►Üç il öncə maliyyə naziri Samir Şərifov sonrakı illərdə Azərbaycanın xarici borcunun azalacağını söyləmişdi...
Azərbaycanın dövlət borcu artır. Maliyyə Nazirliyinin oktyabrın 1-ə olan məlumatına görə, xarici dövlət borcu 6 milyard 730.9 milyon ABŞ dollarıdır (7 milyard 54 milyon manat). Bu, iyulun 1-i ilə müqayisədə 109.7 milyon dollar çoxdur.
Borc statistikasında hökumətin birbaşa və dövlət zəmanəti əsasında cəlb edilmiş şərti kredit öhdəlikləri əksini tapıb.
Buna da bax: "Rafiq Tağı Mükafatı" təqdim edildi
Xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM-in) 12.4 faizi qədərdir. Bunu əsas gətirən hökumət rəsmiləri borcun təhlükəli həddə çatmadığını deyirlər.
Üç il öncə maliyyə naziri Samir Şərifov sonrakı illərdə Azərbaycanın xarici borcunun azalacağını söyləmişdi:
"Biz daha az borc alacaq və çox qaytaracağıq. Müvafiq olaraq, xarici borcun səviyyəsi tədricən azalacaq".
Borcun əsas qismi 10 ildən sonra ödənməlidir
Xarici borcların ödənməsi, əsasən, Azərbaycanın neft gəlirlərinin azaldığı dövrə təsadüf edəcək. Borc vəsaitlərinin 8 faizi
10 ilədək, 58.6 faizi 10 ildən 20 ilədək, 33.4 faizi isə 20 ildən çox müddətə cəlb edilib. Hökumətin indiki xərcləmə siyasəti gözə alınsa, növbəti illərdə valyuta ehtiyatlarının artımı gözlənilmir.
İqtisadiyyat eksperti Salman Nəcəfov imzalanmış kreditlərin 92 faizinin müddəti 10 ili aşan kreditlər olmasına diqqət çəkir:
“Borcun ödənməsi neft gəlirlərinin azaldığı dövrə təsadüf edəcək. Buna görə də, borcların qaytarılmasında çətinliklər yarana bilər”.
Ekspert bildirir ki, Azərbaycanın xarici borclarına limit tətbiq edilməlidir:
“İnfrastruktur layihələrinə kreditlərin cəlb olunması, xarici borcların effektiv idarə edilməsi üçün uzunmüddətli strategiya hazırlanmalıdır. Xarici borclar icmal hesabatı olmalı, cəlb edilmiş kreditlərin istifadəsində şəffaflıq artırılmalıdır”.