Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:06

Britaniya və ABŞ Navalny-nın zəhərlənməsi barədə kəskin bəyanat verib


Boris Johnson
Boris Johnson

Britaniyanın baş naziri Boris Johnson Alexei Navalny-nın zəhərlənməsi üçün məsuliyyət daşıyanların cəzalandırılmasını təmin edəcəyini vəd edib.

O Rusiyanın aparıcı müxalifət liderlərindən birinə qarşı kimyəvi silahdan istifadə olunmasını “hiddət doğuran” hadisə adlandırıb.

Baş nazir deyib ki, Rusiya hökuməti Navalny-nın başına nə gətirildiyini izah etməlidir.

Sentyabrın 2-də ABŞ milli təhlükəsizlik şurasının nümayəndəsi John Ulliott Rusiyanı sinir sistemini iflic edən Noviçok maddəsindən dəfələrlə istifadədə ittiham edib.

O bildirib ki, Navalny-nın zəhərlənməsi iştirakı olanlara qarşı sanksiyalar tətbiq ediləcək.

Almaniya Navalny-nın qanında Noviçok zəhərini aşkar edib

Almaniya hökuməti bildirir ki, Rusiya müxalifət lideri Alexei Navalny-nın qan nümunələrinin analizi onun qanında Noviçok qrupundan olan sinir-iflic zəhərinin mövcudluğunu göstərib.

Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert sentyabrın 2-də bəyan edib ki, Almaniyanın xüsusi hərbi laboratoriyasında keçirilmiş analiz Navalny-nın qanında “Noviçok qrupundan zəhərin” mövcudluğunu aşkar edib.

Navalny avqustun 20-də Sibirdən Moskvaya uçarkən yolda özünü pis hiss etmiş və təyyarə Omsk şəhərində təcili eniş etməli olmuşdu.

Müxalifətçi Omsk xəstəxanasında iki gün qaldıqdan sonra Almaniyaya təxliyə edilmişdi.

44 yaşlı Navalny hələ də Berlindəki Charite xəstəxanasının reanimasiya şöbəsində süni yaradılmış tibbi koma vəziyyətindədir.

Almaniya bildirib ki, son qan analizi nəticələri ilə bağlı Rusiyanın bu ölkədəki səfirinfən izahat tələb edəcək.

“Sui-qəsd” söhbəti gündəmə gəlib

Almaniya hökuməti bəyan edib ki, Alexei Navalny-nın həyatına edilmiş sui-qəsdə “ən qəti şəkildə” etirazını bildirir və Moskvadan bu hadisə ilə bağlı təcili izahat tələb edir.

Rusiyanın Interfax agentliyi bildirir ki, Moskva Almaniyanın səlahiyyətli orqanlarına məktub göndərib.

Həmin məktubda deyilir ki, Omsk xəstəxanasının həkimləri Navalny-da karbohidrat mübadiləsinin pozuntusunu və pankreatit aşkar etmişdilər.

Berlindəki Charité xəstəxanasının həkimləri Navalny-nın müalicəsi ilə bağlı məsləhətləşmə keçirmək üçün Britaniya və Almaniyanın hərbi ekspertlərinə müraciət ediblər.

Söhbət Münhendəki məxfi əczaçılıq və toksikologiya laboratotiriyasının və İngiltərənin Porton-Daun şəhərindəki Müdafiə Elmi və Texnikası Mərkəzinin əməkdaşlarından gedir.

Bundan əvvəl Almaniya Navalny-nin zəhərlənməsi hadisəsinə görə Rusiyaya sanksiyaların olacağını istisna etmədiyini bildirmişdi.

Bütünlükdə Avropanın reaksiyası olacaq

Ötən həftə Almaniya kansleri Angela Merkel də Navalny ətrafındakı vəziyyəti şərh etmişdi.

Onun sözlərinə görə, "daha çox aydınlıq olduqda" rusiyalı müxalifətçinin zəhərlənməsinə bir dövlətin deyil, bütünlükdə Avropanın reaksiyası olacaq.

Amma Merkel bu reaksiyaların nədən ibarət olacağı ilə bağlı detalları açıqlamayıb.

Böyük Britaniya Solsberi şəhərində Sergey və Yulia Skripallara qarşı sui-qəsddən sonra Avropa İttifaqı ölkələri ümumilikdə 100-dən çox Rusiya diplomatını ölkədən çıxarmışdı.

O zaman sui-qəsd cəhdində şübhəli bilinən Rusiya hərbi kəşfiyyatçılarına qarşı fərdi qaydada sanksiyalar tətbiq edilsə də bu sərt tədbirlər Avropa İttifaqı səviyyəsinə qalxmamışdı.

XS
SM
MD
LG