Bəzi məlumatlara görə sentyabr ayında Qəbələ RLS-i ilə bağlı üçtərəfli danışıqlar aparılacaq. Bu xəbər Qəbələ RLS-nin sırf təbliğat məqsədilə gündəliyə gətirildiyini iddia edən politoloqların yanıldığını deməyə əsas verir. Sonuncuların fikrincə bu məsələnin gündəliyə gətirilməsi ancaq təbliğat xarakteri daşıyırdı. Görünür, məsələ adi təbliğatdan bir qədər ciddidir. Ümumiyyətlə, geosiyasət ciddi və mürəkkəb fenomendir, burada çoxtərəfli gedişlər həmişə üstünlük təşkil edir.
Xatırladaq ki, Qəbələ RLS-indən birgə istifadə məsələsini Rusiya prezidenti V. Putin irəli sürmüşdü. O, ABŞ-a səfərində də bu məsələni qaldırmışdı. Amma yada salaq ki, Qəbələ RLS-indən birgə istifadə məsələsi bir ideya kimi xeyli əvvəl-94-95-ci illərdə meydana çıxmışdı. O vaxt hələ Qəbələ RLS-nin statusu müəyyən edilməmişdi. Və o vaxt heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa bu məsələ yüksək səviyyəli siyasi dairələr tərəfindən irəli sürüləcək. Bunu fərz etmək belə çətin idi. Ona görə ki, dünyanın iki çəkişən superqüvvəsini eyni bir məkanda hərbi – siyasi əməkdaşlığa cəlb etmək bir o qədər də asan məsələ deyildi. İndi bu hadisə baş verir. Amma proses indi də ziddiyyətli çalarlarla cərəyan edir. Rusiya prezidenti Qəbələ RLS-ni Polşada və Çexiyada tikiləcək raket hücumundan müdafiə qurğularının əvəzində təklif etmişdi. ABŞ isə heç bir vəchlə Çexiya və Polşa planlarından əl çəkmək niyyətində deyil, Qəbələ RLS-ni ancaq bu sistemlərə əlavə kimi nəzərdə tutur. Məsələnin bu aspektini qabardan politoloqlar məhz buna görə deyirlər ki, bu proses baş tutmayacaq, yəni ABŞ özünün Avropadakı planlarından əl çəkməyəcək, Rusiya da buna görə təklifindən imtina edəcək. Amma dərindən fikirləşəndə burada hər iki tərəfin uduşu var. Rusiya tərəfinin uduşu bundadır ki, ABŞ Qəbələ RLS-ni modernləşdirə bilər. Bundan başqa, Rusiya – ABŞ əməkdaşlığı üçün yeni bir imkan açılar. Dünyada Rusiyanın konstruktiv dövlət kimi imici artar. Son illərdə Rusiyanın iqtisadi qüdrəti artsa da o, ABŞ-la hərbi rəqabət aparmaq iqtidarında deyil. Bu, danılmaz faktdır. ABŞ Rusiyaya indi superdövlət kimi yox, regional güc mərkəzi kimi baxır. Bu, Rusiya üçün həqarət də olsa, faktdır.
ABŞ da bütün hallarda bu məsələdə maraqlıdır. Məsələnin müsbət həll olunacağı təqdirdə ABŞ cənub hava sektorunu nəzarətdə saxlamaq üçün yaxşı imkan qazanır. Hal-hazırda ABŞ-ın belə bir imkanı yoxdur.
Üstünlük qazanan tərəflərdən biri də Azərbaycan olacaq. Azərbaycan həm maliyyə baxımından qazanacaq, həm də siyasi baxımdan. Üstəlik, Azərbaycanın geosiyasi çəkisi artacaq – iki superdövlətin Azərbaycan ərazisində hərbi – siyasi əməkdaşlığı onun üçün müəyyən üstünlüklər yaradacaq.
Bütün bunlar təbii ki, ilkin xarakterli fərziyyələrdir. Əsl siyasətin necə inkişaf edəcəyini isə gələcək göstərəcək. Hələlik söhbət danışıqlardan və ilkin gümanlardan gedir. Danışıqlar isə ilkin məlumatlara görə sentyabrda başlayacaq. Ola bilsin ki, bu məsləhətləşmələr uzun çəkəcək. Çox güman ki, məsələ belə də olacaq. Belə mürəkkəb məsələlər bir günə həll olunmur. Söhbət mürəkkəb geosiyasi qərardan gedir. Qarşıdan da prezident seçkiləri gəlir. Növbəti ildə hər iki dövlətdə - Rusiyada və ABŞ-da prezident seçkiləri olacaq. Məsələni mürəkkəbləşdirən detallardan biri də budur. Prezident seçkiləri xarici siyasətdə ciddi dəyişikliklərə səbəb olmasa da prinsipcə siyasi korrektələr də mümkündür. Əksər politoloqların və şərhçilərin fikrincə, prezidentlərin dəyişməsi xarici siyasətdə elə bir dəyişiklik yaratmayacaq. Rusiya ilə bağlı məsələ aydındır. Çox güman ki, Rusiyada növbəti prezident V. Putinlə eyni siyasi düşərgədən olan bir nəfər olacaq, siyasi kurs dəyişməyəcək. ABŞ-la bağlı vəziyyət mürəkkəb olsa da, respublikaçıların və demokratların xarici siyasətlə bağlı baxışlarında hələ ki ciddi fərqlər nəzərə çarpmır. Ona görə də prezident seçkiləri ilə məsələyə nöqtə qoyulacağı bir qədər inandırıcı görünmür. Məsələyə nöqtəni ancaq iki böyük dövlətin maraqları qoya bilər. Necə deyərlər, siyasətdə əbədi dostlar yoxdur, əbədi maraqlar var.