Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:41

Kreml Kurskda döyüşlərin aylarla davam edəcəyinə inanır


Vladimir Putin Kursk vilayətinin qubernatoru ilə videobağlantıda
Vladimir Putin Kursk vilayətinin qubernatoru ilə videobağlantıda

Kremldə hesab edirlər ki, Kursk vilayətində döyüşlər bir neçə ay davam edə bilər. Rusiya hakimiyyəti rusiyalıları inandırmaq istəyir ki, bu, “yeni normallıqdır”.

Bu barədə məlumatı Rusiya prezidenti administrasiyasına və hökumətinə yaxın mənbələr Meduza saytına veriblər.

Mənbələr deyirlər ki, Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində hərbi əməliyyatı başlananda Rusiya elitaları şoka düşmüşdülər, amma “iki həftədən sonra şok keçib və onlar vəziyyətə öyrəncəli olublar”.

Rusiya hakimiyyətinə yaxın İctimai Rəyin Öyrənilməsi Fondunun bu yaxınlarda keçirilmiş sorğusunun nəticələri Rusiya cəmiyyətində həyəcanlı əhval-ruhiyyənin 6 faiz artaraq 45 faizə çatdığını göstərib.

Meduzanın yazdığına görə prezident administrasiyasında bunu yüksək göstərici hesab edirlər və onun tezliklə azalacağına ümid bəsləyirlər.

“Yeni reallıq” və “yeni normallıq”

Bununla belə Meduza internet qəzetinin danışdığı məmurlar əmindirlər ki, Kursk vilayətində döyüşlər bir neçə ay davam edə bilər.

Cəmiyyətdə bununla bağlı həyəcanın azaldılması üçün Kreml, rusiyalıları təbliğatın köməyi ilə “yeni normallıqda” və “yeni reallıqda” yaşamağa sövq etməyə çalışır.

Rusiya prezidenti administrasiyasına yaxın media texnoloqu deyib ki, “normallıqdan kənarda yaşamaq çətindir, adamlar lap yeni də olsa normallıq istəyirlər”.

Onun sözlərinə görə Kreml bu məqsədlə rusiyalıları əmin etməyə çalışır ki, “Rusiya ərazisinə soxulmuş düşməni qaçılmaz məğlubiyyət gözləyir, amma ərazilərin qaytarılması üçün müəyyən vaxt lazım gələcək”.

Elitalar istefa və cinayət işləri gözləyir

Meduzanın mənbələri bunu da bildiriblər ki, elitalar Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinə müdaxiləsinə yol verənlərin istefalarını gözləyir.

“Vyorstka” saytı yazır ki, Ukrayna ordusu Kursk vilayətinə Rusiya komandanlığının səhvlərinə və korrupsiyasına görə müdaxilə edə bilib.

Saytın Rusiya silahlı qüvvələrindəki mənbələrinə istinadla yazdığına görə Rusiya komandanlığı Ukrayna ordusunun Kursk vilayətinə hücum edəcəyini gözləmirdi və buna qətiyyən hazır deyildi.

Sayt yazır ki, məhz buna görə də sərhəddə hazırlıq görmüş şəxsi heyət yox idi və bu, çağırışçı əsgərlərin və sərhədçilərin kütləvi əsir düşməsi ilə nəticələnib.

Yerli hakimiyyət orqanları da müdaxiləyə inanmırdılar və buna görə də müdafiə qurğularının tikintisi qayğısına qalmamışdılar.

Mənbələrdən birinin dediyinə görə hökumətdə müdafiənin yarılmasına görə cinayət işlərinin açılacağını gözləyirlər:

“Kremldə Kursk əhvalatından çox narazıdırlar. Düşmənin müdaxilə təhlükəsi barəsində vaxtında məruzə edilməyib. Ona görə də indi hamı əl-ayağa düşüb, təqsiri bir-birlərinin boynuna atır – hərbçilər kəşfiyyatın, kursklular hərbçilərin”.

Bunu Qərb mediası da yazırdı

ABŞ-ın The Wall Street Journal qəzeti iddia edirdi ki, Ukrayna ordusunun müdaxiləsinə imkan vermiş “yarığı” general Aleskandr Lapinin 2024-cü ilin yazında Kursk vilayətinin müdafiəsi üzrə idarələrarası şuranı buraxmaq qərarı yaradıb. Bu şuraya hərbçilər və yerli hakimiyyət orqanları daxil idilər. Şuranın buraxılması nəticəsində DİN, FTX və Müdafiə Nazirliyi arasında koordinasiya pozulub.

Bloomberg üç anonim mənbəyə istinadla yazmışdı ki, Ukrayna ordusunun regiona maneəsiz daxil olması Rusiya ordusunun müdafiə rezervlərındəki çatışmazlığı nümayiş etdirib.

Bloomberg agentliyinin mənbələri hətta yeni səfərbərliyə ehtiyac olduğunu deyiblər.

Meduza hakimiyyətə yaxın mənbəyə istinadla bunu da qeyd edir ki, Nazirlər Kabineti, habelə biznesmenlər əmək ehtiyatları probleminə görə səfərbərliyə qəti etiraz edirlər.

Mənbənin ehtimalına görə Kursk vilayətindəki döyüşçülərə kütləvi şəkildə çağırışçıları cəlb edəcəklər.

Prezident administrasiyasına yaxın iki mənbə Meduzaya deyib ki, bu istiqamətdə media vasitəsilə ictimai rəyin formalaşdırılması işi artıq aparılır.

Ukrayna ordusu Kursk vilayətinə avqustun 6-da müdaxilə edib. Vilayətdə fövqəladə vəziyyət elan olunub.

Ən son məlumatlara görə Ukrayna ordusunun Kurska müdaxiləsi nəticəsində 31 nəfər həlak olub, 143 nəfər xəsarət alıb.

XS
SM
MD
LG