Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:33

«Həmsədrlər sülh planını açıqlamaqla geniş diskussiya yaratmaq istəyirlər»


Tomas de Vaal
Tomas de Vaal
«Black Garden» («Qara Bağ») kitabının müəllifi, Londondakı Sülh və Müharibə Xəbərləri İnstitutunun əməkdaşı Tomas de Vaal ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupu həmsədrlərinin sülh planının bəzi məqamlarını indi açıqlamasını onların bezməsi ilə əlaqələndirir. Həmsədrlər 2006-cı ili Qarabağ sülh prosesində «sıçrayış ili» kimi müəyyən etmişdilər. Hələlik isə, irəliləyiş yoxdur. Problemin 2006-cı ildə həllini isə, artıq heç kəs gözləmir. Ekspertin digər ehtimalına görə, vasitəçilər sülh planını açıqlamaqla hər iki ölkədə geniş diskussiyaya yol açmaq istəyirlər.

Tomas de Vaal beş il əvvəl Ki Uest danışıqları ərəfəsindəki hadisələri xatırladaraq deyir ki, o vaxt da vasitəçilər hər iki ölkədə diskussiya yaratmaq üçün keçmiş sülh planının bəzi elementlərini mətbuata sızdırmışdılar.


Lakin müzakirələr hələ başlamamış artıq tərəflər mətbuatla manipulyasiyaya girişiblər. Məsələn, erməni tərəfi yaydığı bəyanatda Ermənistanı güzəştə getməyə daha çox hazır olan tərəf kimi göstərməyə çalışır. Azərbaycan isə, daha mühafizəkar, çevik olmayan, güzəştsiz tərəf kimi qələmə verilir. Yəni, Yerevan problemin başqa tərəfdə olduğunu bildirmək üçün fürsətdən istifadə etməyə çalışır. Ekspertin sözlərinə görə, Ermənistanın iddiasının həqiqət olub-olmadığını söyləmək çətindir. Lakin bir şey aydındır ki, bu cür bəyanat sülh prosesinə konstruktiv töhfə sayıla bilməz. Çünki danışıqlarda bir yox, iki tərəf iştirak edir.


Azərbaycan prezidentinin guya ki, referendum konsepsiyasına razılıq verməsinə dair Ermənistanın iddiasına gəldikdə isə, cənab Vaal bildirir ki, referendum çox qeyri-müəyyən, dumanlı bir ideyadır. Çünki hələlik bilinmir ki, söhbət referendumun hansı variantından gedir: «Söhbət Qarabağın hazırkı əhalisinin iştirak edəcəyi referendumdan gedirsə, onda nəzərə almalıyıq ki, Qarabağın hazırkı əhalisinin 99 faizi ermənilərdir. Əgər söhbət Qarabağın müharibədən qabaqkı əhalisinin iştirak edəcəyi referendumdan gedirsə, o zaman əhalinin 25 faizini azərbaycanlılar təşkil edib. Bəlkə, söhbət Azərbaycan üzrə keçiriləcək referendumdan gedir. Bunlar üç fərqli referendumlardır. Və onların iki fərqli nəticəsi ola bilər».


Ekspertin sözlərinə görə, danışıqlarda iki əsas problem hələ də həll olunmamış qalır. Bunlardan biri Dağlıq Qarabağın gələcək statusu ilə bağlıdır. Hər iki tərəfin status məsələsində güzəştsiz mövqeyi var: «Bakı Qarabağın Azərbaycanın tərkib hissəsi olmasından az bir nəticəyə razı deyil. Erməni tərəfi isə, Dağlıq Qarabağın Azərbaycandan de-fakto ayrılmasından başqa, heç nəyi qəbul etmir. Və bu iki mövqeyi bir araya gətirmək çox-çox çətin olacaq».


İkinci problem isə, odur ki, hər iki tərəf hələ də, öz ölkələri daxilindəki mövqelərinə boylanırlar. Məsələn, ekspert bildirir ki, Robert Koçaryan prezident ola-ola Kəlbəcər və Laçından çıxmağa razılıq verməyə ciddi tərəddüd edir: «Hər iki prezident Dağlıq Qarabağda sülhə baxmazdan qabaq, daxildə öz mövqelərinə boylanırlar. Tərəflər «biz sülh razılaşmasını istəyirik» deyəndə, əslində, «biz qələbə istəyirik» deyirlər. Sülh prosesində isə, tam qələbəni əldə etmək mümkün deyil. Bu prosesdə yalnız qələbənin yarısını və kompromis əldə edə bilərsən».


Britaniyalı ekspert yaxın 5-10 ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına inanmır. O, deyir ki, tərəfləri qarşıda uzun bir proses gözləyir və problemin həlli istər Azərbaycanda, istərsə də Ermənistanda münaqişəyə baxışda fundamental dəyişiklik tələb edir.


XS
SM
MD
LG