Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:46

Öndə təhlükəsizlikdir


Xəzərdə Azərbaycan-ABŞ təlimləri, 9 iyun 2004
Xəzərdə Azərbaycan-ABŞ təlimləri, 9 iyun 2004

İki gündür ki, Xarici İşlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-la Azərbaycan arasında təhlükəsizliklə bağlı məsləhətləşmələr aparmaq üçün Vaşinqtona yollanıb. Əslində, bu məsləhətləşmələr mayın əvvəlində başlamalıydı. Amma insan haqları ilə bağlı ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağa aid bəzi müddəalar Azərbaycan tərəfini qane etmədiyindən danışıqlar təxirə salınmışdı. Hesabata yeni düzəlişlər edildikdən sonra danışıqlar bərpa olundu. Qeyd edək ki, danışıqlarda ABŞ tərəfini Dövlət Katibliyinin və Pentaqonun nümayəndələri təmsil edir.


Məsləhətləşmələrin spektri çox genişdir: bura hərbi sahə, İran, Qarabağ münaqişəsi və bir də Qəbələ RLS-in birgə istifadəsi daxildir. Məsləhətləşmələrin gedişində hər hansı bir sənədin imzalanması gözlənilməsə də, proses müşahidəçilər üçün böyük maraq kəsb edir. Marağa səbəb olan detallardan biri də budur ki, hamı təhlükəsizlik məsələləri ilə demokratiya problemlərinin necə uzlaşdırılacağı ilə maraqlanır. Məsələ bundadır ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik və enerji sahəsində anlaşma dərinləşdikcə demokratiya problemləri bir qədər arxa plana keçir. Amma sırf geosiyasi problemlər də az maraq kəsb etmir. Burada xüsusilə İran və Qəbələ RLS məsələlərini qeyd etmək lazımdır. Bu məsələlər həm də müəyyən mənada biri–biri ilə bağlıdır.


Azərbaycan İran məsələsində bir qədər kənarda dayanmaq, cənub qonşusunu qeyzləndirməmək siyasəti yürüdür. İran da öz növbəsində bütün vasitələrlə Azərbaycanı ABŞ-la hərbi əməkdaşlıqdan çəkindirməyə cəhd edir. Hələlik Azərbaycan bu balansı bir təhər qoruyur, iki dövlət arasındakı ziddiyyətlərin mərkəzinə çevrilmək istəmir. Amma zaman keçdikcə balanslaşdırılmış siyasət üçün imkanlar azalır, siyasət birmənalı mövqe tutmağı tələb edir. İndiki məsləhətləşmələr zamanı Azərbaycanın balansı necə saxlayacağı mübahisəlidir. Təbii ki, hər şey ABŞ-ın İranla bağlı planlarının ciddiliyindən asılıdır.


Qəbələ RLS-lə bağlı müzakirələr də az maraq kəsb etmir.


Qəbələ RLS-dən birgə istifadə ideyasını Rusiya prezidenti Vladimir Putin irəli sürmüşdü. Azərbaycan da öz tərəfindən bu xüsusda iki və ya üçtərəfli müzakirələrə hazır olduğunu bəyan etmişdi. Məsələ sonuncu dəfə Rusiya prezidentinin ABŞ-a səfəri zamanı müzakirə olundu. ABŞ-ın bu təklifə münasibəti çox maraqlıdır. Prezident Corc Buş nə «hə», nə də «yox» deyir. Yenə də problem ondadır ki, ABŞ bu təklifin müqabilində Çexiya və Polşadakı planlarından əl çəkmək fikrində deyil. Sonuncu dəfə belə bəyanatla ABŞ-ın Dövlət katibi Kondaliza Rays çıxış etdi. O, bəyan etdi ki, Çexiya və Polşadakı işlər davam etdiriləcək.


Bu məsələnin reallaşması Azərbaycana böyük geosiyasi dividendlər vəd edir. Onun reallaşacağı təqdirdə Azərbaycan öz ərazisində iki böyük dövlətin maraqlarını uzlaşdırmağa və özünü mühüm geosiyasi nöqtəyə çevirməyə nail olacaq. Bu məsələnin həm də daxili siyasi üstünlükləri var. Yeganə nüans ondan ibarətdir ki, Azərbaycanla İran arasında problemlər yarana bilər. Təklif Rusiya tərəfindən gəldiyindən İran ona qarşı kəskin çıxış edə bilmir, amma öz narazılığını da gizlətmir. Hələlik Azərbaycan məsələni tarazlaşdırmağın və İranı sakitləşdirməyin bir yolunu görür: Bakı çalışır ki, Qəbələ RLS-in indiki statusu dəyişməsin, ancaq analitik–informasiya mərkəzi kimi fəaliyyət göstərsin. Polşa və Çexiyada qurulacaq sistemlərdən fərqli olaraq Qəbələ RLS raket qurğuları ilə təmin edilməyib. Bu detal İranı qismən neytrallaşdırmaq iqtidarındadır. Amma tam razılıqdan söhbət gedə bilməz. Bütün hallarda sistem İranın xeyrinə işləməyəcək. Bunu təklifi irəli sürən Rusiya da inkar etmir. Moskva açıq şəkildə bildirir ki, RLS İranın raket uçuşlarına və sınaqlarına nəzarət etmək iqtidarındadır. İran bununla razılaşacaqmı? Təəssüf ki, bu xüsusda nəsə demək çətindir. Elə ABŞ-ın özünün də Qəbələ RLS-lə bağlı planları hələ qaranlıqdır. ABŞ birgə istifadəyə razı olacaqmı? Bunu zaman göstərəcək. Zaman isə qeyri–məhdud deyil. Bu planın reallaşması üçün bir il yarım vaxt var. Bu vaxt ərzində məsələ aydınlaşmalıdır.
XS
SM
MD
LG