►Bakı Metropoliteni xərclərin kəskin artım səbəblərini açıqlamır
2015-ci ildə Bakı Metropoliteninin sərnişin daşınmasına çəkdiyi xərclər bilet satışından gəlirləri 72,9 milyon manat üstələyib. Bir ildə xərclər 16,8 faiz artıb.
Metropolitenin iqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Şəlalə Yusubova AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib ki, ötən il sərnişin daşınmasından 43 milyon 5,3 min manat gəlir götürülüb.
Xərc artımının səbəbi açıqlanmır
Bir ildə gəlir cəmi 486,3 min manat, xərclərsə 16 milyon 673,3 min manat artıb. Xərclərin belə kəskin artımının səbəbi açıqlanmır.
Maraqlıdır ki, Dövlət Statistika Komitəsi (DSK) AzadlıqRadiosuna «Bakı Metropoliteni» QSC-nin gəlirləri haqda eyni məlumatı təqdim etsə də, xərclərdə ciddi fərq var. DSK-da metropolitenin 2015-ci ildəki xərclərinin 103 milyon 845 min manat və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox olduğunu demişdilər.
Metropolitendə isə xərclərdəki fərqin dəqiqləşdirmə nəticəsində yarandığını açıqlayıblar.
__________________________________________________________
Bunlara da bax:
____________________________________________________________
Adambaşı xərc 52 qəpiyi aşır
Ötən il Bakıda yeraltı nəqliyyatdan istifadə edənlərin sayı 3 faiz artıb. İlboyu metrodan 222 milyon dəfə yararlanıblar.
Xərc məbləğinin metro xidmətindən yararlanan sərnişin sayına nisbəti götərir ki, bir nəfərin daşınmasına çəkilən xərc 2014-cü ildəki 46 qəpikdən 52,2 qəpiyə qalxıb. 2012-ci ildə Tarif Şurasının qərarı ilə metroda gedişhaqqı 5 qəpikdən əvvəlcə 15 qəpiyə, ardından 20 qəpiyə yüksəldilmişdi. Başqa sözlə, indi bir sərnişinin metrodakı hər gedişi Bakı Metropolitenini 32,2 qəpik zərərə salır.
Reklamlarım bərpası gəlir gətirsə də...
Metropoliten rəhbərliyi 2014-cü ilin martında dəyişdiriləndən sonra burada divar və video reklamları yığışdırılsa da, ötən ilin yayından bəri reklamlar bərpa olunub.
Metroda AzadlıqRadiosuna deyiblər ki, ötən il reklam fəaliyyətindən 578,7 min manat gəlir əldə edilib.
Metropoliten dövlət büdcəsindən yüksək məbləğlərdə subsidiya alır. Bu il, keçən il olduğu kimi, «Bakı Metropoliteni» QSC-yə 37 milyon 998 min 199 manat birbaşa subsidiya veriləcək. 2013-2014-cü illərdə subsidiyalar 36 milyon manatdan çox olub. 2012-ci ildə isə təsərrüfat fəaliyyətindən yaranan zərərləri bağlamaq üçün dövlət büdcəsindən 29,2 milyon manat ayrılmışdı. Metropoliten eyni məqsədlə Nazirlər Kabinetinin ehtiyat fondundan da yardım alır.
Buna da bax: Bakıda uşaqları dilənməyə belə məcbur edirlər