"200 min manata mənzil aldım ki, əlil oğlum arabasıyla rahat hərəkət edə bilsin, amma..."
“Şirkətlə bağlanmış müqavilədə binada pandusların qurulması da şirkət tərəfdən öhdəlik kimi qeyd olunub. Ancaq bina hazır olanda və təmirə başlamaq istəyəndə bəlli oldu ki, binada pandus yoxdur”.
Buna da bax: Bakıda panduslar əlillərin işinə niyə yaramır?
Habil Əliyev keçirdiyi avtoqəzadan sonra əlil arabasına ömürlük təhkim olunmuş 1-ci qrup əlildir. AzadlıqRadiosu-na danışır ki, ailəsi 3 il əvvəl Mətbuat prospektində inşası davam edən yeni tikililərdən birindən 200 min manata mənzil alıb. Ailə üzvləri mənzili alarkən məhz Habilə görə binada əlillərin hərəkətinin əlverişli olub-olmamasına xüsusi diqqət göstəriblər:
“Biz 1 ildən çox bina axtardıq, beləsini tapa bilmədik. Heç bir yeni tikilidə əlillərin hərəkəti nəzərə alınmayıb. Nəhayət, bu şirkətin müqaviləsində gördük ki, əlillər üçün pandus quraşdırılması ilə bağlı bənd var, ona görə də mənzili buradan aldıq. Bina tam hazır deyildi. Ötən il bizə xəbər elədilər ki, açarları götürüb təmirə başlaya bilərik. Atam şirkətə getdi, bir də gördük ki, çox məyus şəkildə qayıdıb. Dedi ki, “aldadıblar, binada pandus yoxdur”.
Buna da bax: Ailə gözünü əlil pensiyasına dikib, o da yavan çörəyə belə çatmır
MƏNZİLİ QAYTARA BİLƏR, AMMA...
Atası Müzəffər Əliyev deyir, Habilin 26 yaşı var, kiminsə onu fiziki idarə etməsini qəbul etmir. Özü əlil arabasıyla sərbəst hərəkət etmək istəyir. Məhz Habilin arzusunu gerçəkləşdirməkdən ötrü ailə borca-xərcə düşərək pandus vəd edən şirkətdən özləri demiş, “od qiymətinə” mənzil alıb:
“Şirkətə narazılığımı bildirdim, dedilər, mənzili qaytara bilərsən, ancaq gərək gözləyəsən ki, mənzil satışa çıxarılsın, satılsın, faizlər çıxılmaq şərtilə yerdə qalan pul özünə qaytarılsın. Hazırda yeni tikililərdə mənzil alan yoxdur. Mən hələ neçə il də gözləməliyəm ki, o mənzil satılsın. Bu, müştərini axmaq yerinə qoymaqdır”.
Müqavilə 3 il öncə “Məhsul MTK” ilə bağlanıb. AzadlıqRadiosu həmin şirkətlə əlaqə yarada bilməyib.
Buna da bax: Əlil: “Hacıbala müəllimin qapısına papaq atacağıq”
“BƏND TƏLƏB KİMİ QOYULMAYIB”
Hüquqşünas Namizəd Səfərov deyir, 2013-cü ildən qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsində yaşayış binaları inşa edilərkən fiziki məhdudiyyətli şəxslərin rahat hərəkət etməsi üçün gərəkən avadanlıqların-pandusların qurulması ilə bağlı bənd var:
“Bu qanunda boşluq var. Boşluq da ondan ibarətdir ki, bu bənd tələb kimi qoyulmayıb. Bu bəndin yerinə yetirilmədiyi halda hər hansı inzibati cəza (cərimə və sair) nəzərdə tutulmayıb. Yəni şirkətlər bu bəndə əməl edə də bilərlər, etməyə də... Ancaq konkret dediyiniz məsələyə gəlincə, əgər şirkətlə payçı arasında bağlanmış müqavilədə pandusların quraşdırılması öhdəliyi varsa, vətəndaş müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Şirkət müqavilənin şərtinə əməl etmədiyindən, əksinə, məhkəmə şirkətdən vətəndaşın xeyrinə təzminat da tuta bilər. Üstəlik də devalvasiyalar nəzərə alınmaqla vaxtilə ödədiyi 200 min manatdan əlavə pul ala bilər".
Buna da bax: Kənddən gəlib Bakıda iş tapdı, amma sevinmədi...
Ekspert Ramil Osmanlı deyir, əlillərin rahat hərəkəti təkcə yaşayış binaları yox, bir sıra ictimai məkan və ərazilərdə də nəzərə alınmır. Səkilərdə, pilləkənlərdə və piyada keçidlərində bu çatışmazlıq daha qabarıqdır:
"Əsas problemlərdən biri əlillər üçün infrastrukturun nəzərə alınmamasına nəzarət və buna qarşı cəza tədbirinin görülməsinin hansı orqanın səlahiyyətinə aid olmasının bilinməməsidir. Yəqin bu məsələdə nəzarət mexanizmi və məsuliyyət məsələsi dəqiqləşənə qədər problem qalacaq".