Azərbaycan siyasətinin problemli cəhətlərindən biri də siyasi partiyalardır. Onların siyasətdə iştirakından tutmuş qeydiyyatına qədər bütün problemlər həmişə ciddi mübahisələrə səbəb olur. Təbii, bu, o demək deyil ki, siyasi partiyalar cəmiyyətin həyatında mühüm rol oynayır, əksinə bu rol getdikcə zəifləyir. Qeydiyyatdan keçmiş partiyaların sayı əllidən çox olsa da onların üzvlərinin, parlamentdəki deputatlarının sayı hiss olunacaq dərəcədə azdır.
Partiyalar parlamentdə əksər hallarda bir və ya iki deputatla təmsil olunublar. Hətta belə təəssürat yaranır ki, bu cür təmsilçilik çoxpartiyalı ölkə görüntüsü yaratmaq üçündür. Reallıqda isə ölkə daha çox təkpartiyalı sistem modelinə yaxındır. Bunun demokratiya ilə necə uzlaşması məsələsi də təəccüb doğurur.
Karl Popper yazırdı ki, hələ heç kimə siyasi partiyalar olmadan demokratiya qurmaq nəsib olmayıb. Elə Azərbaycan cəmiyyətinin də siyasi partiyalara münasibəti ziddiyyətlidir. İnsanlar bir çox hallarda belə hesab edirlər ki, siyasi partiyaların çoxluğu cəmiyyəti parçalayır.
Siyasi partiyalara böyük maraq ölkənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Siyasi partiyaların birinci dalğasının yaranması da məhz həmin dövrə - ötən əsrin 90-cı illərinin əvvəlinə təsadüf edir. Sonradan həm obyektiv, həm də subyektiv səbəblərdən bu prosesə cəmiyyətin marağı azaldı.
İndi bir müddətdir ki, ölkədə siyasi partiyalar haqqında yeni qanunun qəbul ediləcəyi barədə xəbərlər dolaşır. Amma hələ ki konkret məlumat yoxdur. Yeni qanun nə vaxt qəbul ediləcək? Ona hansı yeniliklər ediləcək? Bütün bu sualların dəqiq cavabı yoxdur. Amma son dövrlərdə KİV-lərdə bir məsələ – siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi müzakirə edilir. Məsələ gündəmə ilk dəfə bir sıra müxalifət deputatları tərəfindən gətirilmişdi. Məsələnin geniş müzakirəsi onu bir qədər də aktuallaşdırdı.
Məsələ üzərində düşünəndə istər-istəməz bir sual meydana çıxır: siyasi partiyaların əsas problemi nədir? Maliyyə problemi təbii ki, mühümdür. Amma reallığı araşdıranda bəlli olur ki, siyasi partiyalar təkcə ona görə zəif deyillər ki, maliyyə vəsaitləri azdır. Bu zəiflik ölkədəki siyasi sistemin təzahürüdür. Məsələn, siyasi partiyaların zəifləməsinə, onlara qarşı marağın azalmasına, hətta bəzi siyasi liderlərin partiyaların rəhbərliyindən uzaqlaşmasına səbəb proporsional seçki sisteminin ləğvi oldu. Maliyyə, əsasən partiyaların fəaliyyətini şəffaflaşdırmaq, onların müxtəlif qruplardan asılılığını azaltmaq üçün mühüm rol oynaya bilərdi.
Dövlət maliyyələşdirməsinin siyasi partiyaların müstəqilliyinə xələl gətirə bilməsi ilə bağlı narahatlıq isə bir o qədər də əsaslı deyil. Bəzi ekspertlərin qənaətincə, Azərbaycanda siyasi partiyaların müstəqilliyi onsuz da şərti xarakter daşıyır. Partiyaları asılı vəziyyətə salmaq üçün ən yaxşı vasitə bəlkə də maliyyə yox, onların fəaliyyətini zəiflətməkdir. Məhz fəaliyyətlərinin zəifləməsi siyasi partiyaları hakimiyyətdən asılı qurumlara çevirdi. Partiyalar güclü olduqları vaxtda maliyyə baxımından bir o qədər də çətinlik çəkmirdilər. Amma hər şey şəffaflığa doğru getdiyindən siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi də gec-tez gündəliyə gəlməlidir. Sadəcə, bu problemin necə həll ediləcəyi bir qədər aydın deyil.
Hansı partiyalar maliyyələşdirilməlidir? Bu proses hansı prinsiplər əsasında həyata keçirilməlidir? Bunun üçün nə qədər maliyyə vəsaiti ayrılmalıdır? Təkcə bu məsələlər sual doğurmur. Ölkədə partiyalararası dözümsüzlük var. İlk növbədə bu dözümsüzlük aradan qalxmalı, çoxpartiyalılıq bir prinsip kimi hamı tərəfindən qəbul edilməlidir. İndi isə reallıq elədir ki, partiyalar biri-birini təkcə seçkilərdə məğlub etməyə çalışmır. Digər məsələ ədalətli meyarların tətbiq edilməsidir. Ölkənin həqiqi siyasi spektrini müəyyən etmək üçün ədalətli seçkilər mühüm şərtdir. Bunun olmayacağı təqdirdə partiyaların maliyyələşməsi həmişə mübahisə doğuracaq. Maliyyə öz əsl ünvanına yox, parlamentdə bir-iki deputatla təmsil olunan kiçik partiyalara yönələcək. Bu isə nəinki partiyaların, heç vergi ödəyənlərin də maraqlarına cavab vermir.