Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:28

Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)


Antalya çimərliyi
Antalya çimərliyi

Adamları Türkiyənin istirahət yerlərinə çəkən nədir?

Türkiyədəki son terror aktları və dövlət çevrilişi cəhdi bu ölkənin turizminə də təsir göstərib. Ancaq yenə əcnəbilər arasında da xeyli məşhur olan Antalya, Bodrum (Muğla), İzmir kimi turizm bölgələri ziyarətçilər satıdan qıtlıq çəkmir.

Bir ara Rusiyadan gələn turistlərin sayı azalsa da, “Erdoganla Putinin barışması” rus turistlərin bu bölgələrə yenidən axınına səbəb olub.

Antalyada rus turistlər
Antalyada rus turistlər

Yay girəndən Bakıdan Antalyaya, Bodruma birbaşa gedən təyyarə reysləri də doludur. Görünür, azərbaycanlılar üçün adambaşı gecəsi ən azı 50 manat olan yerli istirahət mərkəzlərindənsə, təyyarə biletinə görə bir az baha başa gəlsə də, Türkiyənin yüksək səviyyəli turizm bölgələri daha cəlbedicidir.
Axı, niyə də olmasın?

Türkiyəli həmkarlarıyla birlikdə çalışan Bakıdakı turizm şirkətləri 4 nəfərlik azərbaycanlı ailəyə 2 min 200 dollara beş ulduzlu oteldə bir həftəlik istirahət təklif edir. Bu qiymətə təyyarə bileti də daxildir.

Cəlbedicidir, çünki Türkiyənin turizm bölgələrində yerləşən otellərin hamısı valideynlərinə görə 6 yaşadək, çoxu isə 12 yaşadək bir uşağa istirahəti pulsuz təklif edir. 2 yaşa qədər olan ikinci uşağa da istirahət pulsuzdur. Ən çox əyləncə də elə uşaqlar üçündür. 4 ulduzlu, 3 ulduzlu otellərə paketlər daha ucuzdur.

Antalyada otel
Antalyada otel

Buna da baxın: REAL-çı gənclərə 7 sutka verildi [Video] (Yenilənib)

Ailə bu məbləği ödəyir, əvəzində nə alır?

Turist təyyarə ilə turizm bölgəsinə yollanır. Hava limanında qarşılanıb, otelə yerləşdirilir. Dəniz kənarında yerləşən beş ulduzlu otellər “all inclusive”, bəzən “ultra all inlusive” – hər şey daxil sistemi ilə işləyir. Bu, xüsusilə uşaqlı ailələrə sərfəlidir. Gündə 3 dəfə keyfiyyətli və bol yeməkdən başqa, az qala, hər saatda qəlyanaltılar təklif edən kafe, barlar açıqdır. Uşaqlar və körpələr üçün ayrıca menyuları var.

Uşaqlar üçün klub, əyləncə mərkəzi, burda onlarla vaxt keçirən dayələr çalışır. Otellərdə uşaqlar və böyüklərdən ötrü bir neçə açıq və qapalı hovuzlar var. Dəniz suyunun təmizliyinə və təhlükəsizliyinə görə beynəlxalq dərəcəli “Mavi bayraq” (blue flag) almış Aralıq və Egey dənizinin çimərlikləri (ümumilikdə Türkiyədə “mavi bayraq”lı 500-ə yaxın çimərlik var-red.) isə hava qaralana qədər turistlərlə aşıb-daşır.

(Bir neçə gün öncə bu cür təmiz dənizdən və sahildən yerli camaatın pulsuz istifadə etməsindən də yazmışdıq, həmin reportajı burada oxuyun - red.)

Antaliyada oteldə əyləncə
Antaliyada oteldə əyləncə

Oteldəki idman salonu, sauna, tenis kortları, motorsuz su idman növləri pulsuzdur. Otaqlarda və otel ərazisində WiFi internet bağlantısı yüksək sürətlidir. Körpələr, uşaqlar və böyüklərdən ötrü ayrıca su parklarında vaxtı daha əyləncəli və şən keçirmək olur. Hər axşam əvvəlcə uşaqlar, sonrasa böyüklər üçün tamaşalar, rəqslərlə zəngin əyləncə proqramları var.

Əvvəlki illərdən fərqli olaraq, son illər beşulduzlu otellər uşaqların, elə böyüklərin də sevdiyi karusellərin, əyləncələrin birləşdiyi Luna Parkların da qapısını müştərilərə pulsuz açır. Otellər hər gün rahat avtobusları ilə şəhər mərkəzinə pulsuz səyahət də təşkil edir. Axşamlar dəniz sahilindəki əyləncələr, oteldəki diskotekalar səhərə qədər davam edir. Ən əsası, xidməti personal gülərüzlü və müştəriyə diqqətlidir.

Bunları detallı təsvir etməyimizin bir səbəbi gecəsi azı 50 manat olan, elə də zəngin olmayan səhər yeməyindən başqa pulsuz başqa nəsə təklif etməyən yerli turist mərkəzləriylə fərqi göstərməkdir.

Antalya
Antalya

Buna da baxın: 'Qartalın başını kəsmək': Türkiyə Silahlı Qüvvələrinin sonu gəlib?

10 günə 1500 dollar

Elə Antalyada istirahət edən Fəridə Məmmədova da deyir ki, dincəlmək istəyən bir həftə də olsa, yaxşı istirahət istəyər, darıxa-darıxa istirahətinin nə vaxt bitəcəyini gözləməz.

Bakılı Vaqif Əmirli bu yay Bodrumda istirahət edib. Deyir, 1500 dollara 4 nəfərlik ailəsi ilə 4 ulduzlu oteldə 10 gün dincəlib:

“Təyyarəyə çox pul çıxmasa, daha ucuz olar. Çox yaxşı dincəldik, hər şey də ürəyimizcə oldu. Xüsusilə otel işçilərinin qonaqlara isti münasibəti xoşuma gəldi”.

Buna da baxın: "İntəhası, nacins kişilər gəlir dəə"- Lənkərandakı qadın çimərliyindən reportaj

Azerbaijan -- Bakı hava limanında Türkiyə istirahət mərkəzlərinə gedənlərin növbəsi
Azerbaijan -- Bakı hava limanında Türkiyə istirahət mərkəzlərinə gedənlərin növbəsi

Yerli istirahət mərkəzləri nə təklif edir?

Bir neçə il əvvəl Bakının Zuğulba qəsəbəsində açılmış, 5 ulduzlu otel standartlarına uyğun istirahət mərkəzlərindən birinin şərtlərinə baxırıq:

- yaşı 3-dən az uşaqlar qəbul olunmur.
- yundan avqustadək mərkəzdə standart 2 nəfərlik otaqda 3 dəfə yemək daxil olmaqla, 1 nəfərə bir günlük qiymət 140 manat, iki nəfərə 190 manatdır.
- sentyabrdan mayadək bu qiymət bir nəfərə 115, iki nəfərə görə 150 manatdır.
- uşaqlar üçün də pul alınır. 3-12 yaşlı bir uşağa görə gündəlik qiymət 50 manatdır.


Ya da Şəkidə yerləşən ortabab istirahət mərkəzlərindən birinin şərtlərinə baxaq: səhər yeməyi daxil bir gecə 70 manata başa gəlir. Hətta hazırda bu mərkəzdə qiymətdə endirim var. Bir gün üçün 50 manat.

İsmayıllı rayonunun Lahıc kəndindəki istirahət mərkəzində bir gecəni 50 manata, Qubanın istirahət yerlərində 40-50 manata qalmaq olar. Burda da pulsuz olan ancaq səhər yeməyidir.

Antalya
Antalya

Obyektiv və süni səbəblər

seyyah.az saytının redaktoru, iqtisadçı Əli Əhmədov yerli istirahət mərkəzlərində qiymətlərin yüksək olmasını həm obyektiv səbəblə, həm də süni bahalıqla bağlayır:

Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

“Həm bahalıq üçün əsaslar var, həm də süni qiymət artımı mövcuddur. Obyektiv səbəb odur ki, bizdə turizm müddətinin vaxtı çox azdır. Bölgələrdəki istirahət yerlərinin əksəriyyəti cəmi bir neçə ay işləyir. Bir neçə aydan sonra fəaliyyətlərini dayandırırlar. Ona görə işlədikləri vaxt çox qazanc əldə etməyə çalışırlar.

Başqa bir səbəb odur ki, bizdə bölgələrdə otellərin sayı azdır, həm də bir neçə investorun deyil. Elə rayonlar var ki, ordakı otellərin 80 faizi ancaq bir adamındır. Bu da həmin şirkətin bütün otellərdəki qiymətləri yüksək səviyyədə saxlamasına imkan verir. Gələn müştəri də başqa variant olmadığından orda qalmağa məcbur olur.

Əgər otellərin tikintisinə daha yaxşı şərait yaradılsa və otellərin sayı çox olsa, qiymətlər də düşəcək”.

Buna da baxın: Azərbaycan manatının son 100 illik tarixi fotolarda

Antalya
Antalya

Türkiyəyə gedənlərin sayı artır

Elə bu ayın əvvəlində Bakıda Türkiyə turizmi ilə bağlı tədbirdə bu ölkənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun demişdi ki, son dövrlər ölkəsinə gedən turistlərin sayında yenidən artım var. Rusiya bu ölkəyə reysləri ləğv edəndən sonra turist sayı azalmışdı.

Azərbaycan Hava Yolları (AZAL) Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacyev isə deyirdi ki, son hadisələrlə bağlı Bakıdan İstanbula sərnişin sayında cüzi azalma olsa da, ümumilikdə, Türkiyənin istirahət zonalarına gedənlərin sayında artım var. Onun sözlərinə görə, keçən ilin iyulu ilə bu ilin iyulunu müqayisə edəndə Bakıdan Antalyaya gedənlərin sayı 2 dəfədən çox artıb. Bodrum və İzmir istiqamətində də artımlar var.

XS
SM
MD
LG