanda?.. - Qız şitəngi uşaq kimi əl çəkmədi.
- Dedim ki, sənlik deyil. Başa düşmədin?
- Pah!.. Mənlik deyil, heç olmasın! - Qız incidi. - Çox lazımmış!..
- Niyə gedib öz iş-gücünnən məşğul olmursan, Könül?..
- Hə, bax, bu da sənnik deyil!.. - Göz-qaşını süzdürdü. - Gəlmişdim sənnən söz soruşam. - Birdən dedi.
- Nə soruşacaqdın?
- İmkan verdin ki?..
- Yaxşı, qurtar görüm...
- Nə bilim, elə elədin ki, yadımdan çıxdı.
- Onda get, yadına düşəndə gəlib soruşarsan.
- Heç soruşmuram!.. Kobud!..
Könül acıq eləyib getdi. Gedə-gedə arabir çönüb Şahmara tərəf baxırdı...
* * *
Dilarə İlhama qovuşan gündən Sara dincliyini itirmişdi. Gündüzü də gecə kimiydi. İlhamı Dilarəyə qısqanırdı. Dünənəcən istədiyi vaxt bir yerdə olduğu, yatıb-durduğu adamla indi yalnız dükan-bazarda, küçədə görüşür, telefonla əlaqə saxlayırdı. İlham qəsdən ona tutduruq vermirdi. Sara başa düşsə də İlhamı həmişəlik itirdiyini ağlına sığışdıra bilmirdi...
- Balam, belə artırmısan? Belə yekəlmisən?.. - İlhamı mağazasında yaxalayan Sara salam-kalamsız giley-güzara başladı.
- Nə olub ki?.. - İlham özünü o yerə qoymadı.
- Noolacaq? Day adamı saymır, itirib-axtarmırsan.
- Boynuma alıram, amma, vallah, iş-gücdən vaxt yoxdu.
- Mənə yox də, İlham. O iş-güc əvvəl də vardı. Demək, bundan sonra belə olacaq?..
- Başa düşmədim?.. - İlham dedi.
- Düşməzsən də, yükünü təpəyə yığmısan.
- Sara, açıq danış görüm məndən nə istəyirsən?..
- Arada bir məni də fikirləş. Adamı birdəfəlik atmaz, unutmazlar axı...
- Gündə zəngləşir, dükan-bazarda rastlaşır, söhbətləşirik. Bu sənə bəs eləmir?
- Məni azdırma, İlham. - Saranın səsində hədə vardı. - Nə istədiyimi yaxşı bilirsən.
- Tutaq ki, bilirəm. Dünən bir, bu gün iki, fikrin Dilarə ilə məni təzədən ayırmaqdı? Səbrini bas görək neyniyirik də.
- Yaxşı, neynək...
İlham axırıncı sözləri güzəşt kimi başa düşsə də birmənalı deyildi. Sara ona müharibə elan etmişdi...
* * *
Sara qərarında qətiyyətliydi. Növbəti gəlişində Naziləni yarızor, yarıxoş İlhamı şantaj etməyə razı saldı. Nazilə alver zamanı İlhamı xəlvətə çəkib qəfildən dedi:
- Səndən uşağa qalmışam.
İlham əvvəl bunu zarafat sandı. Gülə-gülə:
- Nə?.. - dedi. - Məndən uşağa qalmısan?.. - Nazilə dediklərini təkrarladı. - Nə danışdığının fərqindəsən, Nazilə?..
- Əlbəttə.
- Yaxşı fikirləş, Nazilə. Axı biz axırıncı dəfə gərək ki, çoxdan bir yerdə yatmışıq?..
- Elə o vaxtdan qalıb, mən gec duyuq düşmüşəm. - İlhamın yumşaq davranışı, özünü itirməsi Naziləni daha da ürəkləndirdi.
- Nə bilirsən, bəlkə başqasındandı?.. - İlham birdən onu sıxışdırmaq fikrinə düşdü. Dilarənin qulağına çatacağından ehtiyatlanırdı. Əvvəl olsaydı, vecinə almazdı.
- İlham, ilk tanışlığımızdan demişəm, sən ərimdən sonra yatdığım yeganə kişisən. - Nazilə qəti şəkildə bildirdi.
İlham birdən başa düşdü ki, mübahisə etdikcə məsələ böyüyür. Geri çəkilməli, birtəhər Naziləni yumşaldaraq aborta razı salmalı, axırda da onunla əlaqəni birdəfəlik kəsməliydi...
Gözləmədiyi halda Nazilə müəyyən miqdarda pul tələb etməklə İlhamın işini asanlaşdırdı.
Şantaj edildiyi İlhamın ağlına da gəlmirdi. Nazilənin üzüyolalığı da onda heç bir şübhə doğurmadı. Bir balaca dərinə getsə, Naziləni həkim-filanla hədələsəydi, iç-üzünü aça bilərdi. Bərkdə əli yox idi. Onsuz da tutduğu işdən peşmandı...
Sara bu haqq-hesabdan sonra tapşırığını istədiyi kimi yerinə yetirə bilməyən, İlhamdan çox asanca əl çəkən Naziləyə bir daha Bakıda görünməyi qadağan etdi. Dedi, nə lazım olsa, mənə xəbər verərsən, göndərərəm...
* * *
Nazilənin hərəkəti İlhama pis təsir etsə də məsələni səs-küysüz yoluna qoyduğuna sevinirdi. Həmişəki kimi ürəyini deşən xəbəri yenə Saraya danışıb yüngülləşmək fikrinə düşdü.
- Gör ha, qızdakı həyasızlığa bax!.. - Sara özünü tülkülüyə qoydu. - Heç gözləməzdim. Gərək əlüstü məni çağıraydın, abrını ətəyinə bükəydim qancığın! Ay-ayy!.. Əfəl tərpənmisən...
- Əşi, qoy cəhənnəm olsun!.. - İlham əlini yellətdi.
- Olmağına olsun ey, məsələ adamı hərifləməyindədi!.. Çox qopartdı?..
- Belə də...
- Demədin ki, ay ləçər, uşağa qaldığını, aldadıb-aldatmadığını iki daşın arasında hardan bilim? Bəlkə məni şantaj eləyirsən? Biri öyrədib səni mənim üstümə göndərib?..
- Düzü, o momentdə belə şeylər ağlıma gəlmədi. - İlham boynuna aldı. - Birtəhər sakitləşdirib yola vermək hayındaydım.
- Axı qarnı-başı bilinmirdi qancığın.
- Bəs bu haqda sənə heç nə demədi?
- Demədi. Mən də hardan biləydim ki, belə bir hoqqa çıxardıb? Ovcumu iyləmişəm?..
- Mən səni günahlandırmıram, Sara.
- Bilirəm, günahlandırmırsan. Amma ləçərin rayondan basa-basa gəlib burda səni barmağına dolaması mənə toxunur axı. Eybi yoxdu, qalsın qulluğunda!..
- İnanmıram o bir də buralara hərlənə, - İlham dedi.
- Nə bilirsən?..
- Ürəyimə damıb...
* * *
Sara İlhamdan əl çəkmək fikrində deyildi. Bekarlayan kimi Dilarəyə zəng vurdu. Öyrəndi ki, evdə təkdi.
- Darıxmırsan? - Soruşdu.
- Darıxıram.
- Hazırlaş, səni götürməyə gəlirəm.
- Hara gedirik, Sara?..
- Dənizkənarı parka. Deyir, təzə heyvanlar gətiriblər. İstirahət edər, keçmişləri, gözəl günlərimizi xatırlayarıq. İş-gücdən lap bezmişəm...
Dənizkənarı parkı dolaşandan sonra Saragilə gəldilər. Çay içə-içə ordan-burdan söhbətləşirdilər. Söz hərlənib-fırlanıb qadın müğənnilərdən, şou əhlindən düşdü. Sara sözgəlişi dedi:
- O günü talkuçkadan təzə kasetlər almışam, bəlkə birinə qulaq asaq?..
- Nə deyirəm, qulaq asaq, - Dilarə razılaşdı.
- Tumbanın gözündədi, sən birini seç qoy, mən də çayları təzələyim.
Dilarə kasetləri seçəndə gözünə bir şəkil sataşdı. Qaldırıb baxanda dəhşətə gəldi. İlhamla Nazilə yataqda lüt, biədəb vəziyyətdə çəkilmişdi. Dilarə Saranın ayaq səsini eşidib geri döndü.
- Bu nə şəkildi belə, Sara?..
- Boy, aaz, Allah mənim boynumu qırsın!.. - Sara içini çəkib vaysındı. - Səki mən o andıra qalmışların hamısını yandırmışdım. Hardan tapdın?.. Ver mənə görüm...
- Dayan, Sara. - Dilarə vermədi. - Əvvəl başa sal görüm nə şəkildi? Səndə hardandı?..
- Az, vallah, bekara şeydi... - Sara şəkli Dilarənin əlindən almağa çalışdı. Dilarə ayıq adam olsaydı, onun hərəkətlərindəki süniliyi duyardı.
- Nətəər bekara şeydi? Bəlkə deyəsən, bunlar heç İlhamla Nazilə deyil?..
- Nə bilim, vallah...
- Sara, səni and verirəm o bir Allaha, de görüm Naziləni mənə görə tanımısınız, yoxsa məndən əvvəl də tanıyırdınız?.. - Bu şübhələr Dilarənin qəlbində neçə vaxtdı oyanmışdı.
- Az, fikir vermə, kişidi də. - Sara yenə nala-mıxa döydü.
- Sara, mən səndən söz soruşuram...
- Bacı canı, İlhamdan qorxuram...
- Qorxma, hər şey öz aramızda qalacaq. - Dilarə and içdi.
Sara Naziləni əvvəldən tanıdıqlarını boynuna aldı. Nazilənin onu Bakıya, onların yanına İlhamın tələbi ilə gətirdiyini söylədi. Əvvəl razı olmurmuş. Kompüterdə montaj edilmiş bu şəkilləri görəndən sonra yumşalmışdı. İlham Naziləni hədələmişdi ki, onları hər yerə yayacaq. Hətta rayona da göndərəcək...
- Bəs şəkil səndə nə gəzir?..
- İlhamın siyirtməsinin gözündən götürmüşdüm. Çoxdu. Hamısını yandırdım. Necə olub bu qalıb, özüm də bilmirəm...
Dilarə şəkli özüynən götürdü. Qapıdan çıxan kimi Sara İlhama zəng vurdu. Məsələni anlatdı. Guya hər şey təsadüfən, səhlənkarlıq nəticəsində baş vermişdi. Xəbərdarlıq etməklə günahının bir qismini yumaq istədiyini bildirdi. Yalvardı ki, satqınlığını Dilarəyə deməsin...
* * *
Dilarə İlhamı görəndə andını unutdu. Bircə anda əsib-coşdu. Rəfiqəsini yaxşı tanıyan Sara bunu nəzərə almışdı...
- De görüm bu nə şəkildi, İlham?..
İlham şəkilə baxıb dilxor oldu. Hələ yaxşı ki, məsələdən xəbərdardı.
- Hardandı səndə?..
- Yaxşı fikirləşsən, özün taparsan...
- Sara verib?..
- Tutaq ki, hə. Yəni bu nəyisə dəyişir?..
İlham çox ora-bura burcutdu, nala-mıxa döydü. Dilarə yaxasından əl çəkmədi. Axırda hər şeyi açıb danışdı. Saranın söylədikləri həqiqətdi.
- Sənə nifrət edirəm, İlham!.. - Dilarə bomba kimi partladı. - Sən manyaksan, manyak!..
- Bağışla, Dilarə. - İlham yalvarmağa başladı. - Axırıncı dəfə bağışla məni. And içirəm ki, bir də belə şey olmayacaq, inan!..
- Mənə toxunma!.. - İlham qucaqlamaq istəyəndə Dilarə dəli kimi bağırdı.
- Nəzərə al ki, mən bunların hamısını sənə qovuşmaq üçün eləmişəm, Dilarə... - İlham özünü doğrultmağa çalışdı.
- Mənə görə? - Dilarə əsəbiliklə güldü. - Mənə qovuşmaq üçün Nazilə ilə, Sara ilə yatıb kef eləyirdin?.. Daha bir yerdə yaşaya bilmərik, İlham! Sənə rast gəldiyim günə daş-qaya yağaydı!..
İlham nə qədər yalvar-yaxar etdisə, Dilarəni saxlaya bilmədi. O, gecəynən yığışıb anasının yanına qayıtdı...
* * *
Başını itirən İlham bu dəfə də Saranın üstünə qaçdı. Dost məsləhətinə, dost köməyinə ehtiyacı vardı. Sara yalançı canıyananlıqla onu guya ortada ciddi bir şey olmaya-olmaya arvad kimi vay-şivən salmaqda günahlandırdı.
- Yaxşı, bəsdi, sakit ol görək neyniyirik, - dedi. - Dünyanın axırı deyil ki...
- Neynirsən elə, bizi barışdır, Sara!.. - İlham yalvardı.
- Ə, nə qəribə adamsan? - Sara ürəyində sevinirdi. - Nooldu, bu neçə vaxtda Dilarəni heç itirib-axtarmırdın, indi birdən-birə daddandı?..
- Allahsız danışma, Sara. Mən onu heç vaxt unutmamışam. Kim bilməsə də sən bilirsən.
- Əşi, yaxşı də, ətimizi tökmə...
- Onu sevirəm, Sara. İtirib-axtarmamağım da başqasının arvadı olduğuna görəydi. Məni qəbul etmirdi...
Fürsəti fövtə verməyən Sara İlhamı uşaq kimi ovundurub yatağına saldı. Şeytani ehtirasları ilə başını qatdı... Səhərisi Dilarənin ağzını aramaq üçün evlərinə baş çəkdi. Onun da dərdinə bir başqa canıyananlıqla şərik oldu...
Sara hər ikisiynən ikibaşlı oyun oynayırdı. Bir tərəfdən məsləhət verir, yasalayır, guya sülhə çəkmək istəyirdi, o biri tərəfdən altdan-altdan, dolayısı ilə hər ikisini qızışdırırdı...
Dilarə də başını itirmişdi. Məsələni soyuqqanlı şəkildə götür-qoy etmək, qiymətləndirmək, düz qərar çıxartmaq iqtidarında deyildi. Bu da Saranın işini asanlaşdırırdı. Hadisələri istədiyi zaman istədiyi səmtə yönəldir, dolaşdırırdı...
İlhamın mal dalınca Çinə uçmağı, Bakıdan getməyi Saranın əl-qolunun açılmasına, daha artıq fəallaşmasına səbəb oldu. Dilarəyə dil-fil tökdü, canıyananlıq göstərdi, iki-üç günün içində saqqızını oğurladı. Təzədən cici-bacıya döndülər. Hərləyib-fırlayıb Dilarəni birlikdə Dubaya getməyə razı saldı. Yaxşıca gəzər, fikrini dağıdar, özünü toplayarsan, dedi. Dubaydan qayıdandan sonra istəsə Dilarəni özünə köməkçi götürəcəyinə söz verdi. Guya onun kimi sədaqətli, etibarlı rəfiqəyə, dosta ehtiyacı çoxdu. Dilarə Saranın yağlı dillərinə aldandı. Fikirləşdi ki, rəfiqəsi yəqin ona etdiyi xəyanətin, pisliklərin əvəzini çıxmağa çalışır. Əməllərindən peşmandı. Neynək, Allah günahlarını bağışlasın...
* * *
Sara rəfiqəsini Dubaya aparıb gizli fahişəxanalardan birinə satdı. Ancaq işini ehtiyatlı tutdu. Şərtə görə, fahişəxana sahibinin adamları Dilarəni gecə vaxtı yiyəsiz küçələrdən birində Sara ilə gedərkən oğurladılar. İş-işdən keçəndən sonra Sara küçənin ortasında qara-qışqırıq saldı. Hətta axtarış üçün polisə də xəbər verdi. Onlar rəfiqəsini tezliklə tapacaqlarını söyləyib onu sakitləşdirdilər...
İlham Dilarənini oğurlanmasında Saranı günahlandırdı. O, hər vəchlə çulunu sudan quru çıxartmağa, onu günahsız olduğuna inandırmağa çalışırdı.
- Axı mən hardan biləydim ki, küçənin ortasında maskalı quldurlar bizə hücum edəcək, Dilarəni oğurlayacaqlar?..
- Bəs niyə səni də oğurlamadılar?.. - İlham hirslə soruşdu.
- Məni də oğurlaya bilərdilər.
- Nooldu, pişik asqırdı?..
- İmkan ver, ətraflı danışım, başa salım də. Bax, ayaqqabı mazolumu döymüşdü. Bəlkə deyəsən, ayağımdakı mazoldan da xəbərin yoxdu?..
- Əşi, özünü artistliyə qoyma.
- Hə, ayaqqabı ayağımı döydüyünə görə yaxşı yeriyə bilmirdim. Dilarə bir az məndən irəlidə gedirdi. Binanın tininə çatanda iki maskalı quldur qəfildən onun üstünə atıldı. Biri əlüstü ağzını yumaraq qollarını arxaya qanırdı, o biri ayaqlarını yerdən üzdü. Yazıq qızı çığırda-çığırda maşına basdılar. "Polis! polis!..", deyə dəli kimi bağıraraq ağzı geri qaçdım. Quldurlar səs-küyü eşidib yox oldular...
- Sənə inanmıram, Sara! - İlham bağırdı.
- Əşi, inanmırsan, heç inanma! - Sara da əsəbiləşdi. - Allah qoysa polis onu tapar. Özü hər şeyi sənə danışar. Görüm onda nə deyəcəksən?.. Üzün olacaqmı üzr istəməyə?..
- Təki Dilarə tapılsın, üzr istəyərəm.
- Ayaqlarıma döşədib yalvardacağam. İlan dili çıxardacaqsan...
- Eybi yoxdu...
- Nə istəsəm, hamısını yerinə yetirəcəksənmi?..
- Eh, Sara, sən onsuz da istədiklərinin hamısını məndən həmişə artıqlaması ilə almısan.
- Yenə alacağam!.. - Sara yarızor, yarıxoş İlhamı basmarlayıb altına yıxdı. - Məndən qaça bilməzsən, sən mənimsən, vəssalam!..
davamı