Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:05

Nardaran işi: 'Dedi ki, bura Azərbaycanın Quantanamosudur'


Tale Bağırov
Tale Bağırov

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

"Deyirlər ki, guya mən dövlət çevrilişi eləmək istəmişəm. Mən hərbidə olmuşam. Hərbi paradda İlham Əliyevin qarşısından əlimdə silah keçmişəm. Əgər mənim çevriliş, terror eləmək fikrim olsaydı, elə o zaman vurardım onu..."

Bunu avqustun 24-də "Nardaran işi" məhkəməsində təqsirləndirilən şəxslərdən Abbas Hüseynov deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən bu prosesdə zərərçəkmiş və şahid kimi tanınmış polislərin dindirilməsi mərhələsidir.

Hələ ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindirilir.

"POLİSİN İŞGƏNCƏLƏRİ"NDƏN DANIŞIBLAR

Ötən məhkəmə iclasında ifadə vermiş əməliyyat müvəkkili İslam Ağabəyovun dindirilməsi bu gün də davam etdirilib.

Dindirmə zamanı təqsirləndirilən şəxslərin bir neçəsi "bandotdel"də olarkən onun işgəncələrinə məruz qaldıqlarını deyiblər.

Təqsirləndirilən Aqil İsmayılov və Əli Nuriyev İslam Ağabəyovun onları ailələri ilə, əxlaqsız hərəkətlər vasitəsilə işgəncə verməklə hədələdiyini bildirib.

İslam Ağabəyov deyilənlərin yalan olduğunu bildirib.

Abbas Hüseynov isə deyib ki, Ağabəyov özü yalan danışır. Bu zaman onunla adıçəkilən polis arasında mübahisə yaranıb. Polisin ona "İdarədə dovşana dönmüşdün" deməsi məhkəmədə qalmaqala səbəb olub. Təqsirləndirilən şəxslər və onların məhkəməni izləyən yaxınları ayağa qalxıb İslam Ağabəyova etirazlarını bildiriblər. Hakimlər məcbur olub, prosesə qısa fasilə veriblər.

Buna da bax: Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

“DEYİRDİ, MƏN BEZDİM DÖYMƏKDƏN”

Fasilədən sonra da İslam Ağabəyov dindirilib. Təqsirləndirilən Zakir Mustafayev "bandotdel"də Ağabəyovun digər polis əməkdaşı Kərim Əlimərdanovla birlikdə ona dəfələrlə işgəncə verdiyini deyib:

"Dedi ki, "sənin ailəni, uşağını gətirəcəyik. Qol çək ki, qranat sənindi". Fiziki işgəncə verdi mənə. Əlimi bağlayıb dubinka ilə bədənimə vururdular. Mənə bu adam təklif edib ki, silahı boynuma alım. Dedi ki, "yazığım gəlir sənə, boynuna al, qurtarsın".

İslam Ağabəyov deyilənlərin doğru olmadığını bildirib. O, digər polis əməkdaşı Kərim Əlimərdanovun da heç kimi döymədiyini deyib.

Təqsirləndirilən Abbas Hüseynov da danışıb:

"Mənim burada dediklərim onların bizə elədiklərinin heç zərrə qədəri də ola bilməz. Bu, noyabrın 26-dan mənimlə ünsiyyətdə olub. Mənə deyirdi ki, "məhv olacaqsan, sən ölü kimi şeysən, valideynlərin səndən imtina ediblər". Dedi ki, "ömürlük gedəcəksən, biz səni burada saxlasaq da, heç kimin xəbəri olmaz. Bura Azərbaycanın Quantanamosudur". Mənə işgəncə veriblər. Döyüb, dubinka ilə çırpıblar. Dedi ki, "Əbülfəzin gününə düşmək istəmirsənsə, qol çək. Elə eləmə ki, həbsxanaya şikəst gedəsən. 21 gün "bandotdel"də qalmışam. Hər gecə saat 3-4-də qaldırıb məni döyürdü. Deyirdi ki, "mən bezdim döyməkdən, sən bezmədin döyülməkdən?" Başıma maska keçirib, əllərimi bağlayıb döyürdülər. Elə bil erməni əsirliyindəydik".

*Youtube Kanalımıza abunə olun - Ölkədə baş verənləri bizdə izləyin!

“AYAQLARIM AĞRIDAN YERƏ DƏYMİRDİ”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da İslam Ağabəyovun ona qarşı qanunsuz hərəkətlərə yol verdiyini bildirib:

"Mənimlə 15-20 gün ünsiyyəti olub. Özlərinə də, elə buna da demişdim ki, “təqsirləndirilənlərə çatdırın, mənimlə bağlı nə istəyirsizsə, boyunlarına alsınlar, amma işgəncə verməyin onlara”. Bunlar mənim şəxsiyyətimi alçaldıblar, Şahlar Cəfərovla məni təhqir ediblər, dinimi söyüblər. Bu özü də namaz qılır. Məndən Milli Şura və Əli Kərimlinin əleyhinə ifadələr almaq istəyiblər. Mən ifadə verməyəndə məni aşağı - zirzəmiyə göndərirdilər, işgəncə verirdilər, sonra yenə yuxarı qaldırırdılar. Milli Şura haqqında söhbətlər edirdilər, yenə qəbul etmirdim, yenə yanıma maskalılar göndərib işgəncə verirdilər. Bunlara da yuxarıdan verilib o sifariş. Birinci tələbləri İran faktoru olub. Gördülər ki, heç nə yoxdu, yuxarıdan olan sifariş əsasında keçdilər Milli Şuraya. Dediklərini eləmədim, sonradan Milli Şura söhbəti də dayandı. Məni əsas Elman Bağırov dindirirdi. Yanına aparanda ayaqlarım yerə dəymirdi ağrıdan. Qollarımdan tutub aparırdılar".

İslam Ağabəyov Taleh Bağırovun da dediklərini təsdiqləməyib.

BMCMİ-nin başqa bir əməliyyat müvəkkili Elçin Tağıyev də dindirilib. Deyib ki, Nardaranda əməliyyat keçirilən gün həmin həyətə çatanda partlayış səsi eşidib. Özü isə həyətə hasardan düşüb. Bu zaman iki nəfərin əlində qumbara digər hasardan tullanıb qaçdıqlarını görüb.

Dediyinə görə, əməliyyat zamanı Abbas Hüseynovu tutub və həmin vaxt onun əlində silah olub. Həmçinin qeyd edib ki, Taleh Bağırovu polis həmkarı Elman Bayramov tutub, həmin vaxt Taleh ona müqavimət göstərib.

Amma Elman Bayramov ötən məhkəmə iclasında ifadə verərkən demişdi ki, Taleh Bağırov saxlanılarkən ona heç bir müqavimət göstərməyib. Vəkillər bunu Elçin Tağıyevin nəzərinə çatdırıblar.

Buna da bax: Leyla Yunus Taleh Bağırova məktub yazdı: 'Qorxulu və dəhşətlidir'

“ELƏ GÜN SİZİ DƏ GÖZLƏYİR”

Təqsirləndirilən Abbas Hüseynov da bildirib ki, onu tutan Elçin Tağıyev olmayıb:

"Hamısını yalan danışır. Əgər ona silah atmışamsa, Allah mənim mənim bəlamı versin, yalan deyirsə, Allah onun bəlasını versin. Necə ki, Akif Çovdarov, Eldar Mahmudov bu rejimin qulu oldular, sonra rəzil günə qaldılar, elə gün sizi də gözləyir".

Məhkəmə prosesi avqustun 25-də polislərin dindirilməsilə davam edəcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.

XS
SM
MD
LG