20 ölkə Rusiyanın müdaxiləçi qüvvələrinə qarşı döyüşən Ukraynaya yeni hərbi yardım göstərilməsinə dair razılığa gəlib.
Bunu mayın 23-də Ukrayna Kontakt Qrupunun ikinci görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.
Xəbərdə deyilir ki, Danimarka Ukraynaya özünün dəniz sahilini müdafiə edə bilməsi üçün Harpoon qurğusu və bu qurğu üçün raketlər verəcəyini bildirib.
Videobağlantı formatında keçirilən görüşdən sonra mətbuat konfransında çıxış edən Ostin bildirib ki, Çex Respublikası da Ukraynaya döyüş helikopterləri, tanklar və raket sistemləri də daxil “əhəmiyyətli dəstək” vəd edib.
Ostin bildirib ki, ümulikdə 20 ölkə “yeni təhlükəsizlik paketləri” elan edib.
Nazir xatırladıb ki, söhbət Ukraynanın son dərəcə ehtiyacı olan artilleriya sursatından, sahil müdafiə sistemlərindən, tanklardan və zirehli texnikadan gedir.
47 ölkə iştirak edib
Ostinin sözlərinə görə bir sıra başqa ölkələr də Ukrayna qüvvələrinin təliminə və hərbi sistemlərə xidmət göstərilməsinə dair yeni öhdəliklər götürüb.
ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Mark Mili Ukrayna Kontakt Qrupunun ikinci görüşünə 47 ölkənin qatıldığını bildirib.
Ukraynanın müdafiə naziri Oleksi Reznikov iştirakçıları üç aydır davam edən müharibədəki vəziyyət barədə məlumatlandırıb.
Lloyd Ostin bu barədə deyib:
"Bugün biz nazir Reznikov və onun komandası ilə birlikdə Ukraynanın prioritet tələbləri və döyüş meydanındakı vəziyyət barədə dəqiq məlumat əldə etdik”.
ABŞ Avropadakı hərbi qüdrtəini artırır
Ostin deyib ki, qrupun ABŞ-ın Almaniyadakı hərbi-hava bazasında dörd həftə bundan əvvəl keçirilmiş ilk görüşündən bəri vəd edilən və artıq çatdırılan hərbi yadımların miqyası misilsiz olub.
Onun sözlərinə görə birinci görüşdən bəri Ukraynanın ehtiyacları elə də dəyişməyib və müharibə artilleriya, tank, dron və başqa texnikanın iştirakilə davam edir:
"Bu mərhələdə döyüşün taleyini artilleriya həll edir və biz son həftələrdə qarşılıqlı artilleriya atışmalarını müşahidə edirik”.
Pentaqonun rəhbəri əlavə edib ki, Ukrayna Kontakt Qrupunun növbəti görüşü üzvlərin fiziki iştirakilə iyunun 15-də NATO-nun brüsseldə keçiriləcək nazirlər müşavirəsində baş tutacaq.
General Mili isə Rusiyanın Ukraynaya müdaxiləsindən bəri ABŞ qüvvələrinin Avropada artan mövcudiyyəti barədə son məlumatları bölüşüb.
O deyib ki, ötən payızda regionda 78 min ABŞ hərbçisi vardısa, indi onların sayı 102 min nəfərə çatıb.
Bundan başqa Avropa regionuna 24 gəmi, dörd sualtı qayıq, 12 qırıcı eskadronu, iki döyüş aviasiyası vahidi, altı döyüş briqadası komandası gətirilib.