Məcburi işə gətirilmə varmı?
Fevralın 7-də qeyri-iş günü olmasına baxmayaraq İmişli rayonundakı orta məktəb və bağçaların bütün işçilərinin məcburi işə çağırıldığı ilə bağlı şikayətlər eşidilir.
Yerli sakinlərin məlumatına görə, onlar kollektiv surətdə şəkil çəkdirib yerli təhsil idarəsinin və icra hakimiyyətinin seçkiyə məsul əməkdaşına göndərirlər. "Yalnız bundan sonra onlar kiçik qruplarla seçki məntəqələrinə göndərilir", - adının çəkilməsini istəməyən rayon sakini vurğulayıb.
İmişli rayon İcra Hakimiyyətinin Qaradonlu kəndi üzrə nümayəndəsi Məhəmməd İsmayılov bu deyilənləri təkzib edib: "Mən bu gün Gövhərli məktəbinə ayaq basmamışam. Seçki məntəqələrinin 100 metr həndəvərində dolanmıram. Ailə üzvlərimlə səhər Qaradonlu kəndindəki 40 saylı məntəqədə səs verib çıxmışam".
Ayrı-ayrı müstəqil jurnalistlərin şikayətinə görə, bəzi məntəqələrdə onların müşahidə aparmasına icazə verilməyib. Buna səbəb kimi onların Medianin İnkişafi Agentliyinin reyestrində qeydiyyatdan keçməmələri göstərilib.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 37 saylı məntəqəsində səsvermə kabinəsinə iki şəxsin eyni vaxtda daxil olduğu deyilir.
Səslənən şikayətlərə, hələlik, Mərkəzi Seçki Komissiyasından ayrıca münasibət almaq mümkün olmayıb.
Bakıda 7 saylı Səbail seçki dairəsinin 32 saylı məntəqəsində rayon qeydiyyatında olan bir şəxsin səs verdiyi bildirilir.
Şikayətlərə görə, həmin şəxsin bundan ötrü çıxarış sənədi olmayıb.