Milli Məclis Fransanın həmsədrlikdən geri çağrılmasını istəyir
Milli Məclis Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağrılması üçün Azərbaycan hökumətinə çağırış edib.
Bu barədə Fransa Senatının "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməsinə etiraz olaraq Milli Məclisin bu gün, noyabrın 26-da qəbul etdiyi bəyanatda bildirilir.
"1. Son günlər tutduğu mövqe ilə bitərəfliyini şübhə altına qoyan Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin;
2. Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın;
3. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın, dərindən təhlil edilsin və müvafiq tədbirlər görülsün".
Fransa səfirliyinin önündə etiraz olub
Noyabrın 26-da bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri Azərbaycandakı Fransa səfirliyinin qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları dünən, noyabrın 25-də Fransa Senatında qəbul olunan "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz ediblər.
Onlar əllərində "Fransa, beynəlxalq hüquqa hörmət et!", "Fransa, BMT qətnamələrinə hörmət et!" sözlər yazılmış plakatlar tutub, "Fransa ədalətli ol", "Qarabağ Azərbaycandır", "Beynəlxalq hüquqa hörmət elə" və başqa şüarlar səsləndiriblər.
Aksiya sonunda iştirakçılar bəyanat oxuyublar. Bəyanatda qətnamə pislənib və onun ləğv edilməsi tələb edilib. Orada qeyd edilib ki, Senatın qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını istəyirlər.
Aksiya iştirakçıları Azərbaycanın Fransadakı səfirinin də geri çağrılmasını tələb ediblər.
Ərazidə olan polis qüvvələri aksiyanın gedişatına mane olmayıb.
Orada səslənən fikirlərə, hələlik, Fransa səfirliyi və Azərbaycan hökumətinin təmsilçilərindən münasibət almaq mümkün olmayıb.
Ermənistan Minsk qrupunun saxlanmasını istəyir
Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə telefon söhbəti aparıb. AzadlıqRadiosunun Ermənistan xidmətinin məlumatına görə, Ayvazyan Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şoferlə danışıb.
Ayvazyan Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin bərqərar olmasının və sülhməramlıların yerləşdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan XİN-in məlumatına görə, nazir və həmsədrlər "Qarabağda humanitar böhran şəraitində ermənilərin maraqlarının müdafiəsi və hüquqlarının bərpası"na toxunublar, bu kontekstdə müvafiq beynəlxalq təşkilatların prosesə cəlb olunmasının vacibliyini qeyd ediblər.
Ayvazyan ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yeganə beynəlxalq format kimi saxlanmasının vacibliyini vurğulayıb.
Azərbaycan parlamenti isə noyabrın 26-da Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağrılması üçün Azərbaycan hökumətinə çağırış edib. Bu barədə Fransa Senatının "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməsinə etiraz olaraq Milli Məclisin qəbul etdiyi bəyanatda bildirilir.