Kreml sanki Qərbin Ukraynaya silah göndərməsinin qarşısını almaq üçün çox səy göstərmir. “New York Times” qəzeti bəzi təhlilçilərin və qərb rəsmilərinin təcavüzün niyə daha betər olmaması haqda yozumlarından yazır.
Məsələn, Rusiya Ukraynada dəmiryollarını, yolları, körpüləri daha aqressiv şəkildə vura bilərdi ki, Qərbin silahları cəbhə xəttinə gedib çıxmasın. Yaxud paytaxt Kiyev ətrafında infrastrukturu bombalayardı ki, Qərb liderləri birlik və qətiyyət nümayişindən ötrü Prezident Volodimir Zelenskiyə baş çəkməsinlər. Ya da kiberhücumlar, sabotaj, Avropaya enerji ixracını kəsməklə Qərbə daha çox zərbə vura bilərdi.
Müəlliflər bir səbəbi sadəcə səriştəsizlikdə görürlər. Müharibənin ilk həftələrində Rusiya ordusu gözləntilərdən xeyli aşağı qabiliyyətli olduğunu ortaya qoydu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin son həftələr nəzərəçarpacaq dərəcədə ehtiyatlı davranır, Ukraynanın şərqində hücum ləng gedir, Ukraynada infrastrukturu sıradan çıxarmağa tələsmir, NATO ilə münaqişəni gərginləşdirə biləcək hərəkətlərdən qaçır.
Taktika dəyişə bilərmi
İndi qərb rəsmilərini düşündürən sual Putinin taktikanı dəyişərək müharibəni intensiv mərhələyə keçirmək ehtimalıyla bağlıdır. 9 may – 2-ci Dünya müharibəsində qələbənin ildönümü ərəfəsində bu sual özəlliklə aktuallaşıb.
Britaniyanın Müdafiə naziri Ben Vallas ötən həftə deyib ki, Putin parad çıxışında Ukraynaya qarşı rəsmən müharibə və ölkədə kütləvi səfərbərlik elan edə bilər. Amerika və Avropa rəsmiləri Ukraynada daha ləng və üzücü hərbi kampaniya gözləyirlər, amma Putinin daha geniş müharibə elan edəcəyi ehtimalını də rədd etmirlər. İndiliksə Ukrayna qüvvələri yenidən qruplaşır, Qərbdən silahları alıb yığırlar.
Bu yaxınlaradək Karnegi Moskva Mərkəzinin direktoru olmuş Dmitri Trenin Ukraynanın işğalını “qəribə, xüsusi müharibə” adlandırır: “Rusiya özü üçün sərt limitlər qoyub və bunu heç cür izah etmək mümkün deyil. Bu ilk öncə Rusiya vətəndaşları qarşısında çoxlu suallar yaradır”.
Reallıqda isə Rusiya Ukraynanın infrastrukturunu, dəmiryollarını hədəfə alıb. Amma rəsmilər zərbələrin miqyasının böyük olmamasının bir səbəbini Ukraynanın havadan müdafiəsinin Rusiya təyyarələrinə yaratdığı təhdidlə izah edirlər.
Ehtimallar
Digər arqument ondan ibarətdir ki, Moskva Ukraynada infrastrukturu çox dağıtmaqdan yayınır, çünki hələ də bu ölkəni nəzarətə alacağıyla bağlı xam xəyalları var.
Amerikanın aparıcı müdafiə rəsmisinin qəzetə dediyinə görə, Putin Ukraynanın dəmiryolu şəbəkəsini ona görə dağıtmır ki, özünün bu ölkədə avadanlıq və əsgər daşımasına maneə yaratmaq istəmir.
Rusiyanın Qərbə qarşı sərt tədbirlər görməməsinə gəlincə, “ABŞ və müttəfiqlərinin bu qədər rusiyalı əsgəri məzara göndərdiyinə görə cavab zərbəsi almayacağı ehtimalı aşağıdır”, – “RAND Corporation”da Rusiya üzrə təhlilçi Samuel Çarap belə deyir.
“Qırmızı xəttin haradan keçdiyini əslində heç kəs bilmir”, – təhlilçi sözlərinə əlavə edir.
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Ölkənin şərqində böyük şəhərləri tuta bilməyincə qüvvələrini cənub və şərq hissələrə yönəldib. Moskva işğala görə Qərbin sanksiyaları ilə üzləşib.