Ərdoğan Putinə zəng edib
Kremlin saytında dərc olunmuş xəbərdə deyilir ki, noyabrın 24-də Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
Xəbər verilir ki, bu söhbət zamanı noyabrın 9-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağa dair imzalanmış bəyanatın icrasının bütün aspektləri təfərrüatlı şəkildə müzakirə olunub.
Bu da qeyd olunur ki, V.Putin türkiyəli həmkarına Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə geniş məlumat verib.
Söhbət zamanı qaçqınların öz yerlərinə qaytarılması, infrastrukturun bərpası, dini və mədəniyyət obyektlərinin qorunub saxlanması ilə bağlı təxirəsalınmaz humanitar problemlər müzakirə edilib.
Danışıqlarda habelə, münaqişə zonasında atəşkəsə riayət olunması və bütün hərbi hərəkətlərə son qoyulmasına nəzarət məqsədilə müştərək Rusiya-Türkiyə Mərkəzinin yaradılması üçün aparılan işlərin gedişatından bəhs olunub. Tərəflər bu istiqamətdə nəzərdə tutulmuş məsələlərin ardıcıl və tam icrasının zəruriliyini qeyd ediblər.
Müdafiə Nazirliyi: Azərbaycan ordusu Kəlbəcər rayonuna daxil olub
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan silahlı qüvvələrinin bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan qüvvələri Kəlbəcərə hələ noyabrın 15-də daxil olmalı idi. Lakin bu müddət Ermənistan tərəfinin ricası ilə 10 gün uzadılmışdı.
Azərbaycan Müdafiə Nazirliyinin 25 noyabr tarixli məlumatında deyilir: "Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir".
Nazirlik bildirir ki, gün ərzində Kəlbəcərdən foto- və videomateriallar təqdim olunacaq.
BMT Rusiya ilə Qarabağda əməkdaşlığa hazırdır
BMT-nin mütəxəssisləri Dağlıq Qarabağda gərəkən humanitar əməkdaşlığın həcminin dəyərləndirilməsi üçün Rusiya ilə birlikdə işləməyə hazırdır. Bunu BMT Baş katibinin təmsilçisi Stefan Dyujarrik jurnalistlərə deyib. Onun sözlərinə görə, Baş katib qeyd edib ki, BMT-nin humanitar məsələlərin koordinasiyası idarəsi və digər şöbələri Dağlıq Qarabağda və ətraf regionlarda humanitar ehtiyacların ilkin müstəqil dəyərləndirməsini aparmaqdan ötrü birgə fəaliyyət imkanlarının müzakirəsinə hazırdır.
Dyujarrik deyib ki, Baş katib Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbətlərində BMT-nin ölkələrə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.
"Ümid edirik ki, hərbi əməliyyatların dayanması ilə humanitar işçilər bütün regionlarda ehtiyacı olanlara, münaqişədən əziyyət çəkənlərə çıxış əldə edəcək", – o vurğulayıb.