Avropa şəhərində supermarketə gedəsən, piştaxtada, üstünə “Made in Azerbaijan” yazılmış paketlərdə, Qəbələdə yetişmiş fındıq ləpəsi satıla. Hələ ki reallıq deyil bu, arzudur.
Prezident İlham Əliyev də deyir ki, hökumətin indiki inkişaf mərhələsində əsas vəzifəsi elə budur - qeyri-neft məhsullarının, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracı... Əliyev bunu martın 28-də Salyanda deyib.
Buna da bax: Kəndlilərə bildiriş gəlib: ' Torpağı ək, yoxsa…'
“Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir”.
Qəbələdə fındıq əkən bir sahibkar İlham Əliyevə cavab olaraq deyir ki, fındığını nəinki xaricə, heç qonşu şəhərə də apara bilmir. Məhsul yetişəndə Qəbələdəki fındıq zavodunun işçiləri fındığı dəyər dəyməzinə alıb aparırlar.
Buna da bax: Azərbaycan Avropaya nə sata bilər?
Fermer bunları AzadlıqRadiosu-na adının çəkilməməsi şərti ilə danışır:
“Qəbələ ərazisindən 100-150 kq-dan artıq fındığı çıxartmağa qoymurlar. Polis patrul maşınları yolda durur, tutub alır camaatın əlindən fındığı ki hara aparırsan. Bunu apar rayonda zavod var ora ver. Sırf monopoliyadır, gəlir ancaq bir yerə gedir, əhaliyə heç bir xeyri yoxdur. Keçən il fındıq olmalı idi 15-20 manata, olmadı. Qoz da elə, şabalıd da elə. Əhali dolana bilmir. Şəxsən mən xəstələnib eləsəm, ehtiyatda bir manat pulum yoxdur”.
Buna da bax: 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]
“Gilan Holding”ə daxil olan Qəbələ fındıq zavodundan isə AzadlıqRadiosu-na bildirdilər ki, belə hal heç vaxt baş verməyib. Zavodun özünü təqdim etməyən əməkdaşı başqa suallara cavab vermədən telefonu söndürdü.
Başqa bir sahibkar, keçmiş deputat Nazim Bəydəmirli də deyir ki, ixracda inhisar var. Bu maneələr gömrük orqanlarında yaradılır:
"Bizim müşahidələrimiz onu göstərir ki, əsasən də Rusiya istiqamətində gedən Qərb bölgəsində, Tovuz, Şəmkir və s. bölgələrdə yetişdirilən məhsullar əvvəlcə Gürcüstan ərazisindən aparılsa da, onları məcbur edirlər ki, hamınız Samur keçid məntəqəsinə yönəlməlisiz. Bu da nəqliyyat xərclərini artırır, sahibkarın rəqabət qabiliyyətini aşağı salır".
Buna da bax: Şamaxı və Hacıqabulun sahibkarları təşvişdə
Nazim Bəydəmirli deyir ki, gömrükdə sahibkarlardan rüşvət alınması halları da var.
İxracda monopoliyanın və korrupsiyanın olmasını Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu da deyir.
Gömrük rəsmiləri isə mətbuata bildiriblər ki, keçən il gömrükdə monopoliyanın olması haqda bir şikayət də almayıblar, alsalar, araşdıracaqlar.
Azərbaycan hökuməti Strateji yol xəritələri qəbul edib. Qubad İbadoğlu deyir ki, bu gedişlə qeyri-neft sektorunun ixracı ilə bağlı qoyulan hədəfə çatılacağına inanmır:
“Baxmayaraq ki, Strateji yol xəritəsində bildirilir ki, yaxın illərdə Azərbaycan qeyri-neft ixracatını adambaşına 450 dollara çatdıracaq. Amma hələlik bu, 100 dollar ətrafındadır. Amma yaxın yeddi ildə ixracatı bu qədər artırmaq potensialında deyilik”.
Buna da bax: Qubad İbadoğlu: 'Qiymət artımı sürətlənəcək'
Qubad İbadoğlu isə deyir ki, Azərbaycan kənd təsərrüfatı məhsullarından başqa, həm də neft-kimya məhsulları ixrac edə bilər. Buna nail olmaq üçün isə ümumilikdə iqtisadiyyatda əsaslı islahatlar aparılmalıdır.
Buna da mütləq bax: