Seçki prosesinin daha bir mərhələsi yekunlaşdı – uzun müddət seçkidə iştirak edib-etməməklə bağlı müzakirələr aparan əsas müxalifət partiyaları qərarlarını açıqladılar. Qərarlar heç də seçkinin xeyrinə olmadı. Ölkənin demək olar ki, ən böyük partiyaları seçkidə iştirak etməmək haqqında qərar verdilər. Bu, bir qədər gözlənilməz oldu. Ona görə ki, seçkidə iştirak məsələsi artıq uzun müddət idi ki, siyasi gündəmdə idi. «Azadlıq» bloku hamıdan əvvəl seçkidə iştirak etməyəcəyini bəyan etmişdi. Amma digər partiyalar nəinki qərarını yubadır, hətta seçkidə iştirakın lehinə arqumentlər səsləndirir, «Azadlıq» blokuna qarşı opponentlik edirdilər. Amma sonda «Azadlıq» blokunun mövqeyi üstünlük qazandı. Hətta prosesin bu şəkildə sona çatması ilə bağlı müəyyən iradlar da oldu. Bəzi müşahidəçilərin fikrincə, «Azadlıq» blokunun qərarı vaxtında müdafiə olunsaydı, bunun siyasi effekti daha çox olardı. Onlar belə hesab edir ki, Seçki Məcəlləsinin müzakirəsi zamanı müxalifətin birgə qərarına daha çox ehtiyac var idi.
Amma bütün hallarda proses artıq arxadadır. İndi hamını seçki prosesinin gələcək inkişafı maraqlandırır. Qəbul edilmiş qərarları şərti olaraq iki qrupa bölmək olar. Bəzi partiyalar seçkini boykot etmək fikrindədir, digərləri isə sadəcə seçkidə iştirak etməyəcəklərini bəyan ediblər. Amma ekspertlər və müşahidəçilər bu iki qərar arasında prinsipial fərq görmürlər. Ölkədə aktiv siyasi boykot imkanları demək olar ki, yox dərəcəsindədir. Elə bu səbəbdən müxalifət partiyalarının seçkini geniş şəkildə boykot etmək imkanlarını heç kim ciddi qiymətləndirmir. Müxalifət əvvəlki dövrlərdə də seçkini boykot edib, amma bu, effektiv nəticə verməyib. Üstəlik, bəzi partiyalar «seçkidə iştirak etməmək mübarizəmizin bir hissəsidir» - desələr də, indidən aydındır ki, seçki bu partiyalar üçün vaxtından əvvəl başa çatıb. Acı da olsa bu, həqiqətdir. Elə bəzi partiyaları seçkidən çəkindirən də bu oldu ki, seçicilərə təsir imkanları son dövrlərdə xeyli məhdudlaşdırılıb.
Elə bu səbəbdən daha çox ehtimal olunan ssenari budur ki, əsas müxalifət partiyaları üçün seçki bir tədbir kimi yekunlaşıb və bundan sonra onlara ya ancaq özlərinin kabinet həyatını yaşamaq, ya da dinc itaətsizlik aksiyaları ilə siyasi mübarizəni yeni formata keçirmək qalır
İndi ciddi şəkildə cəmiyyətin siyasətsizləşdirilməsi prosesi, seçkiyə ictimai marağın azaldılması baş verir. Sovetlər vaxtında cəmiyyətin ancaq seçki günündən xəbəri olurdu. Müasir Azərbaycanda da analoji mənzərə müşahidə olunur. Hakimiyyət çalışır ki, seçki ictimai həyatda rezonans yarada bilməsin. Seçki müddətinin kəskin şəkildə qısaldılması buna sübutdur.
Bu seçkidə iştirak etməmək qərarı verən bəzi müxalifət partiyaları 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkisində iştirak edəcəklərini bildirirlər. Amma seçkinin ən əhəmiyyətlisinə – prezident seçkisinə ictimai maraq yoxdursa, bələdiyyə və parlament seçkisinə bu marağı kim təmin edəcək? Təminat varmı ki, həmin seçkilər vaxtı indikindən daha demokratik şərait yaradılacaq?
Hər halda indiki vəziyyət və tendensiya bu sualları müsbət cavablandırmağa imkan vermir. Elə bu səbəbdən daha çox ehtimal olunan ssenari budur ki, əsas müxalifət partiyaları üçün seçki bir tədbir kimi yekunlaşıb və bundan sonra onlara ya ancaq özlərinin kabinet həyatını yaşamaq, ya da dinc itaətsizlik aksiyaları ilə siyasi mübarizəni yeni formata keçirmək qalır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.