Bir müddətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin gedişi haqqında informasiyalar azalıb. Bu müddət ərzində ancaq Minsk qrupunun həmsədrlərinin çıxışları müzakirə mövzusu olub. Amma Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dediyinə görə danışıqlar prosesi sentyabrda bərpa olunacaq. Elə danışıqların formatı da həmin ay bilinəcək. Hələlik informasiyalar bununla məhdudlaşır. Bəs problemin ümumi mənzərəsi haqqında nə demək olar?
Məlumdur ki, Azərbaycanda növbəti prezident seçkilərinə bir il qalıb. 2008-ci il müəyyən mənada yubiley ilidir. 2008-ci ildə Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olmasının 15 ili, prezident İlham Əliyevin isə hakimiyyətinin 5 ili tamam olacaq. Seçki ərəfəsi dövr bir qayda olaraq hesabat ili olur. Amma digər sahələrdən fərqli olaraq Qarabağ problemi ilə bağlı deyiləsi sözlər azdır. Bu müddət ərzində problem nəinki həll edilməyib, hətta bunun konturları belə müəyyənləşməyib. Danışıqlar çox olub. Prezidentlər görüşüb, nazirlər danışıb. Danışıqlarda yeganə detal ondan ibarətdir ki, deyilənlərə görə, Ermənistan münaqişənin mərhələli həll yoluna meyl edib. Xatırladaq ki, Ermənistan əvvəllər münaqişənin həllinin paket variantına üstünlük verirdi. Uzun çəkən danışıqlardan sonra Ermənistanı azacıq da olsa bu mövqedən çəkindirmək mümkün olub.
Prinsipcə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səyləri iki qrupa bölmək olar. Birincisi, diplomatik səylərdir. Diplomatik səylər həm münaqişə ilə bağlı, həm də, ümumiyyətlə xarici siyasətlə bağlı işlərdən ibarətdir. Azərbaycan Qafqaz regionunun ən böyük dövləti və xarici siyasət baxımından daha çox maraq doğuran ölkəsidir. İkincisi isə hərbi səylərdir. 1994-cü ildə atəşkəs haqqında müqavilə imzalanandan sonra geniş miqyaslı hərbi əməliyyatlar olmayıb. Amma atəşkəs rejiminin pozulması halları olub. Hərbi səylər özündə həm də ölkənin müdafiə qabiliyyətinin artırılmasını ehtiva edir. Sonuncu istiqamətdə müəyyən işlər görülüb. Azərbaycanın hərbi büdcəsi Ermənistanınkından qat-qat çoxdur, ordusu daha güclüdür.
Amma hər iki qrup səylər münaqişənin həllinə hələ ki müsbət təsir göstərməyib. Güman etmək olardı ki, zaman faktoru öz işini görəcək. Yəni Azərbaycan ətrafındakı informasiya blokadası götürüləndən sonra, eləcə də dünya siyasətində müəyyən müsbət dəyişikliklər baş verəndən sonra münaqişənin həlli asanlaşacaq. Amma zaman faktoru özünü doğrultmadı.
Müəyyən irəliləyişlər var, amma bunlar kafi deyil. Bəzən zaman faktoru hətta tərs istiqamətdə belə təsir edir. Məsələ bundadır ki, münaqişə uzandıqca hamı buna alışır. Xüsusən də xarici dövlətlər. Təbii ki, əvvəlki dövrlərlə müqayisədə Azərbaycanın xarici siyasi dayaqları xeyli artıb. Bu da zaman faktorunun təsirdir.
Digər faktor iqtisadi amildir. Bir ara Azərbaycana vaxt lazım idi ki, özünün iqtisadi qüdrətini bərqərar etsin. Azərbaycan buna nail oldu. Ölkədə iqtisadi islahatlar aparıldı, mühüm regional layihələr həyata keçirildi. Amma bu da münaqişənin həllinə müsbət təsir etmədi. Ermənistan iqtisadi geriliyinə, mühüm regional layihələrdən kənarda qalmasına baxmayaraq öz mövqelərindən geri çəkilmədi. Bunun əsas səbəbi odur ki, bəzi dövlətlər, xüsusən də Rusiya təcavüzkar dövlətə iqtisadi yardımlar etməkdə davam edir.
Bəs münaqişənin həlli necə görünür? Bununla bağlı birmənalı cavab yoxdur. Aydın məsələdir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bu fikri Azərbaycanda hamı bölüşür-prezidentdən tutmuş sadə vətəndaşa qədər. Amma məsələnin dalan dirənməsi də faktdır. Heç kim bu dalandan çıxış yolunu bilmir. Problemin sırf hərbi yolla nizamlanmasının da tərəfdarları da gündən-günə artır. Bunu başa düşmək mümkündür. İnsanları vətənpərvərlik hissləri
belə fikirlərə təhrik edir. Xüsusən də gənclər arasında vətənpərvərlik hissləri güclüdür. Bakıda, ümumiyyətlə bütün ölkədə Qarabağı andıran tikililərin və ünvanların sayı-hesabı yoxdur. Amma bir sual insanları rahat buraxmır: münaqişə nə vaxt həll ediləcək?