Liviyada BMT tərəfindən tanınmış hökumətə qarşı döyüşən general Khalifa Haftar atəşin kəsilməsinə dair danışıqların bərpasına razı olduğunu bildirib.
Bu barədə məlumatı BMT-nin Liviyadakı köməkçi missiyası - UNSMIL verib.
Missiya bunu da bildirib ki, danışıqların bərpa olunmasına beynəlxalq icma tərəfindən dəstəklənən Milli Barışıq Hökuməti də hazırdır.
Beş üstəgəl beş
Söhbət “beş üstəgəl beş” formatında aparılan danışıqlardan gedir. Bu formatda qarşı duran hər bir tərəfdən 5 yüksək rütbəli hərbçi iştirak edir.
Ölkənin şərqində qərar tutan general Haftarın “Liviya Milli Ordusu” (LMO) ötən ilin aprelindən bəri qanuni hökumətin yerləşdiyi paytaxt Tripolini tutmaq üçün hücum əməliyyatları keçirir.
Son həftələr ərzində döyüş əməliyyatlarının intensivliyi artıb.
Milli Barışıq Hökumətinin Türkiyə tərəfindən dəstəklənən qoşunları Haftarın qüvvələrini ölkənin şimal-qərbindəki bir sıra rayonlardan vurub çıxarıb.
Amma Reuters agentliyinin verdiyi xəbərə görə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir tərəfindən dəstəklənən Haftar bu ərazilərdən bəzilərini geri aldığını bildirib.
Moskva neytral olduğunu desə də
Moskva Liviya münasqişəsində rəsmi olaraq heç bir tərəfi dəstəkləmir, lakin Rusiyanın general Haftara muzdlu əsgərlər və döyüş təyyarələri göndərdiyinə dair xəbərlər yayılıb.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirirdi ki, Liviyada 2000-dək rusiyalı muzdlu var.
ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı ötən həftə bildirmişdi ki, Rusiya bu yaxınlarda Liviyaya 14 döyüş təyyarəsi gətirib və təyyarələr general Haftarın nəzarətində olan hərbi hava bazasında saxlanır.
Bu ilin əvvəllərindən bəri Liviyada atəşkəsin razılaşdırıldığına dair iki dəfə xəbər verilmişdi.
Mayın ikinci yarısında Rusiya XİN bildrimişdi ki, Moskva və Ankara Liviyada atəşin dayandırılmasına və dərhal BMT-nin başçılığı ilə siyasi dialoqa başlanmasına çağırır.
Mart ayında BMT-nin Liviyadakı xüsusi nümayəndəsi Hasan Salame postunu tərk edib.
O vaxtdan bəri bu vəzifə boş qalır.
Xatırlatma
2011-ci ildə Liviyada diktator Muammar Gaddafi devrilib. Onun ikinci oglu Saif al-Islam Liviyanın keçid hökumətinə qarşı müqavimətə rəhbərlik edib.
O bundan az sonra Nigerə qaçmaq istəyərkən ələ keçib və ölkənin şimal-qərbindəki qüvvələr tərəfindən həbsxanada saxlanıb.
O 2015-ci ildə ölüm cəzasına məhkum edilsə də, hökm indiyədək icra edilməyib.
Gaddafi devrildikdən sonra ölkədə vahid hökumətin təşkili mümküm olmayıb. 2011-2014-cü illər arasında yeni hökumətlə keçmiş rejimin tərəfdarları arasında müntəzəm olaraq toqquşmalar baş verib.
2014-cü ilin mayında toqquşmalar tammiqyaslı vətəndaş münaqişəsinə çevrilib. Hazırda ölkənin qərbində paytaxt Tripoli də daxil, Milli Barışıq Hökuməti bərqərar olub.
Bu hökumət BMT tərəfindən tanınıb. Hökumətə baş nazir Faiz Sarraj başçılıq edir. Onun hökuməti Qərb ölkələri və Türkiyə tərəfindən dəstəklənir.
Ölkənin şərqi və cənubu Liviya Nümayəndələr Palatasının nəzarətindədir. Bu hökuməti sözü gedən hərbçi Khalifa Haftarın qoşunları dəstəkləyir.
Öz növbəsində bu hökumətə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya dəstək verir.
Haftar bundan əvvəl bir neçə dəfə Moskvada Rusiyanın siyasi və hərbi rəhbərliyi ilə danışıqlar aparıb.
Rusiya Haftarı rəsmi olaraq dəstəklədiyini inkar edir.