Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:31

Meşədə tutulan Ermənistan vətəndaşı: 'Sülhməramlıların yanından keçib gəldik…'


Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlikdə 2020-ci ilin dekabrında saxlanan Ermənistan vətəndaşları deyir ki, onlar oranın Azərbaycan əraziləri olduğunu bilmirdilər.

İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində 14 nəfər erməni onlara verilən terrorçuluq, qanunsuz silahlı birləşmələr yaradıb basqınlar hazırlama, Azərbaycan sərhədini qanunsuz keçmə kimi ittihamlara münasibət bildirərkən belə deyib.

Özlərini təqsirli bilmirlər

Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxslərdən vəsatətləri olub-olmadığını soruşanda Volodya Hakobyan belə cavab verib:

“Bizim evimizə qayıtmağımız haqda qərar verin...”

Ardınca prokurorlar ittiham aktını elan edib. Orada göstərilib ki, təqsirləndirilən 14 nəfər 26-27 noyabrda Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, Hadrut ərazisindəki meşələrdə yerləşiblər. Onların üzərində silah-sursat olub. Dekabrın 13-ə qədər Azərbaycan ərazilərində müxtəlif terror aktları, təxribatlar törədiblər.

Təqsirləndirilən şəxslər ittihamda yazılanlarla razılaşmayıblar. Onların heç biri özünü təqsirli bilməyib.

“Laçında yolun üstündə sülhməramlılar dayanmışdılar”

Geğam Serobyan deyib ki, ali təhsilli olduğu üçün rütbəsi vardı. Müharibə başlayanda ona çağırış gəlib. Fərarilik ittihamıyla həbs olunmamaq üçün müharibəyə getməyə məcbur olduğunu deyən Serobyanın sözlərinə görə, noyabrın 27-də onları maşınla Laçına gətiriblər:

“Ermənistanın sərhədlərinin harada olduğunu bilirdim, amma Qarabağın sərhədini yox. Noyabrın 27-də Gümrüdə Quqasyan hərbi komissarlığından bizi avtobuslara doldurub Laçına gətirdilər. Bilirdim ki, Laçın Qarabağa aiddir, amma Azərbaycan ərazisi olduğunu bilmirdim. Biz orda növbəli şəkildə 15 gün qalıb, sonra Ermənistana qayıtmalıydıq. Laçında yolun üstündə sülhməramlılar dayanmışdılar, onların yanından keçib gəldik”.

Meşədə məskunlaşdıqlarını təsdiqləyən Serobyan aldadıldığını bildirib. Onun sözlərinə görə, nə vaxtsa Ermənistana qayıtsa, niyə Azərbaycan ərazisinə göndərildiyini mütləq onu göndərənlərdən soruşacaq:

“Bizə demirdilər ki, getdiyiniz yer Azərbaycan ərazisidir. Demirdilər ki, Azərbaycan həmin əraziləri azad edib. Ona görə də biz Azərbaycan ərazisinə keçmişik. Bizi aldatdılar. Yoxsa mən başqa ölkənin ərazisinə silahla keçməzdim”.

Serobyan istintaqa ifadəsində isə deyib ki, məqsədləri Azərbaycan ordusuna və mülki əhaliyə qarşı təxribatlar törətmək, yeni ərazilər ələ keçirmək idi.

“10 gün qalandan sonra gəlib növbəni dəyişəcəklər”

Digər təqsirləndirilən - Qraç Avakyan da məhkəmədə danışıb. Onun sözlərinə görə, silah paylayıb, onları Laçına göndəriblər:

“Bizə demişdilər ki, 10 gün qalandan sonra gəlib növbəni dəyişəcəklər, biz evimizə qayıdacağıq. Növbə dekabrın 12-13-ü dəyişməliydi. Biz aşağı tərəfə düşəndə azərbaycanlılar bizi tutdu...”

Təqsirləndirilən şəxs iddia edir ki, o, 10 noyabr bəyanatından sonra ehtiyat üçün hərbçilərin həmin ərazilərdə saxlandıqlarını düşünüb:

“Elə bilirdim ki, biz ehtiyat üçün orada xidmət aparırıq. Mənim günahım yoxdur, günah bizi ora göndərəndə, bizi ora aparandadır”.

Məhkəmə prosesi iyunun 29-da davam edəcək.

Ermənistanda aksiya: Övladlarımızı Azərbaycandan geri gətirin
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

40-a qədər təqsirləndirilən

Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Azərbaycan CM-in 214 (terrorçuluq), 318 (dövlət sərhədini qanunsuz keçmə) və digər maddələrində 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində eyni ittihamlarla müxtəlif qruplarda ümumilikdə 40-a qədər Ermənistan vətəndaşının məhkəməsi gedir.

Azərbaycan ötən payız 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib.

10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan hərbi əməliyyatlar dayandırılandan sonra ərazisində saxlananları “terrorçu-diversant” adlandırır.

Ermənistan isə onları hərbi əsir sayır, azadlığa buraxılmalarını tələb edir.

XS
SM
MD
LG