Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:59

Rusiya çox güclü dron hücumuna məruz qalıb (Video)


Pskov şəhərinə dron hücumu
Pskov şəhərinə dron hücumu

Avqustun 30-a keçən gecə Rusiyanın 6 regionunun və ilhaq edilmiş Krımdakı Sevastopolun rəhbərliyi güclü dron hücumları barədə məlumat veriblər.

Onların iddiasına görə dronlardan ən azı səkkizi vurulub.

Tələfat və xəsarət alanlar barədə məlumat verilmir.

Pskov vilayətində hərbi və mülki təyyarələrin saxlandığı aeroporta dron zərbələri endirilib.

TASS dövlət xəbər agentliyinin məlumatına görə dörd İl-76 hərbi-nəqliyyat təyyarəsinə ziyan dəyib.

Rusiya FHN isə təyyarələrin yandığını təsdiq edib, amma sayı barədə məlumat verməyib.

Şərhçilər bildirirlər ki, bu, bəlkə də Rusiya ərazisinin dərinliyində hərbi-hava aviasiyasına vurulan ən böyük ziyandır.

Pskov Ukraynadan 800 kilometrlik məsafədədir.

Pskov vilayətinin qubernatoru Mixail Venediktov deyib ki, ölən və xəsarət alan yoxdur, amma dəyən ziyanın qiymətləndirilməsi üçün cümə axşamınadək bütün reyslər dayandırılıb.

“Pskovskya Pravda” qəzeti yazır ki, bu hücumun əsl hədəfi hava limanının ərazisində olan neft anbarı da ola bilərdi.

Başqa bir versiyaya görə zərbə 104-cü desant-hücum alayının yerləşdiyi Çerexinsk hərbi bazasına endirilməliydi.

Bu alay 2022-ci ildə Ukraynanın Buça şəhərininn işğalında iştirak edib. İşğal zamanı bu şəhərdə çox sayda sakinin qəddarlıqla qətlə yetirildiyi məlumdur.

Bryansk və Orlov vilayətləri

Bundan sonra Rusiya Müdafiə Nazirliyi Bryansk üzərində üç, Orlov vilayətində bir Ukrayna dronunun vurulduğunu bildirib.

Lakin regionun qubernatoru Andrey Klıçkov iki dronun vurulduğunu və xəsarət alan olmadığını deyib.

Məlumata görə Bryansk üzərində vurulmuş dronlardan biri Kremni EL zavodunun üstünə düşərək yanğın törədib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz vilayətə üç dronun hücum etdiyini və onların hamısının vurulduğunu deyib.

Avqustun 30-da gecə Rusiyanın Müdafiə Nazirliyi Kaluqa vilayətində dron vurulduğunu bildirib. Lakin qubernator Vladislav Şapşa dronların iki olduğunu xəbər verib.

Onun sözlərinə görə dronlardan biri boş neft məhsulları çəninin üstünə düşüb və yanğın baş verib.

Təyyarə tipli dronlar

Müdafiə Nazirliyinin məlumatına görə qonşu Ryazan vilayətində iki təyyarə tipli dron vurulub.

Nazirliyin məlumatında deyilir ki, səhər saat 4 radələrində Moskva vilayətinin Ruzsk rayonu ərazisində təyyarə tipli dron radioelektron vasitələrlə “tutulub” və qəzaya uğrayıb.

Bu da xəbər verilir ki, avqustun 30-da səhər Moskvanın bütün hava limanlarında reyslər bağlanmışdı, hazırda iş normal qaydasında davam edir.

Rusiya tərəfindən ilhaq edilmiş Krımda Sevastopolun qubernatoru Mixail Razvojayev deyib ki, gecə ərzində Qara dəniz donanmasının qüvvələri şəhərin mərkəzi buxtası yaxınlığında dron hücumlarını dəf edib.

Son vaxtlarda Rusiya regionları və Krım müntəzəm olaraq dron hücumlarına məruz qalır. Bir neçə dron Kremlədək uça bilib.

Moskva dron hücumlarına görə Kiyevi ittiham edir. Ukrayna bir qayda olaraq bu hücumlar barədə xəbərləri şərh etmir.

XS
SM
MD
LG