Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:55

Tikinti təhlükəli sektora çevrilir


Bakıda ucalan göydələnlər şəhər planına uyğun olmadan, harada gəldi tikilir
Bakıda ucalan göydələnlər şəhər planına uyğun olmadan, harada gəldi tikilir

Yasamal rayonu ərazisində ucalan göydələnin uçması xəbəri bütün digər mövzuları kölgədə qoydu. Problem bir neçə aspektdən maraq kəsb edir. Bura qanunsuz tikililər, tikintidəki qəza vəziyyətləri, şəhərsalma kimi mühüm məsələlər daxildir. İndi Bakı özünün yeni həyatını yaşayır. Sovet Bakısının yerində yeni Bakı yaranır. Amma bu yaranış çox ziddiyyətlidir. Qədim Bakı, sovet Bakısı və bir də yeni Bakı bir çox hallarda biri-birini tamamlamır. Qədim Bakının arxitekturası, sovet Bakısının möhkəm tikililəri–bütün bunlar yeni Bakının yaranışında nəzərə alınmır. Hamını narahat edən budur ki, yeni Bakıda ucalan göydələnlər şəhər planına uyğun olmadan, harada gəldi tikilir. Torpağın bahalılığı, çox qazanmaq istəyi və bir də hazır kommunikasiya xətlərinə yaxınlıq – insanları göydələn ucaltmağa vadar edən əsas səbəblərdir. Yeni göydələnlər parkların ərazilərində, köhnə binaların həyətlərində tikilir. Çox vaxt belə bir təbii suallar yaranır: Buna kim icazə verir? Nəyə görə şəhərsalma planına əməl edilmir? Nəyə görə şəhərin seysmik vəziyyəti nəzərə alınmır? Nəyə görə yeni binalar yeni qəsəbələr şəklində yox, köhnə binaların ərazisində ucaldılır? Bu suallara birmənalı cavab vermək çətindir.


Əvvəlcə, iki anlayışı fərqləndirək. Təəssüf ki, Azərbaycanda qanuni və icazəli anlayışları var. Hər hansı bir qəza törənəndə deyirlər ki, filan tikili qanunsuzdur. Məsələ bundadır ki, nəsə qanunsuz ola bilər, amma mütləq icazəli olmalıdır. Elə bu səbəbdən hansısa tikilinin icazəsiz və hamıdan xəbərsiz ucaldılmasını iddia etmək sadəlövhlükdür. Necə ola bilər ki, hamı şəhərin mərkəzində ucalan çoxmərtəbəli binadan xəbərsiz olsun? Bunu birmənalı şəkildə istisna etmək lazımdır.


Şəhərsalma planına gəldikdə isə, burada tam xaos hökm sürür. Memarların sözü ən yaxşı halda televiziyadan eşidilir. Özəl tikinti şirkətləri onlarla hesablaşmırlar. Göydələnlər bir tərəfə, memarlar yenicə ucaldılan körpülərin də yöndəmsiz və böyük olduğunu iddia edir, şəhərin görkəminə uyğun olmadığını, şəhər üçün problemlər yaratdığını bildirirlər. Memarların fikrincə, Bakıda göydələnlərin tikilməsinə heç bir lüzum yoxdur.


Buna hətta şəhərin seysmik vəziyyəti də imkan vermir. Üstəlik, bu, şəhərin qədim arxitekturasını pozur. Bakının küçələri onsuz da darısqaldır. Xaotik şəkildə ucalan binalar isə yolları daha da darısqal edir. Sovet memarlığında belə bir qayda var idi; binalar elə tikilirdi ki, onların uçacağı təqdirdə yollar bağlanmasın. İndi hər şey kimi sovet dövrünün bu qaydası da unudulub.


Bir detalı da qeyd edək. Son illərdə Azərbaycanda nəhəng tikililərə böyük maraq yaranıb. Böyük binalar, böyük yol layihələri, böyük körpülər- bir o qədər də böyük olmayan Bakının görünüşü və mahiyyəti ilə təzad təkşil edir.


Tikintinin intensiv xarakter alması bir tərəfdən yaxşı hadisədir. Nə tikilirsə o qalır. Bundan başqa, bu məsələnin sosial əhəmiyyəti də var. Yeni tikinti iş yerləri deməkdir. Xüsusən də rayonlardan gələn insanlar tikintilərdə iş tapırlar. Amma tikinti sektoru ən təhlükəli sahəyə çevrilir. Tikinti sektoru qəza və ölüm hadisələrinə görə digər sahələrdən öndədir. Təkcə son vaxtlarda bir neçə qəza hadisəsi olub. Bunun səbəbi odur ki, tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur. İnsanlar zəruri təhlükəsizlik texnikası və qaydaları ilə təmin olunmurlar. Əksər tikintilərdə insanlarla hətta əmək müqaviləsi belə bağlanmır. Bunun nəticəsində qəza vaxtı ölən və xəsarət alan insanların heç bir sığortası olmur, onların ailələri təzminat almırlar. Burada tikinti işlərinə cəlb olunan insanların peşəkarlığını da qeyd etmək lazımdır. Əvvəllər inşaatçılıq ayrıca peşə idi. Bunun üçün mühəndislər, ustalar və fəhlələr var idi. Texniki-peşə məktəblərində tikintilər üçün kadrlar hazırlanırdı. İndi isə bütün bunlar yoxdur-bir çox hallarda heç bir təcrübəsi olmayan insanlar tikintiyə cəlb olunurlar.


Tikinti sektoruna nəzarət edən nazirliklərin və idarələrin sayı artsa da, bunlar hələ lazımi effekt verməyib. Görünür, əsl nəzarət bu işi yerinə yetirən idarələrin çoxluğunda deyil, qanunlara və qaydalara əməl olunmasındadır. Hələlik ki, Bakının hündür bir yerinə çıxaraq baxmaq kifayətdir ki, yeni tikililərin necə xaos yaratdığını görəsən.


XS
SM
MD
LG