.
Freedom House təşkilatının 2016-cı il üçün hesabatı “Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” ( Anxious Dictators, Wavering Democracies: Global Freedom under Pressure) adlanır.
Hesabatda deyilir ki, ötən 2015-ci il dünyada bir-birini çulğalayan bir neçə böhran yaşayıb və nəticədə demokratik ölkələrdə ksenofobiya yaranıb, təbii ehtiyatlara söykənən ölkələrdə iqtisadiyyatlara ağır zərbə dəyib və bu da avtoritar rejimlərin fərqli düşüncə üzərinə hücumlarını şiddətləndirib. Bütün bunların nəticəsi olaraq artıq dalbadal 10-cu ildir ki, qlobal azadlıq tənəzzüldədir.
Neft ucuzlaşdıqca azadlıq da azalır
Bu da qeyd olunur ki, Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina etməsi və Birləşmiş Ştatlarda neft hasilatının artması Anqoladan Azərbaycanadək repressiv petrodövlətlərdə ümumun rifahı üçün təhlükə yaradıb.
Neftin ucuzlaşması Anqoladan Azərbaycanadək repressiv petrodövlətlərdə ümumun rifahı üçün təhlükə yaradıb
Xərclərin ixtisar edilməsi məcburiyyətindən, yaşayış standartlarının düşməsindən və bunların sosial narazılıq yaradacağından qorxan bu rejimlərin əksəriyyəti insan haqları fəalları və başqa tənqidçilər üzərinə hücuma keçib.
Hesabatın “saxta stabillik axtarışında”n bəhs edən hissəsində deyilir ki, 2015-ci ildə Avrasiya dövlətlərində keçirilmiş seçkilərin əksəriyyətində uzun müddətdir iqtidarda olanların qüdrəti nümayiş etdirilib.
Tənəzzül edən iqtidasadiyyat və təhlükəsizlik hədələri ilə üzləşən belə rejimlər özlərini az-çox salamat qalmış müxalifət və fərqli düşüncəyə qarşı səfərbər ediblər.
İkiyə bölünmüş azadlıq
Freedom House təşkilatının illik hesabatında dünyanın 195 ölkəsi azad, qismən azad və azad olmayan adlı üç qruypa bölünüb.
86 ölkə azad, 59 ölkə qismən azad, 50 ölkə isə azad olmayan kateqoriyasına daxil edilib.
Azərbaycan artıq illərdən bəridir ki, azad olmayan ölkələrin sırasındadır.
Azadlığın tənəzzülünə görə 2015-ci il rekord vurub. Bu il ərzində 72 ölkədə azadlığın səviyyəsi enib.
Azad kateqoriyasına aid edilən 86 ölkədə planet əhalisinin 44 faizi yaşayır ki, bu da 2, 9 milyard insan deməkdir.
Qismən azad olan ölkələrdə 1, 8 milyard adam yaşayır. Bu dünya əhalisinin 24 faizidir.
Azərbaycanın da daxil olduğu azad olmayan 50 ölkədə planet əhalisinin 26 faizi və ya, başqa sözlərlə 2, 6 milyard insan yaşayır.
Beləliklə, dünyanın əhalisi azad və azad olmayanlar arasında təxminən ikiyə bölünüb.
Ötən il ərzində azad olmayanaların sırasından qismən azad kateqoriyaya bir ölkə - Zimbabve qalxıb.
Qismən azadlıqdan azad olmayanların çərgəsinə Dominikan Respublikası, Lesoto və Çernoqoriya enib.
Azad ölkələrin coğrafiyasına baxanda, burada əsasən Karib hövzəsini çıxmaq şərtilə Şimali və Cənubi Amerikanı, Türkiyə və keçmiş Yuqoslaviyanı çıxmaqla Avropanı görürük.
Əksərən azad olmayan Afrika və Asiyada Monqolustan və Hindistan azad ölkələr sırasındadır.
Qafqazda azad olmayan yeganə ölkə Azərbaycandır.
Bu reytinqə “ərazi” kimi daxil edilmiş Dağlıq Qarabağ da Ermənistan və Gürcüstan kimi qismən azadların kateqoriyasındadır.
Qaranlığın girdabında
Azərbaycan artıq neçənci ildir ki, azad olmayan ölkələrin qrupundadır. Amma “köklü dəyişiklik” hər halda baş verib.
Əvvəla, Azərbaycan bu əlli ölkə arasında 7 pillə geriləyərək 35-ci yeri tutub.
Bu qrupda göstəriciləri Azərbaycandan pis olan yalnız iki keçmiş sovet respublikası var – Özbəkistan və Türkmənistan. Rusiya, Belarus və Qazaxıstan Azərbaycandan çox yüksəkdədir.
Azərbaycanda sıx nəzarət altında keçirilmiş parlament seçkisi vətəndaş cəmiyyəti üzərinə intensiv hücumlar mühitində iqtidarın daha bir mənasız qələbəsi ilə başa çatıb
Hətta İran da göstəricilərinə görə Azərbaycandan yuxarıdadır. Azad olmayanların arasında ən yaxşı göstəricilər Banqladeş və İordaniyaya məxsusdur.
Azad olmayanların kateqoriyasında da “həyat qaynayır” və hadisələr baş verir. Məsələn İraq azad olmayanların arasında qalsa da, 5 pillə irəli gedib.
Tacikistan, əksinə, Azərbaycan kimi 7 pillə geriləyib. Elə Yəmən də.
Maraqlıdır ki, Tacikistan və Azərbaycan hesabatın ölkələrdəki siyasi vəziyyəti təsvir edən bölümündə yanaşı abzaslara düşüblər.
Bu iki ölkədə eyni siyasi proseslər gedir.
Hesabtda deyilir: “Azərbaycanda sıx nəzarət altında keçirilmiş parlament seçkisi vətəndaş cəmiyyəti üzərinə intensiv hücumlar mühitində baş tutub və seçki müxalifətin boykotu şəraitində iqtidarın daha bir mənasız qələbəsi ilə başa çatıb”.