Azərbaycan cəmiyyəti niyə süstdür? Niyə siyasi fəallıq yox dərəcəsindədir? İndi bu suallar hamını düşündürür. Seçki ərəfəsində isə bu suallar xüsusi aktuallıq kəsb edir. Elə ən sadə izah da seçkilərlə bağlıdır. Bəzi müstəqil müşahidəçilərin fikrincə, seçkilər olmadığı dövrlərdə cəmiyyət bir qayda olaraq siyasi cəhətdən fəal olmur, fəallıq seçkilər zamanı artır. Bu tezislə razılaşmaq da olar, razılaşmamaq da. Müxalifət də indiki siyasi passivliyini bu tezislə izah edir. Onlar da seçki vaxtı fəallaşacaqlarını vəd edirlər. İndi isə ümumi siyasi sakitlik dövrüdür.
Əgər Azərbaycanda stabil demokratik rejim olsaydı, bu tezislə razılaşmaq olardı. Amma stabil demokratik rejimlərdə belə, siyasi partiyalar seçkilərarası dövrlərdə fəaliyyətlərini davam etdirirlər, bir an cəmiyyətlə əlaqələrini üzmürlər. Azərbaycanın siyasi reallığının ən böyük problemi budur ki, cəmiyyətlə siyasi partiyalar arasında əlaqə və əks–əlaqə mexanizmləri pozulub. Cəmiyyət siyasi partiyalara siyasi etiraz idarəsi kimi baxır, zənn edir ki, cəmiyyətin iştirakı olmadan belə, bu partiyalar sosial–siyasi etirazları təşkil etməlidirlər. Bu, çox yanlış fikirdir. Siyasi partiyalar ən yaxşı halda siyasi etirazların təşkilatçısı ola bilərlər, onun hərəkətverici qüvvəsi isə bütün hallarda cəmiyyətin özü olmalıdır. Partiyalar isə təşkilatçılıq missiyasından imtina ediblər. Onlar da belə gümandadırlar ki, cəmiyyət özü etiraz etməli və təşkilatlanmalı, siyasi partiyalar isə sadəcə buna rəhbərlik etməlidirlər. Beləcə yanlış məntiqi dairə qapanır –cəmiyyət etiraz etmir, siyasi partiyalar isə rəhbərlik etmirlər.
Əgər Azərbaycanda siyasi proseslərə təsir edən ünsürlərin reytinqini müəyyən edən sorğu keçirilsəydi, bu sırada müxalifət heç də yüksək yerləri tutmazdı. Eyni sözləri mətbuat və qeyri–hökumət təşkilatları haqda da demək mümkündür. Bəs siyasi proseslərə kim daha çox təsir edir? Birmənalı şəkildə demək olar ki, ancaq müxtəlif səviyyəli məmurlar. Elə bu səbəbdən də müəyyən qisim politoloqlar ancaq məmurların iştirakı ilə yeni siyasi prosesin başlana biləcəyini iddia edirlər. Amma Azərbaycan reallığında bu istisna olunur. Azərbaycanda məmurlar açıq siyasi fəaliyyətlə məşğul olmurlar. Bir vaxtlar məmurlar arasındakı siyasi çəkişmə açıq müstəviyə keçəndə onlara açıq şəkildə deyildi: «Ya siyasi fəaliyyətlə məşğul olun, ya da məmurluq edin!». Bununla da məsələ yekunlaşdı. Açıq siyasi fəaliyyətə hazır olan məmur tapılmadı.
Cəmiyyətin siyasi passivliyindən danışanda iqtisadi amilləri də nəzərə almamaq mümkün deyil. Sosioloji təcrübələr göstərir ki, insanlar həmişə ən az müqavimət tələb olunan yolla gedirlər. İnsanın psixologiyası belədir. Azərbaycanda gündəlik məişət qayğıları insanların vaxtının böyük əksəriyyətini zəbt edir. İnsanlar məişət qayğılarının çevrəsindən kənara çıxa bilmirlər. Burada əvvəllər mövcud olan kollektiv etiraz formalarının yoxluğunu da qeyd etmək lazımdır. Bir vaxtlar güclü həmkarlar təşkilatları var idi. Həmkarlar sosial etirazları təmin edir, sosial hüquqların pozulmasının qarşısını alırdı. İndi isə bunu demək çətindir. Əksər, daha dəqiq desək, orta statistik azərbaycanlı işlədiyi yerdə hətta əmək müqaviləsi, həmkarlar təşkilatı olmayan işçidir. Belə olan təqdirdə hansısa etiraz mexanizmindən danışmaq yersizdir. Sabah insanların sosial-iqtisadi hüquqlarının qorunacağına təminat yoxdur.
Azərbaycanda iki anlayışı biri-birindən ayırmaq lazımdır: narazılıq və etiraz.
Ölkədə narazılıq var, özü də hiss olunacaq narazılıqdır. Dünyanın heç bir ölkəsində insanlar durmadan artan qiymətlərdən razı ola bilməzlər. Məsələyə bu aspektdən yanaşanda narazılıq mövcuddur. Amma etiraz yoxdur. Narazılıq passiv formadadır, o, sosial–siyasi tələblərə çevrilmir. Ancaq seçki dövründə narazılıq özünün siyasi ifadəsini tapa bilər. Elə bu səbəbdən 2008-ci ilin prezident seçkilərini gözləmək lazımdır. Ola bilsin ki, biz o vaxt cəmiyyətin narazılığının siyasi təzahürlərini müşahidə edəcəyik.
Seçki vaxtı bu narazılıq öz ifadəsini rəqəmlərdə tapacaq. Bu rəqəmlər kimin xeyrinə olacaq? Bunu gələcək seçki göstərəcək.