«Necə edəsən ki, qoşunların çıxarılması və statusla bağlı səsvermənin vaxtı uzlaşsın?»

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza

ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzanın «Azadlıq» radiosuna yeni müsahibəsi


Azadlıq: Azadlıq radiosuna iyunun 22-də verdiyiniz müsahibənin belə böyük səs-küyə səbəb olması sizi təəccübləndirirmi?


Brayza: Yox. Sözün düzünü deyim, müsahibənin hay-küy yaratmasına təəccüblənmirəm. Həmsədrlər və mənim əvəz elədiyim ABŞ-ın keçmiş həmsədri Stiven Mann mənim müsahibə verdiyim gün artıq bilirdilər ki, onların ATƏT-də (Daimi Şurada) verdikləri bəyanat çox mühümdür. Və bu bəyanat adamları düşünməyə məcbur edəcək və regionda sağlam debata təkan verəcək. Mən həmsədrliyimin birinci saatı müsahibəni verərək başqalarının artıq verdiyi qərarı izah etməli oldum. Mən sağlam debatın başlamasına təəccüblənmirəm. Məni təəccübləndirən adamların ATƏT həmsədrlərinin Vyanada verdiyi bəyanatı oxumadan müsahibəyə belə tez reaksiya vermələridir. Bu bəyanatda hər şey deyilib. Mənim müsahibəm sadəcə bəyanat kiçik bir ümumiləşdirməsi idi.


Azadlıq: Sülh planı barədə məlumat vermənizi müzakirələrə yol açmaq üçün düşünülmüş strategiyanın tərkib hissəsi saymaq olarmı?


Brayza: Hə və yox. Mən sadəcə baş verən hadisə barədə izah vermişəm. ATƏT-in Daimi Şurasına təqdim olunmuş sənəd ictimaiyyət üçün açıq olan sənəddir.


Azadlıq: Sizin müsahibənizə hər iki tərəfin verdiyi reaksiyada qarşılıqlı ittihamlar var. Xüsusən də referendum məsələsi ilə bağlı. Deyilənlərin hansı həqiqətdir?


Brayza: Siz referendumla bağlı razılığın əldə olunmamasını nəzərdə tutursunuz. Mən tərəflərin verdiyi bəyanatları bənd-bənd şərh etmək istəmirəm. Lakin onu deyə bilərəm ki, son iki ildə həmsədrlərin, prezident Koçaryan və prezident Əliyevin, xarici işlər nazirlərinin inkişaf etdirdiyi, ortaya çıxartdığı əsas prinsiplər barədə son nəticədə razılıq əldə olunmadı. Ona görə də, razılaşmanın əldə olunmamasına görə, hər iki prezident məsuliyyət daşıyır. Deyə bilmərəm ki, biri başqasından daha çox məsuliyyət daşıyır. Lakin bu hələ son deyil. Prezidentlər istənilən vaxt deyə bilərlər ki, biz bu əsas prinsiplərə razılıq vermişik və ya onlara dəyişiklik etməklə paketi qəbul edək.


Azadlıq: Son bəyanatında prezident İlham Əliyev beynəlxalq vasitəçilərin cəhdlərini ümidsiz adlandıraraq bildirib ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün bütün vasitələrdən istifadə edə bilər. Bu bəyanata münasibətiniz?


Brayza: Bu cür bəyanatlar lazım olduğundan çox verilir. Mən iyunun 22-də dediklərimi təkrar eləmək istəyirəm. Qarabağın güclə qaytarılması və ya istənilən tərəfin gücdən istifadə etməsi barədə bəyanatlar problemin həllinə kömək etmir. Bu cür çağırışlara ehtiyac yoxdur. Masanın üstündə real saziş var. Və bu sənəd kompromisin əldə olunması üçün hər iki tərəfdən azca siyasi cəsarət tələb eləyir.


Azadlıq: Həmsədrlər bildirirlər ki, şatl diplomatiyasına, danışıqlara fasilə verilir. Yəni tərəflərə düşünmək üçün, siyasi iradə nümayiş etdirmək üçün imkan yaradılır. Bu vasitəçilərin yeni strategiyası kimi başa düşülməlidir, yoxsa həmsədrlər artıq yorulublar və ya beziblər?


Brayza: Bu, bir faktın konstatasiyasıdır. Mənim sələfim Stiven Mann və mənin hazırda birlikdə işlədiyim həmsədrlər bütün bacarıqlarını, enerjilərini sərf edərək əsas prinsipləri əks etdirən çərçivə sənədin ortaya çıxmasına nail olublar. Həmsədrlər hesab edirlər ki, prezidentlərə düşünmək və sazişi qəbul etmək, yaxud ona düzəliş vermək qərarına gəlmək üçün əlavə vaxt lazımdır. Bizim bəyanatda demək istədiyimiz odur ki, artıq, necə deyərlər, metalı parıldatmaq üçün diplomatik yaradıcılığa yer qalmayıb. Və ya sazişdə edilə biləcək qarşılıqlı güzəştlər siyasi cəhətdən o qədər vacibdir ki, bunu yalnız dövlətlərin özləri edə bilərlər. Mən çox enerjili adamam. Bu liderləri də kifayət qədər yaxşı tanıyıram. Biz onlarla işimizi davam etdirəcəyik. Biz demirik ki, danışıqlar prosesi həmişəlik ölüb. Deyirik ki, biz prosesi bura qədər gətirib çıxarmışıq və artıq qərarları dövlət başçıları verməlidirlər.


Azadlıq: Bəzi ekspertlər hesab edirlər ki, bu dondurulmuş münaqişəni həll etməyə mane olan bir çox güclü emosiyalar var. Təkliflərdən biri odur ki. Dağlıq Qarabağın ətrafındakı rayonlardan erməni qoşunlarının çıxarılması tərəflər arasında gərginliyin azalmasına xidmət edərdi. Siz buna çağırardınızmı?


Brayza: Hamı razılaşır ki, gərginliyi azaltmaq lazımdır. Erməni qoşunlarının çıxarılması gərginliyi azaldarmı? Əlbəttə ki, azaldar. Ona görə, də bu məsələ əsas prinsiplərimizin mühüm elementlərindən biridir. Lakin biz ermənilər “qoşunları çıxarın, çünki bunu etsəniz gərginlik azala bilər” deməklə, onlar bunu etməyəcəklər. Onlar bilsələr ki, əvəzində nəsə alırlar, onda bunu edəcəklər. Əsas prinsiplər də elə bunlardır. Ekspertlər haqlıdırlar, ermənilər qoşunları çıxarsalar gərginlik azalar. Lakin ermənilər bunun əvəzində nəsə almalıdırlar. Ona görə də, dövlət başçılarının çətin qərarlar verməsinə ehtiyac var.


Azadlıq: Məsələn, erməni qoşunlarının çıxarılmasının qarşılığında atılmalı olan addımları sadalaya bilərsinizmi?


Brayza: Mən sizi bizim bəyanata baxmağa çağırıram. Həmin bəyanatın hazırlanmasında iştirak etməsəm də, düşünürəm ki, bu çox əla bəyanatdır. Bu sənəddə bir çox detallar, tələb olunan kompromislər barədə detallı məlumat verilir. Demilitarizasiya qoşunların çıxarılması üçün istifadə olunan ifadədir. Sazişə qeyd olunduğu kimi, bu addım Dağlıq Qarabağın gələcək statusu ilə bağlı hansısa xalq səsverməsi və ya referendum səsverməsi prosesi ilə müşayiət olunmalıdır və ya olunacaq. Məncə, erməni tərəfinin düşüncə tərzində bu çox vacib məsələdir ki, Azərbaycan tərəfi bəyanatda qeyd olunan başqa şeylərlə yanaşı, bunu ermənilərə təklif etməlidir. Azərbaycan tərəfinə gəldikdə isə, mənə elə gəlir ki, onlar Qarabağın statusu ilə bağlı hansısa formada səsvermənin mümkünlüyünü nəzərdən keçirməyə hazırdırlar. O şərtlə ki, paket razılaşmanın digər elementləri mövcud olsun. Amma necə edəsən ki, erməni qoşunlarının çıxarılması və ya redislokasiyası Qarabağın statusu ilə bağlı səsvermənin vaxtıyla ilə uzlaşsın. Məsələni çətinləşdirən də budur.


Azadlıq: Dağlıq Qarabağ məsələsi Səkkizlərin Sankt-Peterburqdakı zirvə toplantısının gündəliyində olacaqmı?


Brayza: Mən buna çox ümid edirəm. Rusiyanın xarici işlər naziri məsələnin gündəlikdə olacağını elan edib. O deyib ki, Səkkizlərin bəzi xarici işlər nazirlər Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanın gündəlikdə olması istəyiblər. Ona görə də, Lavrov deyib ki, məsələ gündəlikdə olacaq. Mənə də elə gəlir ki, gündəlikdə bu məslə olacaq. Çox istərdik ki, bütün münaqişələr gündəliyə daxil edilsin.