ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza iyunun 22-də Vyanada həmsədrlərin görüşündən sonra Bakıya gələcək.
Xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə bildirdiyinə görə, bu səfərdə məqsəd həmsədrin özünü təqdim etməsidir. Metyu Brayzanın həmsədr təyin olunmasını müsbət qiymətləndirən nazir deyir ki, o, regionla yaxşı tanış olduğundan, tanışlığa ayrıca vaxt sərf etməyəcək.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü isə çətin keçib, tərəflər öz mövqelərini təkrarlayıblar.
Nazir bir müddət əvvəl Triest modelinin Dağlıq Qarabağ münaqişəsinin həllinə tətbiqinin mümkünlüyü barədə dediklərinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, söhbət yüksək səviyyəli muxtariyyətdən gedir:
«Məsələn, mən Vaşinqtonda işləyəndə, orada Tatarıstanın ayrıca nümayəndəsi vardı, onun öz ofisi, büdcəsi vardı, ancaq Tatarıstan Rusiya Federasiyasının tərkibindədir».
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllində Triest modelindən istifadəni istisna etmir, ancaq bunun üçün Qarabağın azərbaycanlı icmasının da fikrini öyrənməyin lazım olduğunu deyir.
Elmar Məmmədyarovun sözlərinə görə, İslam Konfransı Təşkilatının [İKT] Xarici İşlər Nazirləri Şurasının Bakıdakı 33-cü sessiyasında müsəlman ölkələrinə belə bir çağırış olacaq ki, Ermənistanla siyasi və iqtisadi əməkdaşlığı dayandırsınlar.
İKT-nin baş katibi Ekmeleddin İhsanoğlu isə «Azadlıq» radiosuna müsahibəsində bildirdi ki, qurum üzvlərinin Ermənistana təzyiq vasitəsindən, iqtisadi təzyiqdən istifadə etməsi üçün bütün üzv ölkələrin mövqeyi bir olmalıdır:
«Münaqişənin həlli üçün beynəlxalq konsensus və beynəlxalq hüquq normalarına riayət lazımdır. Bu işə bir gündə nail olmaq mümkün deyil»
İKT Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olmasına dair bir neçə dəfə qətnamə qəbul edib.