Sakinlər bu gecə rahat yatıblar
Aprelin 5-dən 6-na keçən gecə Qarabağda təmas xəttində sakit keçib. Tərtər, Füzuli, Ağdam sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, hər iki tərəf silahı yerə qoyub.
Zəngişalı kənd sakini Nərgiz İmanova deyir ki, dünən (aprelin 5-də) günorta atışma zamanı kəndə düşən mərmi bir evi dağıdıb, amma sonra sakitlik yaranıb.
Güclü atəşə məruz qalan kəndlərin sakinləri isə artıq evlərinə dönməyə başlayırlar.
Azərbaycan atəşkəsə əməl etdiyini deyir
Müdafiə Nazirliyi aprelin 6-ı səhər cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, bütün cəbhəboyu vəziyyət gərgin -sabit olaraq qalır.
«Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz ciddi surətdə riayət edir. Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir»,-deyə nazirlik qeyd edir.
Məlumatda həmçinin deyilir ki, Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur.
#Rusiya XİN/ #karabakh Bakıda «Rusiya-İran-Azərbaycan» görüşü planlaşdırılıb. Əsas mövzu Dağlıq #Qarabağ... https://t.co/u3LECPnuIE
— AzadliqRadiosu (@RadioAzadliq) 6.4.2016
Erməni tərəfi itkilərini açıqlayır
Tanınmamış Dağlıq Qarabağ rejimi öz itkiləri ilə bağlı rəqəmləri yeniləyib:
Aprelin 2-dən bəri 29 hərbçisinin həlak olduğunu, 101-nin yaralandığını, 28 nəfərin isə itkin düşdüyünü bildirib. Eləcə də 14 tank itirdiyini etiraf edib.