Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Nazir qardaşı onun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş Samir Nəbiyevin işi üzrə məhkəmədə zərərçəkmiş qismində dindirilib.
İttihama görə, S.Nəbiyev şərikli biznes adı ilə Ə.Camalovdan iki dəfəyə 18 min manat və 2 min 500 dollar pul alıb qaytarmayıb. Buna görə Nəbiyevə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) ittihamı verilib.
Nazir qardaşı iyulun 5-də məhkəmədə ifadə verərkən 18 min manatı da o dövrdəki məzənnəni nəzərə alaraq, dollarla hesablayıb. Deyib ki, hazırda S.Nəbiyevin ona 18 min dollar borcu var və o pulu tələb edir.
«MƏNDƏN 18 MİN İSTƏDİ»
S.Nəbiyevi iki ilə yaxındır tanıdığını deyən Ə.Camalovun sözlərinə görə, onlar elektrik malları mağazasında tanış olublar. Nəbiyev icarə əsasında belə bir mağaza işlədirdi:
«2015-ci ildə Samir Nəbiyevin elektrik mağazasından alış-veriş edirdim. Dedi ki, məni başqa müştərilərdən ayırır, mənə qiymətlərdə güzəşt edir. Etibarımı qazandı. Bir gün dedi ki, biznesini inkişaf etdirmək istəyir, şəriki yoxdur. Yaxşı müştəriləri var, amma yeni mallar alıb gətirmək üçün yetərincə pulu yoxdur. Məndən 18 min istədi, dedi ki, hər ay təxminən 4 min qazanıb, yarısını mənə verəcək. Mən də razılaşdım. Birinci ay dedi ki, işlər yaxşı deyil, 3 min manat qazanc olub, bunun da yarısını – 1500 manatını mənə verdi. Sonrakı aylarda da işlərin yaxşı getmədiyini bəhanə eləyib 1250 manat verdi».
***Buna da bax-Məhkəmə qərar verdi: nazirin qardaşı gəlməlidir
Ə.Camalov deyir ki, sonradan devalvasiyaya görə manatla verilmiş pulu dollarla hesablayıblar, oğlu Əkbərlə Samir arasında da müqavilə bağlayıblar. Əlavə olaraq, 2 min 500 dollar da pul verib. Bir müddət sonra S.Nəbiyev onun zənglərinə cavab verməyib:
«Oğlumla mağazasına gedəndə gördük ki, artıq dükan bağlanıb, mallar satılıb. Başa düşdüm ki, mənim pulumla aldığı malları satıb başqa borclarını bağlayıb».
«DOLLARLA QAYTARMALIDIR»
Nazir qardaşı pulun ona dollarla qaytarılmasını istəyir:
***Buna da bax-
«Dollarla qaytarmalıdır. Mən Samirə yaxşılıq etmişəm. Gördüm məni aldadır, polisə verdim ki, pulu qaytarsın. İndi iş məhkəmədədir, tələb edirəm ki, pulu qaytarsın».
Ə.Camalov onu da söyləyib ki, bu mərhələdə pulun 10 min dollarını da qartarsa, ondan şikayətçi olmaz:
«10 min gətirib qaytarsın, bağışlayım».
Təqsirləndirilən Samir Nəbiyev deyib ki, nazir qardaşından aldığı 18 min manata görə 5 min, 2 min 500 dollara görə də 1500 dollar ona pul verib.
Ə.Camalovun oğlu Əkbər Camalov da məhkəmədə dindirilib. O bildirib ki, S.Nəbiyev atasından pul alıb, bir müddət sonra onunla müqavilə bağlanıb. S.Nəbiyevlə pul müqaviləsi Ə.Camalovun adına bağlanıb.
Məhkəmə iyulun 12-də davam edəcək.