Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Ruby Bridges ağdərililərin məktəbinə necə getdi


Ruby Bridges
Ruby Bridges

6-yaşlı Ruby Bridges məktəb pilləkənlərini enib-qalxanda onu ağdərili kişilər qoruyurdu. Gözəl paltarını və corablarını isə qonşuları hədiyyə etmişdi. Valideynlərinin onları almağa gücü çatmazdı.

Balaca Yeni Orlean sakini ibtidai məktəbdən çıxanda da onu kişilər qoruyurdu. Ruby-nin məktəbin həyətində çəkilən şəkillərində qəzəbli kütləni görmək olmur. Ruby öz körpə sadəlövhlüyü ilə onların Mardi Qra bayramını qeyd etdiklərini düşünürdü.

Əslində isə bu insanlar müxtəlif irqlərdən olan uşaqların oxuduğu məktəblərin birləşdirilməsinə etiraz edirdilər. Onlar Ruby kimi uşaqların ağdərili şagirdlərlə eyni müəssisələrdə oxumasını istəmirdilər.

Ruby Bridges 1954-cü ildə Missisipinin Taylertaun şəhərciyində doğulub. 4 yaşı olanda ailələri Luizianaya, Yeni Orlean şəhərinə köçüb. Ruby beş uşağın ən böyüyü idi.

Ruby-nin doğulmasına 3 ay 22 gün qalmış ABŞ Ali Məhkəməsi ağ- və qaradərili şagirdlərin seqreqasiyasının qeyri-konstitusion olması haqda hökm çıxarıb. Buna baxmayaraq, cənub ştatları daha 6 il qərarın icrasına müqavimət göstərib.

Seqreqasiyaya son qoyan ilk uşaqlar

Yeni Orlean təhsil idarəsi federal hökumətin güclü təzyiqi altında William Frantz məktəbinə qəbul üçün imtahan keçirməyə razılaşıb. Məqsəd işləri qəlizləşdirmək, qara uşaqları ağdərili uşaqların oxuduğu bu məktəbdən uzaq tutmaq idi.

Seqreqasiya olunmuş bağçaya gedən Ruby test vermək üçün seçilən uşaqlardan biri idi. Atası Abon Bridges uşağı imtahandan keçərsə, ortaya çıxacaq problemlərdən çəkindiyindən tərəddüd edirdi. Ancaq anası Lucille Bridges qətiyyətli idi. O, qızının mümkün olan ən gözəl təhsili almasını, bütün Afrika mənşəli uşaqlar naminə bu addımı atmasını istəyirdi.

Ruby William Frantz məktəbində oxumaq hüququ qazanan altıca tələbədən biri idi. Uşaqlardan ikisi həmin vaxt oxuduqları məktəblərdə qalır, üçü isə başqa məktəbə köçürülür. Ruby və həmin üç uşaq cənub ştatlarında seqreqasiyaya son qoyan ilk uşaqlar olur.

Tədris ili sentyabrda başlasa da, Luiziana ştatının parlamenti inteqrasiyanı iki ay gecikdirməyin bir yolunu tapır. Nəhayət, 1960-cı il noyabrın 14-də federal Ədliyyə Nazirliyinə tabe olan qanun icraçıları Ruby və anasını maşınla məktəbin yaxınlığına gətirirlər. Maşından məktəbdən beş tin aralıda düşən Ruby və anasını dörd icraçı (marşal) müşayiət edirdi. İkisi Ruby-nin qarşısında, ikisi isə arxasında addımlayırdı.

Rəssam Norman Rockwell "Hamımızın başının dərdi" (The Problem We All Live With) adlı rəsmini bu hadisədən ilhamlanaraq çəkib. Bu şəkil ilk dəfə 1964-cü ildə "Look" jurnalının üz qabığında işıq üzü görüb.

Onu zəhərləməklə hədələyir

Məktəbin yaxınlığında barrikadalar qurulub, kütləni sakitləşdirmək üçün polis qüvvələri cəlb edilib. Kütlə qışqırır, Konfederasiya bayraqları yelləyir, Ruby tərəfə müxtəlif əşyalar atırdı.

Ruby məktəbə daxil olan kimi ağdərili valideynlər uşaqlarını kənara çəkir. Ağdərili müəllimlərsə ona dərs deməkdən imtina edir. Təkcə bostonlu Barbara Henry-dən başqa. Ruby həftələrlə məktəbə federal məmurların müşayiəti ilə gəlir.

Məktəbə gəlməsinin ikinci günü bir qadın onu zəhərləməklə hədələyir. Bundan sonra icraçılar onun yalnız evdən gətirdiyi yeməyi yeməsinə icazə verirlər. Bir dəfə də bir qadın Ruby-ni tabuta qoyduğu qara kukla ilə salamlayır.

2013-cü ildə Ruby həmin icraçılardan biri ilə yenidən görüşür. Həmin vaxt Charles Burks-ün 91 yaşı vardı. Digər marşallar artıq vəfat etmişdilər. Həmin vaxt Burks demişdi ki, Ruby-ni müşayiət etmək onun həyatının parlaq səhifəsi olub: "Hər dəfə dəhlizdə o şəkillərin qarşısından keçəndə o günləri xatırlayıram. Bu, mənim həyatımda böyük və dramatik bir şey idi. Nəvələrimə deyirəm ki, bu, mənim həyatımda əlamətdar hadisə olub. Sevinirəm ki, mən də orada olmuşam".

Etiraz əlaməti olaraq məktəbdən çıxarılan ağdərili uşaqlar yavaş-yavaş məktəbə qayıdır. Ancaq Ruby məktəbin kafeteriyasında onlarla birlikdə nahar edə bilmir. Ayaqyoluna isə marşalların müşayiəti ilə getməli olur.

Bütün təhsil ili boyu Miss Henry onu bütöv bir sinfə dərs keçirmiş kimi öyrədir.

Ailəyə təsiri

Ruby-nin inteqrasiyası təkcə ona yox, ailəsinə də təsirsiz ötüşmür. Atası yanacaqdoldurma stansiyasında işini itirir, Missisipidəki nənəsi ilə babası isə 25 il əkib-becərdikləri şərikli torpaqlarından çıxarılırlar. Ailənin adətən bazarlıq etdiyi ərzaq dükanı onları içəri buraxmır. Ruby-nin valideynləri isə ayrılırlar.

Ancaq tədricən hər şey yaxşılığa doğru gedir. Etirazlar və itaətsizlik güclənir, qonşular ailəyə kömək etməyə çalışırlar.

Qonşulardan biri Ruby-nin atasına yeni iş verir. Digər qonşularsa könüllü Bridges-lərin digər dörd uşağına baxmağa başlayırlar. Qonşular həm də Bridges-lərin evini mühafizə edir, federal icraçılar Ruby-ni müşayiət edəndə onların arxasında gedirlər.

Məktəbə getməyə başlamasından iki ay sonra Ruby kabus görməyə, evdən qoyulan naharını yeməməyə başlayır. Təmizlikçi onun naharını sinifdəki şkafda gizlətdiyini öyrənir. Bundan sonra müəlliməsi Miss Henry hər gün onunla birlikdə nahar edir ki, uşaq özünü tənha hiss etməsin.

Ancaq bir il sonra hər şey dəyişir. Miss Henry Bostona qayıdır, Ruby isə marşalların müşayiəti olmadan özü məktəbə gedib-gələ bilir.

Məktəbi bitirən Ruby Kanzasda turizm sahəsində təhsil alır və səyahət agenti olur. Hazırda 65-yaşlı Ruby dörd oğul anasıdır, ictimai fəal və "bütün fərqlərə dözümlülük, hörmət və dəyər" məqsədilə yaratdığı Ruby Bridges Fondunun rəhbəridir. O, hadisələrdən 40 il sonra, 2000-ci ildə fəxri marşal müavini elan edilib.

XS
SM
MD
LG