Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:56

Nərmin işi: ‘Gördüm ki, adam ayağına oxşayan nəsə var’


Nərmin Quliyevanın ölüm işi: İlkin Süleymanov işgəncə aldığını deyir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Nərmin Quliyevanın ölüm işi: İlkin Süleymanov işgəncə aldığını deyir

Müttəhim İlkin Süleymanov deyir ki, bu cinayəti üzərinə götürməkdən ötrü ona ağlasığmaz işgəncələr verilib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov deyir ki, bu cinayəti üzərinə götürməkdən ötrü ona ağlasığmaz işgəncələr verilib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsində üç gün davam edən psixoloji və fiziki işgəncələr sonda pik həddə çatıb və o dözə bilməyib. O deyir ki, qətiyyən xəbəri olmayan cinayəti işgəncələr üzündən boynuna götürüb:

“Yanvarın 9-da məni rəis müavini Şahlar Cəfərovun kabinetinə qaldırdılar. Qandallı vəziyyətdə yerə uzatdılar. Kepkalı əməliyyatçı stulun ayağıyla vururdu. Sonra Şahlar özü dəyənəklə ayaqlarımın altına xeyli vurdu. Daha bir nəfər paralel baş nahiyəmdən vururdu. Sonra başıma ya vedrə, ya qazan keçirib, üstündən vurmağa başladılar...”

Süleymanov deyir ki, kabinetdəki stulları bir-birinə yaxınlaşdırıb, corablarını çıxarıb, ayaqlarını isladıb döyürdülər. Onun sözlərinə görə, bədəninin həssas nahiyələrinə elektroşok verirdilər:

“Dedim ki, ‘nə olar, endirin, nə istəyirsiniz, razıyam’. Şahlar Cəfərov gəlib dedi ki, ‘başa düşmürsən, bizimlə oynamaq olmaz, nə desək, eləməlisən’. Gördülər ki, dediklərini eləyəcəm, ayaqqabı, corab gətirdilər, geyimim, müstəntiqin yanına aparsınlar, ifadəyə qol çəkim. Ayaqlarım elə vəziyyətdə idi, geyinə bilmədim. Tərlik geyinib getdim. Müstəntiq polis rəisinin qapısının ağzında idi. Qanıqara dayanmışdı. O da başa düşürdü ki, nə işə gedirdi...”

“Heç dayanıb soruşmadım ki, nə məsələdir”

Süleymanov ifadəsində bildirib ki, Nərmini oğurladığı iddia olunan gün – 2019-cu il noyabrın 21-də əslində o, bacısı İlhamənin evində qalıb. Çünki atası insult keçirdiyinə görə İlhamə Süleymanova gedib tez-tez atasıgildə qalır, ona qulluq edirdi. O isə bacısının ev təsərrüfatı, toyuq-cücəsi tələf olmasın deyə, gecələr onun evində qalır, səhər saat 10 radələrində çıxıb gəlirdi.

Sinif yoldaşı olan Şərif Quliyevin övladlarından yalnız böyük qızını tanıdığını, Nərmini əvvəllər heç tanımadığını, adını da bilmədiyini deyən Süleymanov vurğulayıb ki, onun itkin düşməsindən də bir gün sonra xəbər tutub:

“Bacım Şərifin qardaşı Arifgillə qonşudur. Ayın 22-də səhər bacımgildən gələndə gördüm ki, Arifgilin qapılarında polislər var. Heç dayanıb soruşmadım ki, nə məsələdir. Sonra küçə boyu polisləri gördüm. Evdə olanda anam dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı itib”.

Yanğın yerinə yaxınlaşmasının səbəblərinə aydınlıq gətirib

Süleymanov yanmış meyit tapılan gün haqda da danışıb. O, yanğın yerinə yaxınlaşmasının səbəblərinə aydınlıq gətirib. Deyib ki, həmin yer evlərilə üzbəüzdə yerləşir. Valideynləri görməsin deyə, siqareti daim küçədə çəkdiyini deyən Süleymanov bildirib ki, ənənəvi qaydada həmin gün də siqaret çəkməyə çıxmışdı:

“Bir müddət əvvəl o yerdə zibil yandırmışdılar, yanğın ağaclara keçmişdi, qoz ağacları yanmışdı. Qorxdum ki, yenə ağaclara ziyan dəyər. Bu dəfə də yanğın görəndə ona görə qaçdım. Gördüm ki, adam ayağına oxşayan nəsə var, bir də ayaqqabı... Tez qaçdım Nazim dayını çağırdım. Çünki onun evi daha yaxın idi”.

Süleymanov əlavə edib ki, Nərmini evdə saxladığı iddia olunan 47 gün ərzində dəfələrlə Gəncədə, Şəmkirdə, Tovuzda toy, yas məclislərində olub, alış-verişə gedib.

Ziddiyyətlər

Bu iş üzrə məhkəmə araşdırmaları mayın 11-də davam edəcək.

Bu iş üzrə öncəki məhkəmə proseslərindən aydın olub ki, bəzi şahidlərdən İlkin Süleymanovun əleyhinə ifadə almağa cəhd göstərilib.

Məhkəmə prosesində ifadələrdə ziddiyyətlər ortaya çıxıb. Nərmin Quliyevanın ailə üzvlərinin isə oxşar ifadələri onların məqsədli şəkildə öyrədilməsi təəssüratı yaradıb. Elə müdafiə tərəfi də bəzi şahidlərin təlimatlandırılaraq prosesə göndərildiyini iddia ediblər.

Məsələn, Nərminin məhkəmədə dindirilən yaxınlarının hamısı hadisə günü onun əynində olan paltarları dəqiqliklə bir-bir sadalayır. Onların sadaladıqları isə yandırılmış meyitin üstündə olan geyimlərdir.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur.

Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG