Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:47

Faşist Rusiyası? Tarixçilər ‘yox’ deyir


Arxiv fotosu
Arxiv fotosu

Ekspertlər Putin Rusiyasına işıq salan bir sıra qeyri-faşist modellərini misal çəkiblər. Məsələn, 2-ci Dünya müharibəsi vaxtı Yaponiya faşizmlə bəhsə girsə də, əslində faşist deyildi

Qərbin aparıcı ekspertləri Vladimir Putin Rusiyasının aqressiv, təhlükəli diktatura olduğunu, bəzi xüsusiyyətlərinin faşist rejimlərinə bənzədiyini deyirlər. Amma onların fikrincə, Rusiya özlüyündə faşist deyil, üstəlik, digər tarixi presedentlər Kremli anlamağa kömək edir.

Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyası hücuma başlayıb. O hücumu ölkənin "nasistlər və narkomanlar" tərəfindən idarə edilməsi, etik ruslara qarşı soyqırım iddiaları ilə əsaslandırıb.

"Qapalı, repressiv diktarura"

AzadlıqRadiosu-nun müxbiri Robert Koalson tənqidçilərə istinadla yazır ki, Rusiyanın Ukraynaya qarşı faşist dövləti iddiası, əslində, Rusiyanın öz daxili vəziyyətinin təsviridir. Rutqers Universitetinin siyasətşünası Aleksandr Motil martın əvvəlində yazırdı ki, “Rusiyanın Ukraynanı qəddarcasına işğal etməsi ‘faşist’ termininin Rusiyaya aid edilmək üçün yenidən nəzərdən keçirilməli olduğunu göstərir”.

Putin Rusiyası “qapalı, repressiv diktaturadır. Amma diktaturaların müxtəlif növləri var, faşist onlardan yalnız biridir”, – Kolumbiya Universitetinin Barnard Kollecində populizm və faşizmi öyrənən professor Şeri Berman radioya deyib.

Viskonsin Universitetinin tarix üzrə fəxri professor, Avropada faşizm haqda çoxsaylı kitablar müəllifi Stenli Peynin fikrincə, Putin Rusiyası “2-ci Dünya müharibəsinin faşist rejimlərinə uyğun gəlməsə də, böyük bir ölkədə faşizmin analoqudur”.

“Veymar sindromu”

Virciniya Politexnik İnstitutunun postdoktorantı Mariya Sneqovayanın sözlərinə görə, Adolf Hitler Almaniyası kimi Rusiya da “Veymar sindromu” ilə üzləşib. Yəni Almaniyanın 1-ci Dünya müharibəsindən sonra üzləşdiyi öküş, təcrid, statusun itirilməsini Rusiya Sovet İttifaqı dağılandan sonra yaşayıb. Hər iki ölkədə liderlər narahatlıq, nostalgiya və inciklik hisslərini məharətlə manipulyasiya edə biliblər.

Putin 1999-2000-ci illərdə hakimiyyətə İkinci Çeçen Müharibəsinin yaratdığı qorxu üzərində yüksəlib, Rusiya Konstitusiyasını müdafiə və təmin etməyə boyun olub. Hakimiyyətini 2024-cü ildən sonra da uzada bilmək üçünsə konstitusiya düzəliş olunub, onun öncəki dörd prezidentlik müddəti “sıfırlanıb”.

“Putin rejimi mərkəzləşdirilmiş, sağ-qanad, avtoritar diktatura, inqilabi deyil, irticaçıdır”, – tarixçi Peyn belə deyir və Rusiyanın “zəif iqtisadi və demoqrafik bazası”nın “yüksələn deyil, azalan qüvvə” kimi göründüyünü sözlərinə əlavə edir.

Rusiyanın “əsl faşistləri”

Stokholm Şərqi Avropa araşdırmalar Mərkəzinin təhlilçisi Andreas Umland bu yaxınlarda müsahibəsində deyirdi ki, “faşist liderləri yeni dünya düzəni, yeni imperiya, yeni xalq yaratmaq istəyirlər. Onlar öz xalqlarının müharibə, imperialist genişlənmə ilə yenidən doğulmasını istəyirlər”.

Bu yaxınlarda vəfat etmiş LDPR rəhbəri Vladimir Jirinovski, özünü filosof adlandıran Aleksandr Dugin kimi “əsl faşistlər” isə “yazılarında tamamilə yeni Rusiya təsvir edirlər”, heç vaxt çar, yaxud sovet idarəçiliyi altında olmayan torpaqları da əhatələyirlər, Umland qeyd edir.

Sneqovaya isə Putin Rusiyasının gələcəklə bağlı viziyonun olmamasına diqqət çəkir. “Rusiya mövcud beynəlxalq düzəndən və Rusiyanın oradakı yerindən şikayətlənir, amma alternativ viziyonu yoxdur”, – o deyir.

Kütləvi səfərbərlik və cəmiyyət

Təhlilçilər Putin Rusiyası ilə klassik faşizm arasında daha bir fərqi kütləvi səfərbərliyin olmamasında görürlər. Belə ki, faşist rejimləri “hakimiyyətə çox böyük kütləvi hərəkat, siyasi partiya, bu gün vətəndaş cəmiyyəti təşkilatları adlandırdığımız qurumlarla gəliblər. Putin isə hakimiyyətə belə gəlməyib”, – Kolumbiya Universitetindən Berman deyir. “Bir çox diktaturalarda olduğu kimi, Putin də xalqı daha çox demobilizə edir”, – o, sözlərinə əlavə edir.

Sneqovayanın fikrincə, Rusiya cəmiyyəti “həddən artıq passiv və parçalanmış vəziyyətdədir”. Üstəlik, Rusiya post-totalitar cəmiyyətdir, “böyük ideyalar ətrafında səfərbər olmağın çox pis təcrübəsindən keçib”.

Nəticədə, Rusiya cəmiyyəti Putinin revanşist ideyalarını tənbəlcəsinə qəbul edir, çünki “hisslərə toxunur, əhalinin yaşadığı çətinlikləri yaxşıca izah edir”.

“Ancaq bu cəmiyyət bu ideyalara canfəşanlıqla qucaq açacaq cəmiyyət deyil”, – Sneqovaya vurğulayır.

Qeyri-faşist modelləri

AzadlıqRadiosu-nun danışdırdığı ekspertlər Putin Rusiyasına işıq salan bir sıra qeyri-faşist modellərini misal çəkiblər. Məsələn, 2-ci Dünya müharibəsi vaxtı Yaponiya faşizmlə bəhsə girsə də, əslində faşist deyildi. Yaxud 1-ci Dünya müharibəsindən öncəki Almaniya “zəiflədilmiş rejim” kimi görünürdü, sonradan ölkədə yerli və xarici düşmən qorxusu yaratmaq üçün millətçilik yolu tutdu.

Peyn isə Putin siyasi sistemini 19-cu əsrdə çar 1-ci Nikolayın “pravoslavlıq, avtokratiya və millətçiliyi” ilə müqayisə edir, nəinki Hitler və Mussolinin inqilabçı, modernləşdirici rejimlərilə.

“1-ci Nikolay, Böyük Pyotr, İvan Qroznıya baxın. Rusiya tarixində uzun bir sülalə var. Hitler, ya Mussolini sarıdan narahat olmağa dəyməz”, – o vurğulayır.

XS
SM
MD
LG