Dini tənqid eləmək olarmı?

«Dini təndiq etmək haqqını insanların əlindən almaq» onların fikir və ifadə azadlığının pozulması olmayacaqmı?

Bu sual boş yerə yaranmayıb. BMT Baş Assambleyası dini tənqid etməyə bütün dünyada qadağa qoyulması ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

İSLAM KONFRANSI TƏŞKİLATININ TƏKLİFİ

Əsasən İslam Konfransı Təşkilatı ölkələrinin təklif etdəyi və dəstəklədiyi bu qətnaməyə görə, bütün dünyada istənilən dini tənqid etməyin, böhtan atmağın qanunla qadağan edilməsi nəzərdə tutulur. 56 dövlətin adından bu təkliflə çıxış edən İslam Konrfransı Təşkilatı bununla dünyadakı dinlərarası, dini zəmində ədavətə son qoyulacağını iddia edir.

Qətnamə 2009-cu ilin mart ayında BMT İnsan Haqları Şurasından keçib və bu ilin sonuna qədər Baş Assambleyada müzakirəyə çıxarılacaq.

Amma, «dini təndiq etmək haqqını insanların əlindən almaq» onların fikir və ifadə azadlığının pozulması olmayacaqmı?

HƏR 10 ADAMDAN 6-I…

WorldPublicOpinion.org - dünya ictimai rəyi təşkilatı dünyanın 20 ölkəsində məhz bu suala cavab axtarıb.

Sorğular həm müsəlman, həm xristian, həm də başqa dinlərin daşıyıcılarının çox olduğu ölkələrdə aparılıb. Bu ölkələrin arasında Azərbaycan da var.

Bəri başdan deyək ki, dünyanın sorğuda iştirak edən 20 ölkəsindən 13-nün sakinlərinin əksəriyyəti dini tənqid eləməyə normal yanaşır. Ümumilikdə götürəndə rəyi soruşulan hər 10 adamdan 6-ı belə fikirləşir ki, insanlara dini tənqid etmək imkanı verilməlidir. Hər 10 adamdan 3-ü isə deyir ki, gərək hökumətlər dini tənqid edən şəxsləri cəzalandırsınlar. Yəni, dini tənqid etməyə qadağa qoymaq lazımdır.

Maraqlısı odur ki, dini tənqid etməyin tərəfdarı olan 7 dövlətin 5-i elə müsəlman ölkələridir. Misirdə 71, Pakistanda 62, İraqda 57, İndoneziyada 49 və Fələstində 51 faiz əhali dini tənqid etmək hüququnun qadağan edilməsini istəyir.

Digər iki dövlətsə, uzunmüddət dinlərarası zorakılıqdan əziyyət çəkən Hindistan və Nigeriyadır. Hindistanda rəyi soruşulanların 59, Nigeriyada isə 54 faizi, dini tənqid etməyin qadağasına tərəfdardır. Həm də qadağanı dəstəkləyənlər hər iki ölkədə fərqli dinlərin təmsilçiləridir.

AZƏRBAYCANDA 67 FAİZ «DİNİN TƏNQİD OLUNMASINA» NORMAL BAXIR

Amma bu sorğuya əsasən dünyanın 20 ölkəsindən 13-nün sakinləri dini tənqid haqqının qadağasına qarşıdır. Özü də, bu ölkələrin arasında müsəlman dövlətləri də var. Məsələn, sorğudan məlum olub ki, dünyada «dini tənqid eləmək haqqı olmalıdır» deyənlərin sırasında Türkiyə və Azərbaycan da var. Türkiyədə əhalinin 54, Azərbaycanda isə 67 faizi «dinin tənqid olunmasına» normal baxır.

Dinin tənqid edilməsinin qadağan olunmasına ən çox qarşı çıxanlar isə ABŞ vətəndaşlarıdır. Hər 10 amerikalıdan 9-u (89 faizdən çoxu) dini tənqid etməyin fikir və ifadə azadlığının tərkib hissəsi olduğunu düşünür.

Çilidə əhalinin 82, Meksika, Hon Konq və Britaniyada 81, Almaniyada 76, Polşa və Tayvanda 68, Fransada 66, Rusiyada 61, Cənubi Koreyada 59, Kenyada 53, Ukraynada 53 faizi dini tənqid etməyin qadağan olunmasına qarşıdır.

WorldPublicOpinion.org-un bu sorğusuna 20 ölkədə 20 minə yaxın respondent qatılıb. İndi BMT Baş Assambleyası bu sorğudan sonra dini tənqidi qadağan eləmək təklifini müdafiə edəcək ya yox, bu, ilin sonunda bilinəcək.