Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Keçmiş hakimdən nazir müavininə ittihamlar


Dollar
Dollar

Uzun illər Bakı Apellyasiya Məhkəməsinin, Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, bir sıra ictimai-siyasi fəallar haqqında hökmlər vermiş Lətif Nəbiyev özü bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilir.

"Məndən tələb olunan pullar..."

Qohum və tanışlarını torpaq sahəsi almaq, birgə biznes qurmaq adıyla aldadıb onların pulunu mənimsəməkdə suçlanan keçmiş hakim əvvəl qətiyyən özünü təqsirli bilmir, heç kimdən pul almadığını deyirdi. Amma ötən məhkəmə iclaslarından birində uzaq qohumu Azad İbrahimovdan pul alındığını təsdiqləyib.

İbrahimov sabiq hakimin işində iki zərərçəkmişdən biridir. Xarici ölkədə işləyən İbrahimov Bakıda dəniz kənarında və Xətai rayonu ərazisində torpaq sahəsi almaqdan ötrü Nəbiyevə ümumilikdə 250 min dollar pul verdiyini deyir. Onun sözlərinə görə, həmin dövrdə Nəbiyev hələ hakim vəzifəsində çalışırdı.

Sabiq hakim məhkəmədə deyib ki, İbrahimovdan alınan pulu hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini vəzifəsində çalışan Əli Abdullayevə verib. Onun sözlərinə görə, həmin dövrdə Abdullayev Dövlət Əmlak Komitəsində işləyirdi: "Məndən tələb olunan pullar Əli Abdullayevdədir...".

Bu ittihamlara nazir müavinindən münasibət öyrənmək mümkün olmayıb.

"Kəbirə xanımla qohum olur..."

Nəbiyevin işində ikinci zərərçəkmiş isə Rüstəm Abdullayevdir. O, məhkəmədə dindirilərkən deyib ki, keçmiş hakim onu Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı işlərin görülməsinə pul yatırıb qazanc götürmək adıyla aldadılıb. Onun özü və qohumlarından 2012-ci ilin iyunundan başlayaraq bir neçə dəfəyə ümumilikdə 60 min dollara yaxın pul alınıb.

Zərərçəkmiş deyir ki, aldadıldığını başa düşəndə Nəbiyevdən pulunu tələb etməyə başlayıb. Hər dəfə də bir bəhanə eşidib: "Gah deyirdi ki, bu gün-sabah "Akkord" şirkətindən 200 min manat pul alacaq, mənim pulumu da, əlavə qazancı da verəcək. 2017-ci ilin martında sevincək dedi ki, "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə xanımla qohum olur, qızının nişanı olacaq. Kəbirə xanım yaxın günlərdə ona böyük tikinti layihələri verəcək, yaxşı pul qazanacağıq, hər şey super olacaq. Söhbət zamanı dedi ki, Kəbirə xanım vitse-prezidentin köməkçisi Leyla xanım Əliyeva ilə şərikdir...".

AzadlıqRadiosu adları çəkilən şəxslərdən deyilənlərə münasibət ala bilməyib. Lətif Nəbiyevin "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova ilə qohum olub-olmadığını da dəqiqləşmək mümkün olmayıb.

İctimai-siyasi fəalların işində hakim olub

Zərərçəkmiş vurğulayıb ki, Nəbiyev sonradan ona evini satıb borcunu ödəyəcəyini vəd etsə də, yerinə yetirməyib. Bu üzdən ondan şikayətçi olub.

Sabiq hakimə ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İstintaq və məhkəmə dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin hakimi olarkən bir sıra ictimai siyasi fəalların, o cümlədən satirik şair Sakit Zahidovun (Mirzə Sakit) işinə baxılıb. O zaman Mirzə Sakit haqqında narkotik ittihamıyla çıxarılmış 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlamışdı. Satirik isə ittihamın yalan olduğunu, hökumət təmsilçilərini hədəf alan şeirlərinə görə narkotiklə şərlənib həbs olunduğunu deyirdi.

XS
SM
MD
LG