Beynəlxalq Test Agentliyinin tövsiyələri qəbul sistemində nələri dəyişə bilər?

TQDK sədri Məleykə Abbaszadə və Beynəlxalq Test Agentliyi nümayəndələrinin mətbuat konfransı, Bakı, 14 iyun 2006

Bu tövsiyələrin müqavimətlə qarşılanacağını elə tövsiyə müəllifləri də, Azərbaycan rəsmiləri də bilirlər


Beynəlxalq Test Agentliyi (BTA) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ali məktəblərə qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə tövsiyələrini verib. Tövsiyələrə görə, qəbul imtahanında balların hesablanması qaydalarına dəyişiklik olunmalıdır. Agentliyin fikrincə, ballar məsələn, 525,8 kimi yox, yuvarlaqlaşdırılaraq elə 526 kimi göstərilməlidir. Bundan başqa, abituriyentlərin nəticələri açıqlanarkən məxfilik qorunmalı, onların adları yox, kodları elan edilməlidir. Test suallarının hazırlanması proseduru sənədləşdirilməli, ali məktəblər TQDK ilə işləməli, imtahan zamanı etibarlılıq təmin olunmalıdır.


BTA-nın eksperti Meri Pitanika hesab edir ki, yüksək bal toplamış tələbələrlə bağlı TQDK və universitet araşdırma aparmalıdır: «Təklif edirik ki, universitetə qəbul zamanı bütün maraqlı tərəflər arasında daimi görüşlər keçirilsin. Bunun özü də «Boloniya tələbləri»nə cavab verir». Beynəlxalq ekspertlərə görə, bu dəyişikliklər Azərbaycanın ali təhsil sistemini Qərb standartlarına uyğunlaşdırmağa xidmət edir.


Bu tövsiyələrin müqavimətlə qarşılanacağını elə tövsiyə müəllifləri özləri də, Azərbaycan rəsmiləri də bilirlər. Ona görə də bütün iştirakçı tərəflərin dəstəyinə və anlayışına ümid etdiklərini deyirlər. Yerli ekspertlərsə tövsiyələr yenicə elan olunduğundan şərh verməyə çətinlik çəkirlər.


TQDK-nın sabiq sədri Vurğun Əyyub hesab edir ki, istənilən halda dəyişikliklər zəruridir. Test sistemi getdikcə cilalanmalıdır. Amma proses kor-koranə aparılmamalıdır.


O ki qaldı rəsmilərə, məsələ bundadır ki, BTA-ya test sisteminin təkmilləşdirilməsi məqsədilə elə TQDK özü müraciət edib. Komissiyanın sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu dəyişikliklərə çoxdan hazırdırlar. Sadəcə, onların bəzisini ictimaiyyət birmənalı qarşılamaya bilər. Misal üçün, tövsiyələrdən biri budur ki, abituriyentlərin balları açıqlanarkən adları məxfi saxlansın: «Bu addım ictimaiyyətdən kimlərinsə adlarının gizlədilməsi kimi başa düşüləcək. Amma bu, vaxtın tələbidir».


Həqiqətən də bu tövsiyəni nəinki abituriyentlər, hətta ekspertlər də müxtəlif cür qarşılayırlar. Məsələn, TQDK-nın sabiq sədri Vurğun Əyyub adların məxfi saxlanmasını və yalnız koda uyğun nəticələrin dərcini vacib sayır.


Parlamentin Təhsil Komissiyasının sabiq sədri Şahlar Əsgərov isə məxfiliyin əleyhinədir. Onun qənaətincə, demokratik cəmiyyətin şərti şəffaf olmağı tələb edir: «Mən bunun əleyhinəyəm. Qoy tələbənin adı açıqlansın».


Amma hər iki şəxs 700 bal sisteminin dəyişdirilməsini normal qarşılayır. Hərçənd bunu elə də əhəmiyyətli saymırlar.


TQDK sədri Məleykə Abbaszadəyə görə, tövsiyədə nəzərdə tutulmuş balların yuvarlaqlaşdırılması narazılıqla qarşılana bilər. Çünki belə olan təqdirdə kiminsə balı artacaq, digərininkisə azalacaq. Vurğun Əyyub da düşünür ki, yuvarlaqlaşdırma dolaşıqlıq yarada, şübhələrə yol aça bilər: «Tutaq ki, 10 nəfər 500 bal toplayıb. Onlardan kim seçilməlidir? Ona görə də bal dəqiqliklə hesablanmalıdır ki, seçim asanlaşsın».


Ona görə də TQDK valideynləri və abituriyentləri çaş-baş çalmamaqdan ötrü bu tövsiyələrin bir neçə ilə tətbiq olunacağını bəyan edir. Əvvəlcə tövsiyələr ictimaiyyətin müzakirəsinə veriləcək, normativ aktlarda bəzi dəyişikliklər aparılacaq.


Məleykə Abbaszadə: «Tutalım statistik şkalaya keçmək tövsiyə olunur. Bu zaman imtahan ballarının hesablanması qaydaları tamam dəyişdiriləcək. İndi imtahan balını hamı özü hesablayır. Statistik şkalaya keçəndə abituriyentin balı bütün imtahan iştirakçılarının balları hesablanandan sonra qiymətləndiriləcək. Bunu da hər kəs özü hesablaya bilməyəcək».


Xanım Abbaszadə deyir ki, statistik şkalaya qəfil keçid qəbul imtahanlarına inamı sarsıda bilər. Bu fikrə beynəlxalq ekspertlər də şərik çıxır. Onlardan biri Riçard Holdon: «Sizin bu işdə çətinliklərlə üzləşməniz gözlənir. Bu, mürəkkəb və zəhmət tələb edən işdi. Ola bilsin müxtəlif tərəflərdən müqavimətlə üzləşəsiz. Hökumətdən və universitetdən də ola bilər. Amma bu sizi dayandırmamalıdır. TQDK-ya verilən tövsiyələrin icra edilməsi hər kəsin tam dəstəyi olmadan baş tutmayacaq».


Tövsiyələr iyunun 16-dan TQDK-nın saytında yerləşdiriləcək. Buna görə də əsl müzakirələr də bundan sonra başlanacaq.