Gənclərdən bələdiyyələrə axın

Yeni Azərbaycan Partiyası da gənc üzvlərinin bələdiyyə seçkisində iştirakında maraqlıdır

Azərbaycan Gənclər Platforması bələdiyyə seçkilərində iştirak etmək istəyən gəncləri Türkiyəyə təcrübə keçməyə göndərir. Gənclər iki həftə Bursa Böyük Şəhər Bələdiyyəsində bələdiyyə işçilərilə bərabər işləyirlər. Platformanın nümayəndəsi Nurəddin Babayev deyir ki, bu layihə bələdiyyə seçkilərində namizəd kimi iştirak edən gənclər üçündür:

TÜRKİYƏ TƏCRÜBƏSİ AZƏRBAYCANDA NECƏ TƏTBİQ OLUNACAQ?

«Hazırda 5 nəfər artıq gedib. Onlar iki həftə ərzində bələdiyyələrin işilə tanış olurlar. Yəni bələdiyyədə işləyənlərlə bərabər səhər işə çıxırlar, gün ərzində bələdiyyə hansı şikayətlərə baxır, maliyyəni hara ayırırlar və s. Bu kimi işlərlə tanış olurlar ki, təcrübələrini burda tətbiq edə bilsinlər».

Nurəddin Babayev deyir ki, Azərbaycanda bələdiyyələrlə icra hakimiyyətləri arasındakı xətt müəyyən olunmayıb:

«Vətəndaş hər hansı problemlə bağlı bələdiyyə və ya icra hakimiyyətinə müraciət edəndə onlar da bunu bəhanə edirlər ki, “bu, bizim səlahiyyətimizdə deyil”. Arada əziyyət çəkən isə vətəndaş olur. Bələdiyyələrin bugünkü işi maklerlikdir, torpaq alveridir. Bu problemlərdən çıxış yolu kimi yeni təfəkkürün, yeni düşüncə tərzinin bu sahəyə gəlməsini görürük».

MÜXALİFƏT ARTIQ RAZILIĞA GƏLİB

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı deyir ki, bu ilki seçkilərdə onların namizədlərinin 10-15%-i gənclərdən ibarət olacaq:

«Çalışacağıq ki, maksimum aktiv iştirak edək. İstər keçsin, istər keçməsin, fərqi yoxdur. Artıq partiyada da bəlli bir qeyri-rəsmi razılıq var ki, gənclərə hardasa 10-15 faiz kvota verilsin. Hələ ki, Azərbaycan reallığı belədir ki, gənclərin böyük heyətlə iştirak edəcəyi və uğur əldə edə biləcəyi yeganə seçkilər bələdiyyə seçkiləridir».

Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı da bələdiyyələrdə iştirakları ilə bağlı konkret qərarlar verdiklərini deyir:

«Partiya özü komitəyə təklif edib ki, müxtəlif bölgələrdən namizədliyimizi irəli sürək. Məsələn, mən Sumqayıt bələdiyyəsinə namizədliyimi vermək fikrindəyəm. Biz həm namizəd, həm də müşahidəçi kimi qatılacağıq seçkiyə».

Azərbaycan Demokratik Partiyasının Gənclər Təşkilatı sədri Cəmil Ərdəbilli partiyadaşlarından seçkiyə qatılanların 50%-nin gənclər olacağını bildirir:

«Hazırda şimal rayonlarında səfərdəyəm, burda müəyyən təşkilatlarla görüşlər keçiririk bələdiyyələrdə iştirakla bağlı. Bu il bizim nümayəndələrimizin çoxu gənclərdən ibarət olacaq. Çalışacağıq ki, 50%-dən çoxu gənclər olsun. Gənclərin bələdiyyədə iştirakı vacibdir, onlar problemləri yeni üsullarla həll etmək qabiliyyətinə malikdirlər. Çünki indi bələdiyyələrdə təmsil olunanlar keçmişdə kənd sovetinin rəhbəri olub və s. Burda heç bir yenilik yoxdur. Ona görə də gənclər gəlməlidirlər, onlar öz təhsillərini ortaya qoymalıdırlar».

YAP DA GƏNCLƏRDƏN İSTİFADƏ EDƏCƏK

Hakim Yeni Azərbaycan Partiyası da gənc üzvlərinin bələdiyyə seçkisində iştirakında maraqlıdır. Bu haqda Partiyanın Gənclər Təşkilatının sədri Ramin Həsənov bir müddət əvvəl «Olaylar» qəzetinə müsahibəsində deyib:

«Partiyanın İdarə Heyətinin iclasında bildirilib ki, aktiv gənclərdən bələdiyyə seçkilərində istifadə edək. Artıq YAP Gənclər Birliyinin bütün respublika təşkilatlarından prezident seçkiləri, referendum və digər bu kimi işlərdə aktiv iştirak etmiş gənclərin məlumatlarını götürmüşük və müəyyən məsləhətləşmələrdən sonra həmin məlumatlar partiya rəhbərliyinə təqdim ediləcək. Hər bir rayon təşkilatından 1 və ya 2 gəncin bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak etməsini arzulayardıq».