Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:56

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

13:18 27.12.2014

ABŞ-IN BAKIDAKI SƏFİRLİYİ AZADLIQRADİOSUNDA AXTARIŞIN SƏBƏBİNİN AYDIN OLMADIĞINI BİLDİRİR

ABŞ-ın Azərbaycandakı səfirliyi AzadıqRadiosunun Bakı bürosunun ofisində axtarış aparılması və ofisin qapılarının möhürlənməsi ilə bağlı Amerikanın Səsinin sualına cavab verib. Cavabda deyilir:

“Biz mətbuatda Azadlıq radiosunun ofisində hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq. Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil.

Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmilərdən qanunlara uyğun olaraq və Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırmaların aparılmasına çağırırıq. Biz ümidvarıq ki, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar”, cavabda deyilir.

14:53 27.12.2014

AZADLIQRADİOSUNUN ƏMƏKDAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ PROKURORLUĞA DİNDİRİLMƏYƏ ÇAĞIRILIR

AzadlıqRadiosunun Bakı bürosunun ofisinin möhürlənməsindən sonra əməkdaşlarımız kütləvi şəkildə prokurorluğa çağırılır. Prokurorluq əməkdaşları hətta jurnalistləri gecə saatlarında da dindirməyə cəhd edirlər.

Jurnalistlər vəkkillərinin iştirakı üçün vaxt istəsələr də onları hətta zorla dindirilməyə gətiriləcəklərini deyirlər.

Artıq əməkdaşlardan bir neçəsi, hətta müxtəlif bölgələrdə çalışan müxbirlərimizi yerli prokurorluqlara çağırıb dindirirlər.

Vəkil Yalçın İmanov bildirir ki, jurnalistlərin tez-tələsik kollektiv şəkildə istintaqa cəlb edilməsinin niyyətini anlamaq çətindir. Dindirilməyə çağırılan bu sayda jurnalistlə müqavilələrin imzalanması, etibarnəmələrin hazırlanması iş günü olmadığı üçün zaman tələb edir: "Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İqbal Hüseynov bununla bağlı mənə də zəng etdi. İzah etdim ki, jurnalistlərin vəkilin iştirakı olmadan dindirilməsi bizə qeyri-hüquqi niyyətlərdən xəbər verir. Ona görə də hər kəsin vəkillə təmin olunması üçün bir qədər zaman verilməsini istədik. Hələlik jurnalistlərin dindirilməsinin gələn həftənin əvvəlinə saxlanmasına ilkin olaraq razılaşıblar" - deyə vəkil bildirib.

15:08 27.12.2014

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN YÜKSƏK SƏVİYYƏLİ RƏSMİSİNDƏN MEDİA ÜÇÜN AÇIQLAMA

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi AzadlıqRadiosunun Bakı ofisinin möhürlənməsi və əməkdaşların istintaqa çəkilməsi barədə dekabrın 26-da mətbuat üçün aşağıdakı açıqlamanı yayıb:

- Biz AzadlıqRadiosunun Bakıdakı bürosunun ofisində əməkdaşların saxlanması, sorğu-suala çəkilmələri və polisin ofisdə axtarış aparması barədə xəbərlərdən çox ciddi şəkildə narahatıq.
- Bu istintaq və axtarışın səbəbləri aydın deyil.
- Biz hakimiyyət orqanlarını media azadlığının qorunması barədə Azərbaycanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırq.
- Azad və müstəqil media hər bir dövlət üçün olduqca önəmlidir.

Davamı

XS
SM
MD
LG