İnsan Hüquqları üzrə Birgə İşçi Qrup avqustun 16-da vətəndaş cəmiyyəti üzvlərinin təqib olunmasını və iqtisadçı Natiq Cəfərlinin həbsi ilə bağlı vəziyyəti müzakirə ediblər.
Bu haqda qrupun məlumatında bildirilir.
Toplantıda hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Zəlihə Tahirova, Eldar Zeynalov və Əvəz Həsənov iştirak edib.
Məlumatda bildirilir ki, görüşdə həbs olunanlarla bağlı vəziyyət təhlil olunub. Qrup üzvləri Azərbaycanda həbs olunmuş bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin son aylarda azad olunmasına müsbət qiymət veriblər. Eyni zamanda son həbslər və xüsusən REAL Hərəkatının icraçı katibi N.Cəfərlinin həbs olunması narahatlıqla qarşılanıb.
İşçi Qrup qərara alıb ki, həbs olunanların vəziyyəti diqqətdə saxlansın.
BUNA DA BAXIN: REAL-çı gənclərə 7 sutka verildi [Video] (Yenilənib)
İnsan Haqları üzrə İşçi Qrup ilk dəfə 2005-2008-ci illərdə fəaliyyət göstərmişdi. Sonradan onun fəaliyyəti dayanmışdı.
Qrup fəaliyyətini birdə ötən ilin oktyabrında prezident İlham Əliyevlə Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüslərindən sonra bərpa etmişdi.
İşçi qrupunun fəaliyyət məqsədi insan hüquqları ilə bağlı məsələlərin dialoq yolu ilə səmərəli şəkildə həll edilməsidir.
Qrupun tərkibinə deputatlar, Prezident Administrasiyasının məsul əməkdaşları və hüquq müdafiəçiləri daxildir. Eyni zamanda orada BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri təmsil olunur.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland da qrupa daxil idi. Ancaq o, bir müddət öncə bəzi həbslər səbəbindən qrupa etimadsızlığını bəyan edib. Bəzi siyasi məhbus sayılan şəxslər isə hətta həbsxanada İnsan Haqları üzrə İşçi Qrupun üzviləri ilə görüşdən imtina ediblər. Onlar qrup üzvilərini hakimiyyətin maraqlarını müdafiə etməkdə və formal fəaliyyət göstərməkdə ittiham ediblər.