Bir qrup ABŞ senatoru Prezident Co Baydenə müraciət edib. Bayden bu ay keçiriləcək sammitdə rusiyalı həmkarı Vladimir Putinə xəbərdarlıq etməlidir ki, Birləşmiş Ştatlara qarşı hərəkətlərinə görə məsuliyyət daşıyacaq, müraciətdə vurğulanır.
Senatorlar Kris Mörfi (demokrat), Rob Portman (respublikaçı) və Jan Şahin (demokrat) Kiyevdə AzadAvropa/AzadlıqRadiosu-na müsahibə veriblər. Onların fikrincə, Vaşinqtonla Moskvanın razılaşdığı sahələr də var, məsələn, Yeni Start Sazişi, nüvəsizləşdirmə fəaliyyəti kimi. Amma Bayden Putinlə görüşündə bir məqamı vurğulamalıdır ki, onun Birləşmiş Ştatlara qarşı dağıdıcı addımları diqqətdən kənar qalmayacaq.
“Putin Birləşmiş Ştatlara qarşı çox aqressiv olub”
“Vladimir Putin bilməlidir ki, o və Rusiya hərəkətlərinə görə məsuliyyət daşıyacaqlar. Putin Birləşmiş Ştatlara qarşı çox aqressiv olub, ABŞ-da seçkiyə müdaxilə etməyə çalışıb, kiberhücumları davam edir, Əfqanıstanda əsgərlərimizin öldürülməsinə görə mükafat təyin etməyə çalışıb”, – Şahin deyib.
İyunun 2-də alınmış geniş müsahibədə Ukraynanın NATO niyyətləri, islahat yolunda irəliləyişi, Moskvanın müxalifət və müstəqil median boğması məsələləri də əhatələnib.
Demokrat Partiyasından Mörfi deyib: “Baydenin Putinlə üzbəüz söhbətdə Rusiyanın Amerika demokratiyasına zərbə vurması məsələsini qaldırması inanılmaz dərəcədə vacibdir”.
Senatorların daxil olduğu nümayəndə heyəti Baydenlə Putinin 16 iyun sammiti öncəsi şərqi Avropada səfərdədir.
“Azad mətbuatsız demokratiya mümkün deyil”
Bu sammit ikitərəfli münasibətlərin Soyuq Müharibə dövründən bəri ən aşağı həddə düşdüyü dönəmə təsadüf edir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Kreml Ukraynanın şərqində rusiyapərəst separatçıları dəstəkləyir. Həmin münaqişədə 13 min 200-dən çox insan ölüb. Bundan başqa Moskva ABŞ-da seçkilərə müdaxilədə, haker hücumlarında suçlanır.
Mörfi, Portman və Şahin Moskvanın müstəqil mediaya davam edən hücumunu tənqid edib, AzadAvropa/AzadlıqRadiosu kimi media orqanlarının vacib rolunu qeyd ediblər. Onlar Qərbin avtoritar rejimli ölkələrdə azad mətbuata dəstək verməli olduğunu vurğulayıblar.
“Azad mətbuatsız demoktratiya mümkün deyil. Biz Qərbdə Rusiyada jurnalistlərin həbsinə, jurnalistlərə təhdidlərə qarşı çıxış etməliyik”, – Şahin deyib.
Portmanın sözlərinə görə, AzadAvropa/AzadlıqRadiosu-nun jurnalistikası “Rusiya, Belarus və digər ölkələrin rəhbərliyi üçün qorxducudur”.
AzadAvropa/AzadlıqRadiosu Rusiyada “xarici agent” qanununu pozmaqda ittiham olunur, bir neçə milyon dollarlıq cəriməylə üzləşib.