Rusiya Cənubi Osetiya və Abxaziyanı tanımaqla MDB-nin münaqişəli ölkələrinə münasibətdə siyasi balansı birdəfəlik pozdu. Elə əvvəllər də Şimal ölkəsi separatçı rejimlərə xüsusi dəstəyi ilə seçilirdi. Amma ərazisində münaqişə zonaları olan ölkələr ən azı MDB-də təmsil olunmaqla Rusiyanı neytrallaşdırdıqlarını güman edirdilər. Artıq buz əridi. Daha bundan sonra heç kim Rusiyanın dəstəyinə arxayın ola bilməz. Rusiya etimad limitini tükəndirdi. Birdən-birə iki separatçı rejimi tanımaqla bu ölkə özünün vasitəçilik missiyasını heçə endirdi.
Amma buna baxmayaraq, hələ də Rusiya Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərir. Bir növ özünün vasitəçilik missiyasını davam etdirir. Hətta bu yaxınlarda Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Rusiyanın digər həmsədrlərə və ümumiyyətlə Qərb dövlətlərinə xüsusi işarəsidir.
Bununla Rusiya vasitəçilik limitinin bitmədiyinə və regionda təsirinin azalmadığına eyham vurur.
Bununla Rusiya vasitəçilik limitinin bitmədiyinə və regionda təsirinin azalmadığına eyham vurur.
Azərbaycan da Rusiyanı özünə dost ölkə hesab edir. Amma bu, son illərin ən böyük yanlışlıqlarından biridir. Əslində Gürcüstan çox böyük dərs idi. Günlərin birində bu ölkə öz ərazisində təcavüzkar elan olundu.
Bu detalın özü çox şeydən xəbər verir. Aydındır ki, Gürcüstan kimi Azərbaycan da artıq heç vaxt öz ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində hərbi əməliyyatlar apara bilməyəcək. Rusiya buna imkan verməyəcək. Azərbaycan rəsmiləri həmişə deyirdilər ki, lazım gələrsə münaqişə hərbi yolla həll ediləcək. Artıq bu yol bağlıdır. Bunu Rusiyanın hərb maşını bağlayıb.
Rusiya bütün vasitələrlə israr edir ki, Dağlıq Qarabağ fərqli münaqişədir. Amma bu fərq özünü nədə büruzə verir? Aydındır ki, Rusiya Qarabağa o vaxta qədər dözümlü yanaşacaq ki, bu problemlə bağlı diplomatik səylər onun ssenarisinə uyğun aparılsın
Artıq siyasətin maşını işə salınıb. Növbə digər ölkələrindir. Kim Rusiyanın çevrəsindən kənara çıxmağa çalışsa, onu da bu aqibət gözləyəcək. «NATO-ya üzvlük əvəzinə torpaq!» - Rusiyanın yeni təşəbbüsü budur. Düzdür, Rusiya bütün vasitələrlə israr edir ki, Dağlıq Qarabağ fərqli münaqişədir. Amma bu fərq özünü nədə büruzə verir? Aydındır ki, Rusiya Qarabağa o vaxta qədər dözümlü yanaşacaq ki, bu problemlə bağlı diplomatik səylər onun ssenarisinə uyğun aparılsın.
Əsas odur ki, Rusiya özünü kifayət qədər ifşa edib. Əgər Minsk Qrupunun həmsədrlərini götürsək ABŞ-la Fransa arasında Rusiyaya qarşı çox kəskin münasibət yaranıb. İndi Qərb dövlətləri, ümumiyyətlə Rusiyanı təcrid etmək yolunu tutublar. Heç kim Rusiyanı təqdir etmir, ona etibar etmir. Elə bu səbəbdən Minsk Qrupunun yenidən formalaşdırılması ideyasının ərsəyə gəlməsi çox yaxşı olardı. Bunun üçün Qrupun on altı illik tarixi də əsas verir. On altı il ərzində kiçik bir ərazi belə olsun azad edilməyib. Diplomatlar ancaq ziddiyyətli bəyanatlar verməklə məşğuldurlar. Məsələnin həllinə ən çox maneçilik törədən də Rusiyadır, çünki məhz o, Ermənistanı silah – sursatla təmin edir. Düzdür, Minsk Qrupu çərçivəsində qərarlar konsensus yolu ilə qəbul edilir. Elə bu səbəbdən Rusiyanın bu formatdan uzaqlaşdırılması o qədər də asan məsələ deyil. Hər halda buna cəhd etmək olar.
Təəssüf ki, Azərbaycan rəsmiləri daha çox iqtisadi amilləri əsas götürürlər.
Hərçənd Gürcüstandakı son olaylar göstərdi ki, Azərbaycan iqtisadiyyatı daha çox strateji baxımdan Gürcüstanla bağlıdır, nəinki Rusiya ilə. Üstəlik, Azərbaycanın müstəqillik balansı Gürcüstanınkından qat-qat çoxdur. Amma buna baxmayaraq Azərbaycan MBD adlı perspektivsiz təşkilatın orbitindən uzaqlaşa bilmir.
Siyasət mümkün olanın sənətidir. Amma həmişə statik-donuq sərhədlərdə qalmaqla siyasəti inkişaf etdirmək olmaz. Mümkün olanın sərhədlərini daim genişləndirməyə çalışmaq lazımdır. Artıq aydındır ki, balanslaşdırılmış xarici siyasət səmərə vermir. Aydındır ki, Minsk Qrupu bir format kimi özünü tükəndirib. Köhnə formatlarla çox da uzağa getmək olmaz. Belə təəssürat yaranır ki, Azərbaycan öz neftinə həddindən çox aludə olub, bütün vasitələrlə onun maneəsiz nəqlinə çalışır, sanki hər şey neftə və onun maraqlarına tabe etdirilib. Neft özü də nəyəsə xidmət etməlidir. Üstəlik, son hadisələr göstərdi ki, neftin də etibarlı nəqli çox da asan məsələ deyil.
Rusiya bizə nə vəd edir? Ancaq ilğımlar! Dağlıq Qarabağ problemini daha da aktuallaşdıra, onun həlli üçün yeni formatlar qurmağa çalışa bilərdik. Amma tələsmirik. Regionda yaranmış yeni geosiyasi ab-havadan öz təhlükəsizliyimiz üçün istifadə edə bilərdik. Amma gözləyirik. Rusiya ilə yanaşı addımlamağa çalışırıq. Olsun. Amma bu yol bizi hara aparacaq?
Hər halda Minsk Qrupu da artıq bir ilğımdır. İlğım isə reallıq deyil, optik aldanışdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.