Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:13

'Tərtər işi'ndə öldürülənə bəraət verildi


'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'

Onlarla hərbçinin casusluq ittihamıyla həbsi, yüzdən çox hərbi qulluqçunun işgəncəyə məruz qalması və onlardan bir neçəsinin ölməsinə səbəb olan "Tərtər hadisələri" üzrə istintaqda yenilik var. İşgəncə nəticəsində ölsə də, casusluq, dövlətə xəyanət ittihamlarıyla haqqında ittiham hökmü çıxarılan Elçin Quliyevə 5 il sonra bəraət verilib.

Anası Validə Əhmədova AzadlıqRadiosuna bildirib ki, bəraət qərarını aprelin 19-da Baş Prokurorluqda ona təqdim ediblər: "Məni "Tərtər işi" üzrə istintaq qrupunun rəhbəri çağırmışdı. Amma baş prokuror özü də qəbul elədi. Qərarı oxudular, orada yazılıb ki, oğlum heç bir cinayət törətməyib".

"Ancaq onda bir az rahatlıq taparam"

Əhmədova vurğulayıb ki, bəraət qərarı sevindirici olsa da, bununla kifayətlənmək niyyətində deyil. Deyir ki, heç bir təqsiri olmadığı halda, oğluna işgəncə verib öldürənlərdən tutmuş, bu işə sifariş verənlərə qədər hamısı cəzalanmalıdır: "Mən ancaq onda bir az rahatlıq taparam, bəlkə. Oğlumun ölümünə, adının ləkələnməsinə sifariş verənlər, icra edənlər azadlıqdadır, rahat həyat sürür - mən necə qane olum bununla?".

Quliyev 2017-ci ilin mayında dövlətə xəyanətdə suçlanaraq saxlanan və barəsində cinayət işi başlanan çoxsaylı hərbçilərdən biri olub. Sonradan o, öldüyünə görə hərbi prokurorun müavini Şəfahət İmranovun qərarıyla Quliyevin barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Sözügedən qərarın özünü Baş prokuror Kamran Əliyev 31 yanvar 2022-ci ildə ləğv edib.

Yüksək rütbəlilərin cəzalandırılması tələbi

"Tərtər işi"ndə ölən, xəsarət alan və məhkum edilənlərin yaxınlarının çoxsaylı şikayətlərini nəzərə alaraq, baş prokuror 2021-ci ildə bu iş üzrə icraatın təzələnməsi haqda qərar qəbul edib. Bundan sonra başlanan yeni araşdırmalar nəticəsində bir sıra şəxslər məsuliyyətə cəlb edilib. İstintaq araşdırmaları davam edir.

"Tərtər hadisələri"ndə ölənlərin və məhkum edilənlərin yaxınları Hərbi prokuror Xanlar Vəliyevin, müavini Şəfahət İmranovun, keçmiş korpus komandiri, general Hikmət Həsənov və digərlərinin cəzalandırılmasını tələb edir.

İşgəncə verməkdə ittiham olunanlardan bir neçəsi də məhkəmədə ifadələrində bildirib ki, heç bir işi özbaşına görməyiblər. Məsələn, Cavid Ağadadaşov deyib ki, general Hikmət Həsənovun əmrini yerinə yetiriblər.

General Həsənovun bu ittihamlara münasibəti bəlli deyil. Xanlar Vəliyev isə yerli mediaya açıqlamasında ittihamları rədd edib, onları "əsassız" adlandırıb.

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini, onlara dövlətə xəyanət maddəsi üzrə cinayət içi açıldığını bildiriblər. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. İşgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) bəzilərinə sonradan bəraət verilib.

XS
SM
MD
LG