2007-ci il Qarabağ problemi ilə bağlı böyük vədlərlə yadda qaldı. Minsk Qrupunun həmsədrləri hətta bir ara bəyan etdilər ki, seçkilərə qədər prezidentlər arasında çərçivə sazişinin imzalanması mümkündür. Amma yenicə başlanmış 2008-ci il Qarabağ problemindən də yan ötmədi. İndi məlum olur ki, Minsk Qrupunun həmsədrləri yeni variant hazırlamalıdırlar. Bu xəbər həmsədrlərin bölgəyə son səfərindən sonra səsləndirildi.
Hərçənd elə əvvəlcədən də aydın idi ki, Azərbaycanda və Ermənistanda prezident seçkiləri qurtarana qədər hər hansı diplomatik razılaşmadan danışmaq əbəsdir. Xüsusilə Ermənistandakı vəziyyət diplomatiya üçün çox əlverişsizdir. Hazırda bu ölkədə prezidentlik uğrunda bir neçə nəfər mübarizə aparır və kimin prezident olacağı haqqında ancaq ehtimallar söyləmək mümkündür. Düzdür, keçmiş sovet respublikalarının bir çoxunda seçkiləri inzibati resurslara malik olan hakimiyyət və ya buna yaxın adamlar udurlar.
Təbii ki, bura geopolitik amilləri və resursları da əlavə etmək lazımdır. Amma bütün hallarda seçki seçkidir və onun nəticələrini irəlicədən tam hesablamaq mümkün deyil. Bəlkə tərəflərin çıxışlarındakı hərbi ritorikanın çoxalması da seçki prosesinin nəticəsində baş verir. Son vaxtlar çıxışlarda hərbi notlar daha çox üstünlük təşkil edir. Təsadüfi deyil ki, gündəliyə «problemin həllində diplomatik resurslar tükənibmi?» kimi suallar gəlir. Hələlik tərəflərin mövqeyi budur ki, diplomatik resurslar hələ də qalır və danışıqlar davam etməlidir. Amma belə bir fakt da maraq kəsb edir ki, tərəflər daha əvvəlki kimi zaman faktoruna arxayınçılıqla və etinasız yanaşmırlar.
İndi zaman amili vaxtdan daha səmərəli istifadə etməyə səsləyir. Fəqət, zaman amilinin münaqişənin gedişinə və həllinə öz təsiri var. Məsələ bundadır ki, başlanğıc şərtlər diplomatiyanın gedişinə daha çox təsir edir. Məhz bunun nəticəsidir ki, daha güclü orduya və resurslara malik olan Azərbaycan diplomatik danışıqların gedişini hələ də öz maraqlarına tabe edə bilmir. Bunun üçün təkcə potensial imkanlara malik olmaq azdır, həm də vəziyyət Azərbaycanın xeyrinə dəyişməlidir. Hazırda potensial imkanlarına görə, Azərbaycan xeyli irəlidədir, amma Ermənistanın qazandığı müvəqqəti hərbi üstünlük ona imkan vermir ki, bunu diplomatiya sahəsində reallaşdırsın. Burada obyektiv çətinliklər də var. Ermənistan Rusiyadan təkcə geosiyasi amil kimi istifadə etmir, həm də onun hərbi potensialından yararlanır.
Artıq diplomatlar da zamanın çox uzandığından gileylənirlər. Prinsipcə, tarixi daha böyük olan münaqişələr də mövcuddur. Amma Qarabağ probleminin də tarixi artıq 20 ilə yaxınlaşır. Bu, az müddət deyil. Nəzərə alsaq ki, problemi həll etmək üçün hakimiyyətlərə ayrılan zaman limiti də sonsuz deyil, onda məsələnin çətinliyi bir az da aydınlaşar. Elə Minsk Qrupu üçün də zaman az əhəmiyyət kəsb etmir. Bu institutun da yaradılmasından artıq 16 il keçir. Amma bütün bunlara baxmayaraq əksər müşahidəçilər problemin yaxın vaxtda həll olunacağını güman etmirlər. Hətta ən optimist araşdırıcılar belə hesab edirlər ki, problemin həlli bir neçə pillə razılaşmalardan asılıdır. Amma ən azı problem ətrafındakı geosiyasi konfiqurasiyaya nəzər salsaq bunun yaxın müddət ərzində dəyişikliyə məruz qalacağını demək çətindir.
Minsk Qrupunun həmsədrləri dünyanın və bölgənin ən güclü dövlətləridir. Bu həlqədə Rusiyanın zəifləyəcəyi güman edilirdi, ancaq son proseslər və yeni iqtisadi araşdırmalar göstərir ki, Rusiya nəinki zəifləmir, əksinə güclənir. Güclənməkdə olan Rusiya tərəflərə münasibətdə açıq-aşkar fərqli mövqe nümayiş etdirir. O, Azərbaycana sadəcə tərəfdaş və qonşu kimi baxırsa, Ermənistanı özünün hərbi müttəfiqi və Cənubi Qafqazda hərbi istehkamı hesab edir. Təbii ki, bu da münaqişənin nizamlanmasına öz təsirini göstərir.
İndi həmsədrlər daha bir yeni variant hazırlamalıdırlar. Bu variantda daha hansı yeni reallıqlar öz əksini tapacaq? Tərəflər onu qəbul edəcəkmi? Yeni proses nə vaxta qədər davam edəcək? Bu variantı da əvvəlki variantların aqibəti gözləmir ki? Sualları davam etdirmək olar. Amma buna lüzum yoxdur, çünki sualların da zamana ehtiyacı var.