Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:41

Rusiya Donetsklə Luqanskı atəşə tutur. Zelenski kömək istəyir


Kiyev regionu, Borodyanka
Kiyev regionu, Borodyanka

Rusiya qüvvələri Kiyev və Sumi ətrafında ağır itkilər verəndən sonra hərbi hədəflərini Ukraynanın şərqinə yönəltdiyini bildirir

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Rusiyanın səbəbsiz müharibəsindən çıxmaq üçün onun ölkəsinə daha çox kömək lazımdır. Bu arada Moskva Ukraynanın şərqinə hücumu intensivləşdirir.

Aprelin 11-də Cənubi Koreya deputatları qarşısında videoəlaqə ilə çıxış edən Zelenski qeyd edib ki, beynəlxalq ictimaiyyət məcbur etməsə, Rusiya işğalı dayandırmayacaq.

Atəşkəs cəhdləri

O, Rusiyanın Ukraynanın şərqinə yeni hücum üçün onminlərlə əsgər cəmlədiyini, Ukrayna ərazisində yüzlərlə infrastrukturu, o cümlədən azı 300 tibb ocağını dağıtdığını bildirib.

“Mariupol dağıdılıb, onminlərlə insan öldürülüb, buna baxmayaraq, rusiyalılar hücumu dayandırmırlar”, – Zelenski deyib. Amma onun səsləndirdiyi rəqəmləri təsdiqlətmək mümkün deyil.

Bu arada beynəlxalq ictimaiyyət atəşkəs əldə olunmasına çalışır. Avstriyanın Kansleri Karl Nehammer aprelin 11-də Moskvada Putinlə görüşəcək, onu münaqişəni bitirməyə çağıracağı gözlənir. Rusiya fevralın 24-də Ukraynaya müharibəyə başlayandan Putin ilk dəfədir Avropa İttifaqından ölkə liderilə görüşür.

Yeni komandir

Rusiya Donbasa yeni hücuma hazırlaşdığı ərəfədə ordu generalı Aleksandr Dvornikov Ukrayna müharibəsinin komandiri təyin olunub. O, Rusiya qüvvələrinin cənub hərbi dairəsinin komandanıdır.

ABŞ rəsmilərinin fikrincə, Putin mayın əvvəlinə, nasist Almaniyası üzərində qələbənin ildönümünə Donbası tam nəzarətə alaraq qələbəsini elan etməyə çalışır.

60 yaşlı Dvornikovun Ukraynada müharibənin başına təyin edilməsi Rusiyanın Ukraynanın şərqində irimiqyaslı hücuma başlamasının əlaməti ola bilər, təhlilçilər belə deyirlər.

Dvornikov Rusiyanın dinc əhalini bombaladığı Suriya müharibəsində pis ad çıxarıb. O, Suriyadakı işinə görə Rusiya Qəhrəmanı medalı ilə təltif edilib.

***

Rusiya qüvvələri Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarını atəşə tutmaqda davam edir, Ukrayna qüvvələri bir neçə hücumu dəf edib, Rusiya tanklarını, maşınları, artilleriya avadanlığını məhv edib. Məlumatı Britaniyanın Müdafiə Nazirliyi aprelin 11-də yayıb.

Rusiya qüvvələrinin daha öncə Donetsk regionunda fosforlu mərmilərdən istifadə etməsi onların Mariupolda da tətbiq olunacağı ehtimalını artırır, Britaniya hərbi kəşfiyyatı bildirir. Mühasirədə olan Mariupol uğrunda döyüşlər davam edir.

Nazirliyin məlumatına görə, Rusiyanın idarə olunmayan bombalardan davamlı istifadəsi zərbə endirəndə hədəfi müəyyənləşdirmək bacarığını azaldır, bu isə mülki şəxslər arasında itki riskini artırır.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya qüvvələri Kiyev və Sumi ətrafında ağır itkilər verəndən sonra hərbi hədəflərini Ukraynanın şərqinə yönəltdiyini bildirir.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG