Liviya Milli Ordusunun komandanı general Khalifa Haftar ölkədən neft ixrac olunmasına maneçilik törətməkdə davam edərsə, ABŞ onun üzərində sanksiyalar qoya bilər.
Bu barədə məlumatı mənbələrə istinadən ABŞ-da çıxan The Wall Street Journal qəzeti yayıb.
Qəzet yazır ki, Haftar Liviya neft limanlarının blokadasını Rusiyanın təzyiqi altında davam etdirir.
General Haftar Liviyanın BMT və Türkiyənin dəstəklədiyi qanuni hökumətinə qarşı silahlı mübarizə aparır.
Haftarı Rusiyadan başqa Misir, Birləşmiş Ərəb Əmirlikləri və Fransa dəstəkləyir.
Türkiyə-Rusiya qarşıdurması və Pentaqon
The Wall Street Journal qəzetinin istinad etdiyi mənbələr bildiriblər ki, Pentaqon Rusiyanın Vagner özəl hərbi şirkətinin Haftara muzdlu əsgərlərin təchizatı ilə kömək etdiyinə dair məlumatlara malikdir.
Həmin məlumata görə rusiyalı muzdlular Liviyanın ən iri neft mədəni olan Şarara yatağına nəzarət edirlər.
Rusiya mediası Vagner özəl şirkətinin “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeny Prigozhin-ə aid olduğunu yazır.
The Wall Street Journal yazır ki, sanksiya siyahısına Haftarın ABŞ-ın Virciniya ştatındakı torpaq sahəsi və daşınmaz mülkiyyəti salına bilər.
ABŞ, Türkiyə və BMT dəfələrlə Rusiyanın Liviyaya muzdlu əsgərlər və silahlar göndərdiyi barədə bəyanatlar veriblər.
Rusiya bu xəbərləri əsassız adlandırır. Lakin Rusiya prezidenti Vladimir Putin çıxışlarından birində Liviyada Rusiya vətəndaşlarının olduğunu etiraf etmiş, amma onların ora Moskva tərəfindən göndərilmədiyini bildirmişdi.
Şarara mədənləri
Liviyanın neft korporasiyası Şarara mədənlərində neft hasilatını bir il bundan əvvəl dayandırıb.
İyunun əvvəllərində bu yataqda hasilatın bərpa olunduğu xəbər verilsə də, bir neçə gündən sonra işlər dayandırılmışdı.
Korporasiya bildirmişdi ki, neft yatağı əcnəbi muzdlular tərəfindən zəbt edilib.
Məhz bundan sonra Liviya neft ixracı portlarının da Haftar tərəfindən blokadaya alındığı barədə xəbərlər yayılmışdı.
Liviyada diktator Muammar Gaddafi 2011-ci ildə devriləndən bəri vətəndaş müharibəsi davam edir.
Döyüşlər BMT tərəfindən tanınmış Milli Barışıq Hökuməti (MBH) ilə ölkənin şərqində, Tobruk şəhərində mənzillənmiş Abdallah Abdurrahman Thani-nin müvəqqəti kabinetinin qüvvələri arasında gedir.
Haftar formal olaraq Thani hökumətinin silahlı qüvvələrinə komandanlıq edir.
“Axmaqlıq etdiyi” barədə xəbərdarlıq edilib
Haftar Moskvada təhsil alıb, lakin ABŞ vətəndaşıdır. O bir vaxtlar diktator Gaddafi-nin ən yaxın adamlarından biri kimi tanınsa da, sonralar müxalifətin tərəfinə keçib.
Qəzet yazır ki, Haftar Gaddafi-nin devrilməsi məqsədilə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi ilə əməkdaşlıq edib.
Liviya və Avrtopa İttifaqındakı mənbələr bildirirlər ki, Haftar əvvəlcə dəniz limanlarının təkrar açılmasına razılaşıbmış, lakin Vagnerin muzdluları Es Sider terminalına yeridildikdən sonra fikrini dəyişib.
WSJ yazır ki, Dövlət Departamenti “neft limanlarının açılmasına imkan verməməklə axmaqlıq etdiyi və onun üzərinə ağır sanksiyalar qoyula biləcəyinə” dair Haftarın özünə xəbərdarlıq edib.
ABŞ mülkiyyət reyestrindəki məlumata görə Haftarın Virciniya ştatında 185 min dollarlıq rançosu və 364 min dollarlıq villası var.