Avropa Şurasının komissarı Tomas Hammarberq artıq bir neçə gündür ki, Bakıdadır. O, Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı məruzə hazırlayacaq. Bu günlər ərzində Hammarberq hüquq müdafiəçiləri, jurnalistlər, müxtəlif məmurlar və prezidentlə görüşüb.
Qeyd edək ki, məruzə Avropa Şurasının payız sessiyası üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyəti bu sessiyadan çox şey gözləyir. Amma təəssüf ki, daha məruzələr əvvəlki effekti yaratmır. Elə məruzəçilərin özləri də əvvəlkilərin yerini vermirlər. Məruzəçi Qrossdan sonra başqa birisi yoxdur ki, adı Azərbaycan ictimaiyyətinin yaddaşına həkk olunsun. İndi məruzəçilərin səfərləri çox sakit keçir. Elə məruzələr və dinləmələr də əvvəlki maraq və təsir ilə müşayiət olunmur. Bu yaxınlarda Avropa Birliyinin alt komissiyalarının birində Azərbaycanla bağlı dinləmələr keçirildi. Amma bu haqda ölkədə elə bir məlumat yayılmadı. İnsanlar daha əvvəlki fəallığı və marağı göstərmirlər. Elə Avropa Şurasının missiyaları ilə bağlı da müxtəlif fikirlər var. Gözləntilər bir neçə istiqaməti əhatə edir.
Birincisi, yeni qanunların qəbuludur. Bir neçə yeni qanun var ki, onlar Azərbaycanda hələ də qəbul olunmayıb. Bunlardan ən əsası «Diffamasiya haqqında» qanundur. Bu qanunun qəbulu yubadılır. Amma cəmiyyət arasında getdikcə belə fikir formalaşır ki, jurnalistlər yazılarına görə cinayət məsuliyyətinə cəlb olunmamalıdırlar. Burada seçki məcəlləsinə əlavə və düzəlişləri, «Sərbəst toplaşmaq haqqındakı» qanuna düzəlişləri də qeyd etmək lazımdır. Növbəti ildə Azərbaycanda artıq prezident seçkiləri keçiriləcək. Yeni seçki qanunvericiliyə yeni düzəlişləri zəruri edir. Amma böyük əksəriyyət bununla bağlı bir o qədər də optimist ruhda köklənməyib.
Məsələ ikinci məqamla bağlıdır. Bir çox müşahidəçilərin fikrincə Azərbaycanda yeni qanunların qəbul edilməsindənsə köhnə qanunlara əməl olunması daha böyük əhəmiyyət kəsb edir. Həqiqətən də bu, çox böyük problemdir. Bir çox hallarda çox yaxşı və mükəmməl qanunlar qəbul edilir. Amma praktikada onlara əməl olunmur, ya da çox pis əməl olunur. Prinsipcə, bu məsələ ilə bağlı Avropa Şurasının məruzəçilərinin monitorinqindən daha mükəmməl mexanizmlər var. Məsələ bundadır ki, Azərbaycan Avropa hüquq məkanının bir hissəsidir. Hər bir azərbaycanlı hansısa qanunun pozulmasından Avropa İnsan Haqları məhkəməsinə müraciət edə bilər. İndi belə müraciətlər onlarladır. Amma Avropa İnsan haqları məhkəməsinin də öz praktikası var – məhkəmə heç də bütün işləri icraata götürmür. Ona görə də məruzəçilərin də monitorinqinə ehtiyac yaranır. Məruzəçilərin də missiyası hələ tükənməyib. Elə burada üçüncü məqam meydana çıxır. Bu da siyasi məhbuslar problemidir. Əgər qanunlara düzgün əməl olunsaydı bəlkə də bu problem meydana çıxmayacaqdı. Bir çox adamlar özlərini ona görə siyasi məhbus hesab edirlər ki, onlara münasibətdə hansısa qanunlar və prosessual qaydalar pozulub. Vaxtilə Avropa Şurası siyasi məhbusları müəyyən etmək üçün beş meyar irəli sürmüşdü. Bu meyarlar hələ də qüvvədə qalıb və hüquq müdafiəçiləri onların əsasında siyasi məhbusların siyahısını tərtib edirlər, baxmayaraq ki, bu illər ərzində adı siyasi məhbus kimi hallanan yüzlərlə adam həbsdən azad edilib. Amma qanunların icrası pozuntularla müşayiət olduğundan problem hələ də qalır.
Bütövlükdə götürəndə Azərbaycanda demokratiya ilə bağlı bir sıra problemlər var ki, bunlar Avropa Şurasının məruzəçilərinin diqqətin cəlb etməlidir. Ən birinci problem söz azadlığı və bununla bağlı məsələlərdir. İndi Azərbaycanda yeni bir termin yaranıb: «etik jurnalistika». «Məsuliyyətli demokratiya» terminindən sonra bu, yeni yaranmış ikinci termindir. «Etik jurnalistika» prinsipcə pis anlayış deyil və jurnalistlər etika qaydalarına əməl etməlidirlər. Amma etika özündə tərbiyələndirməyi daha çox ehtiva edir, nəinki cəzalandırmağı.
İkinci ən böyük problem əvvəldə qeyd etdiyimiz sərbəst toplaşmaq azadlığıdır. İndi bu, böyük bir problem kimi qalır. Sərbəst toplaşmaqla bağlı bir sıra problemlər var: aksiyaların keçirilməsinə ya icazə verilmir, ya da elə yerlərdə icazə verilir ki, orada aksiya keçirməyin də heç bir əhəmiyyəti yoxdur.
Göründüyü kimi problemlər yetərincədir. Və onların həlli illərlədir ki, yubadılır.
Avropa Şurası bu problemlərin həllində yardımçı ola biləcəkmi? Daha bir sessiyasını gözləyək. Bundan sonra nəsə demək olar.