Azərbaycan prezidenti «ABŞ hökumətinin siyasi-mənəvi dəstəyi olmasaydı, Bakı-Tbilisi Ceyhan layihəsinin reallaşması çətin olardı» - deyir
«Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi ilə bizim işlərimiz başa çatmadı, əksinə ölkənin neft qaz layihələri ilə bağlı yeni mərhələ başladı».
Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da, Bakıda keçirilən 13-cü «Xəzər neft və qaz 2006» sərgi konfransının açılışında belə deyib. Prezident bildirib ki, «Şahdəniz» yatağı ilə bağlı planlarda dəyişiklik də edilə bilər, çünki dünyada təbii qaza olan tələbat getdikcə artır: «Azərbaycan bu tələbatı ödəməyə hazır olmalıdır. Buna ehtiyac olarsa, Azərbaycan neft-qaz ölkəsi kimi uzun illər ərzində bu bölgədə mühüm rol oynayacaq. Artıq biz bu marağı hiss edirik».
Cənab Əliyev deyib ki, ABŞ hökumətinin siyasi-mənəvi dəstəyi olmasaydı, Bakı-Tbilisi Ceyhan layihəsinin reallaşması çətin olardı.
ABŞ prezidenti Corc Buş da bu sərgiyə təbrik məktubu göndərib. Məktubda deyilir ki, Amerika Qazaxıstanda istehsal olunan neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunması ilə bağlı Azərbaycan və Qazaxıstanın razılığa gələcəyinə ümid edir. Böyük Britaniyanın Baş naziri Toni Bleyer də iştirakçıları təbrik edib.
Sərgidə İsrailin Energetika və İnfrastruktur naziri Benyamin Ben-Eliezer isə deyib ki, onun ölkəsi Xəzər neft və qazının alıcısı ola bilər. Nazir İsrailin enerji təhlükəsizliyinin təminatı sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib: «Gələcəkdə İsrail qazın hesabına enerji tələbatının yarısını təmin etmək niyyətindədir. Bu mənada Xəzər qazı İsrail üçün böyük maraq kəsb edir».
«Xəzər neft və qaz 2006» beynəlxalq sərgi konfransı 13-cü ildir ki, keçirilir. Builki sərgidə 30-dan çox ölkədən 300-dən artıq şirkət iştirak edib.