Televiziya açmaq istəyənlərin sayı artır

Azərbaycanda ən son açılan televiziya İctimai Televiziyadir

Son 5-6 ildə heç kim televiziya açmaq hüquqdan istifadə edə bilməyib. İndi birdən-birə «Azadlıq» bloku televiziya açmaq istəyir, parlamentin spikeri deyir ki, parlamentin televiziyası olacaq. Hətta mədəniyyət televiziyası açmaq istəyənlər də var


Mütəxəssislərin dediyi kimi, bu istəyi Azərbaycandakı mövcud televiziyaların bənzərliyi, çal-çağıra, şou proqramlara üstünlük vermələri və xəbərlərin təqdimatında ya birtərəfli olmaları, ya da bəzi mətləblərin üstündən keçmələri ilə də bağlamaq olardı. Ancaq yeni televiziya axtarışına çıxanlar ayrı-ayrı zümrələrin təmsilçiləridir. Elektron KİV-də nadir hallarda görünən müxalifətdir, fəaliyyətinin işıqlandırılmasından narazı qalan parlamentdir və elitar televiziya arzusunda olan mədəni zümrədir.


Bakı Dövlət Universitetinin müəllimi, teletənqidçi Zeynal Məmmədliyə görə, Azərbaycan cəmiyyəti nə qədər durğun olsa da, ayrı-ayrı kəsimlər alternativ informasiya almağa meyllidir. Özünün axtarıb tapa bilmədiyi informasiyanı özü istehsal etməyə çalışır: «Bu niyyət cəmiyyətdə alternativ informasiya qıtlığını göstərir. İkincisi, cəmiyyətdə ixtisaslaşmış informasiyaya artıq maraq artır». Amma Zeynal Məmmədliyə görə, məsələn, bir neçə müxalifət partiyasının birliyi olan «Azadlıq» bloku telekanal yaradanda, özünün siyasi maraqlarını nəzərə almağa çalışır. Amma bundan cəmiyyət də uda bilər: «Cəmiyyətə faydası budur ki, siyasi qüvvəni alternativ qaynaqlardan tanıya biləcək və başqa qaynaqlarla müqayisə edəcək».


Başqa bir teletənqidçi Elşad Quliyevə görə isə, dünyanın heç bir yerində müxalifət televiziyası yoxdur. Ona yaxın qüvvələrin maliyyələşdirdiyi kanallar ola bilər. Amma açıq-aşkar müxalifətin, siyasi qurumun təsis etdiyi televiziya yoxdur. Əslində, qanun da siyasi qüvvələrin televiziya kanalları açmasına imkan vermir. «Nə ABŞ-da, nə İngiltərədə, nə Afrika ölkələrində belə nümunə var. Bunun əvəzinə ictimai televiziyalar var». Elşad Quliyev deyir ki, ictimai televiziya konfliktdə olan, barışmaz qüvvələrə yer verməlidir. Ancaq Azərbaycanda belə olmadığından, reallıqlar müxalifəti bu haqda düşünməyə, mümkün olmayana əl atmağa vadar edir.


Amma alternativ televiziya istəyi yalnız siyasi proseslərin təqdimatı ilə bağlı deyil. Mütəxəssislərə görə, bu narazılıq mədəniyyətdən, tarixdən tutmuş sosial problemlərin işıqlandırılmasına kimi bütün sahələrlə bağlıdır. Teletənqidçi Elşad Quliyev deyir ki, verilişlər tamaşaçının tələbatını ödəmir, efiri yalnız şoular, bayağı söhbətlər zəbt edib. Hazırlanan verilişlərsə müasir tələblərdən və peşəkarlıqdan uzaqdır. Elşad Quliyev düşünür ki, yeni kanal yaratmaq istəyi də televiziya məkanındakı bu vəziyyətlə bağlıdır: «Bu gün bütün telekanallarda mədəni hadisələr işıqlandırılsa, əsil sənət nümunələri əvəzinə bəsit verilişlər təqdim olunmasa, yeni telekanala da ehtiyac qalmaz».


Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmov nə parlamentdən, nə müxalifətdən telekanal açmaqla bağlı müraciətlər daxil olmadığını deyir. Onun sözlərinə görə, həmin müraciətlər daxil olandan sonra araşdırıb cavab verə bilərlər: «Bəzi məsələlərə baxılıb qurtarandan sonra yeni televiziyanın açılması məsələsini müzakirə edə biləcəyik. Biz həm də lisenziyanın dəyərinin müəyyənləşdirilməsinə baxacağıq. Biz lisenziyanın dəyərini çox simvolik bir rəqəm – köhnə pulla 550 min manat müəyyənləşdirmişik. Amma yeni kanallar üçün yeni lisenziya dəyəri müəyyənləşdirəcəyik. Bu məsələləri həll edək, sonra baxarıq».


Nuşirəvan Məhərrəmov bunu da əlavə edir ki, televiziyanın yaradılması məqsəd olmamalıdır, harada zərurət varsa orada, xüsusən də regionlarda televiziya açılmalıdır.


Mütəxəssislərə görə isə, televiziya sahəsi iqtidar tərəfindən inhisara götürülüb. Buna görə də iqtidarın icazəsi olmadan çətin ki, kimsə televiziya aça bilsin. Amma Zeynal Məmmədli bunun yalnız hakimiyyətin iradəsindən asılı olmadığını düşünür. O deyir ki, televiziya ilə bağlı səslənən fikirlər sadəcə, ayrı-ayrı təşəbbüslərdir. Parlayır və sönür. Cənab Məmmədli xatırladır ki, seçki öncəsi «Yeni TV» haqda da danışılırdı. Amma məlum olmadı ki, bu televiziya seçki təbliğatının bir hissəsi idi, yoxsa bütünlükdə ardıcıl bir işiydi. Ona görə də ekspertə görə, «Azadlıq» blokunun televiziya yaratmaq istəyi də daha çox siyasi aksiyadır, nəinki ardıcıl, düşünülmüş proses.