Bugün, dekabrın 23-də Rusiyaya səfər edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ölkədən olan həmikarı Sergey Lavrovla görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.
Bildirildiyinə görə, Laçın yolu ətrafında yaranan vəziyyət də müzakirələrin əsas mövzusu olub.
Həmin yolda etirazların keçirildiyini söyləyən nazir qeyd edib ki, ölkə ərazilərində “təbii sərvətlərin qeyri-qanuni istismarı, bununla bağlı ekoloji vəziyyətin gərginləşməsi, Ermənistan tərəfindən Laçın yolundan sui-istifadə halları Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olub”
XİN-in məlumatına görə, görüşdə habelə “Azərbaycanın Laçın yolunu bağlaması, erməni sakinlərin blokadaya alınması haqqında iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb”.
Həmçinin açıqlamaya görə, o deyib ki, sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsində Azərbaycan qərarlıdır.
“Nazir Sergey Lavrov, bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib” - XİN qeyd edib.
Üçtərəfli görüşün baş tutmaması
Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənənədək təxirə salınmasını istəmişdi.
Bu barədə məlumatı dekabrın 22-də Ermənistan XİN-in sözçüsü Vaan Unanyan verib.
Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında görüşün dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılmışdı.
Bundan əvvəl Rusiya XİN Ermənistan tərəfinin bu danışıqlardan imtina etməsi barədə xəbər vermişdi.
Ermənistan XİN-in sözçüsü bildirib ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə sadiqdir və Azərbaycan tərəfinə Ermənistanın yeni təklifləri təqdim olunub.
Təkliflərin detalları açıqlanmayıb.
Azərbaycan xarici işlər naziri də bu il mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı.
Bu prinsiplərr dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.
Ermənistan isə öz növbəsində Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.
Laçın dəhlizində yaşananlar…
Dekabrın 12-dən bir çox Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirir.
Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.
Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.
Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.
Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan isə dekabrın 14-də AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna söyləyib ki, ermənilər Laçın dəhlizinin açılması üçün Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri arasında keçirildiyi deyilən danışıqlarda iştirak etmirlər.
O əlavə edib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.